“Əvvəlki evimiz yaxşı idi... çünki orada atam-anam varıydı”

MÜSAHİBƏ
9 Oktyabr
02:46

Nilay ona gətirdiyim “ayı balası”nı sinəsinə möhkəm-möhkəm sıxaraq ağıl­lı gözlərini bir nöqtəyə zilləyib susur. Çalışıram olub-keçənləri yada salmayım, heç nə soruşma­yım. Çünki babası da, nənəsi də deyir ki, uşaq ağır stress keçirib. İlk vaxtlar gecələr yuxudan ayılıb qışqırırmış, ağlayırmış, “evimizi istəyirəm” deyirmiş...

– Nilay, sizə gələndə baxdım, nə gözəl həyətiniz var, mən də öz nəvələrimi gətirəcəyəm burada oynasınlar...

Dillənmədi və yenə nəzərləri mənə yox, başqa səmtə yönəldi.

– Bu təzə mənziliniz, deyəsən, çox xoşuna gəlir, elə deyilmi?

Nilay baxışlarının yerini dəyişməsə də sifəti bir anda dəyişdi, bir qədər sərt şəkildə “Yox, əvvəlki evimiz yaxşı idi” dedi. Səbəbini soruşanda astadan, san­ki pıçıltı ilə, öz-özünə danışırmış kimi, “çünki orada atam, anam var idi...” de­yib, bu dəfə düz gözlərimin içinə baxdı.

Üzümü yana çevirdim. Bayaqdan nəvəsi ilə dialoqumuzu kənardan sakitcə dinləyən nənəsi də əlləri ilə üzünü qa­payıb o biri otağa keçdi. Babası stolun üstündəki siqaret qutusunu götürüb ey­vana çıxdı.

Otaqda ikimiz qalmışdıq. Amma nə o, nə də mən danışa bilirdik. Çünki deməyə söz qalmamışdı...

O dəhşətli gecə bir kino lenti kimi yenidən gəlib gözlərim önündən keçdi. Elə bil, dünən olmuşdu, üstündən heç iki il keçməmişdi.

...Atası Adilin ilk yadına düşən Ni­lay oldu. Qaranlıqda, tozun-torpağın içərisində əllərini uçmuş divarlara toxun­dura-toxundura Nilayı tapdı. Huşu hələ özündə idi. Onu qucağına alıb dağıntı­ların üstündən bir təhər adlaya-adlaya həyətə düşdü. Heç tanımadığı adamla­rın yanına qoyub yenidən yuxarı qalxdı, bu dəfə anasını, ömür-gün yoldaşını xi­las etməyə tələsdi. Amma artıq gec idi...Onlar gözlərini əbədi yummuşdular. Bu səhnəyə dözə bilməyən Adil hər ikisi­ni qucaqlayıb hönkür-hönkür ağladı və həmin an elə oradaca özü də dünyasını dəyişdi.

Nilayı ilk dəfə orda görmüşdüm.Hamı başına yığışmışdı. Bimirdilər necə ovundursunlar. Hələ iki yaşı tamam ol­mayan Nilay ağlayırdı...

“Nilay bilmirdi ki, onun atasını da, anasını da, nənəsini də ermənilər öldü­rüb, rahat, isti yuvalarını dağıdıblar. Ni­lay hələ başa düşmürdü ki, həmin gecə gördüyü “dəhşətli yuxu”nu təşkil edənlər buradan çox uzaqlardadır və dünya­nın ən qorxaq, aciz, bədbəxt adamla­rıdır. Çünki yuxuda olan günahsız dinc sakinləri – uşaqları, qadınları, qocaları uzaq məsafədən, cəbhə bölgəsindən on kilometrlərlə aralıda yerləşən bir şəhəri atəşə tutmaq, dağıntılar törətmək nə insanlığa, nə də beynəlxalq hüquq nor­malarına sığışan bir hərəkətdir. Bunun yalnız bir adı var: vəhşilik! Bu, terror idi! Xocalıda, azərbaycanlıların yaşadığı Ermənistan ərazilərində, yüzlərlə insa­nın həlak olduğu avtobuslarda, metroda, digər yerlərdə törətdikləri terror! Növbəti hədəf Gəncəni seçdilər. O Gəncə ki, vaxtilə onun suyunu içmişdilər, çörəyini yemişdilər, ən yaxşı yerlərində yaşamış­dılar.

Nilay ağlayır... Adi bir səsdən də diksinir, səksəkə ilə ətrafa boylanır, qollarını nənəsinin boynuna bərk-bərk dolayır. Yanına gələnlər, könlünü al­maq istəyənlər, nəvaziş göstərənlər çoxdur, lap çox. Hətta, Gəncədən deyil, digər şəhər və rayonlardan, Bakıdan da gələnlər var. İndidən hiss olunur ki, düşmən tərəfindən gecə yarısı atılan ra­ket zərbəsi balaca Nilayın xatirəsindən heç zaman silinməyəcək”.

Bilmirəm, diqqət yetirdinizsə, sonun­cu cümlələri dırnaqda vermişik. Keçən ilin oktyabrında elə həmin müdhiş gecədən təsirlənib yazdığım yazıdandır. Təkrar olsa da, biz bunları milyon dəfə desək də, azdır. Çünki onların sinəmizə çəkdiklərin dağın izlərini biz və gələcək nəsillər heç vaxt silə bilməyəcək.

… Ayrılarkən dövlətimizin Nilay və Nilay kimi atasız-anasız qalan uşaqlara, şəhid ailələrinə, qazilərə verdiyi bu evin pilləkənləri ilə sanki ağır bir yük düşü­rürdüm. Halbuki Babası Zahid kişi məni yola salırdı, balaca Nilay nənəsi Sevil xanımla eyvana çıxıb mənə əl eləyirdi.

Hamlet QASIMOV,

“Xalq qəzeti”nin bölgə müxbiri

MÜSAHİBƏ bölməsi