“YAŞAT Fondu ən böyük həmrəylik platformalarından biridir”

Ürəyi Azərbaycanla döyünən hər bir vətənpərvər insan Vətənin ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlar nəticəsində şəhid olmuş hərbçilərimizin ailələrinə və yaralılara kömək etmək imkanı axtarır. Bu məqsədlə 2020-ci ilin sonunda YAŞAT Fondu yaradılıb. Ötən müddət ərzində qurumun fəaliyyəti, cari layihələri və gələcək planları barədə məlumat almaq üçün YAŞAT Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynovla görüşdük.
– YAŞAT Fondunun iki yaşının tamam olmasına az qalır. Ötən müddət ərzində fondun keçdiyi yola qısa nəzər yetirmək oxucularımız üçün maraqlı olardı.
– YAŞAT Fondu Azərbaycan Prezidenti cənab İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli fərmanı əsasında yaradılıb. Bundan sonra dərhal qurumun strukturu formalaşdırıldı və 69 qrup təsis edildi. Qruplardan biri təcili müraciətlərin olduğu yerə yönləndirildi, 68-i isə regionlarda fəaliyyət göstərir. Fondun fəaliyyəti, əsasən, dörd istiqaməti əhatə edir. Bunlar məişət şəraitinin yaxşılaşdırılmasına, istehlak kreditlərinin ödənilməsinə, təhsil və tibb məsələlərinə aid istiqamətlərdir. Şəhid ailə üzvlərinin və müharibə əlillərinin sadaladığım istiqamətlər üzrə fonddan dəstək almaq hüquqları var.
– Fondun büdcəsi ianələrdən formalaşır. Ötən müddət ərzində digər mənbələrin formalaşdırılması istiqamətində hansı addımlar atılıb?
– YAŞAT Fondu haqqında fərmanda da göstərilib ki, qurumun büdcəsi könüllü ianələrdən formalaşır. Fiziki və hüquqi şəxslər tərəfindən fonda ianələr daxil olur. İanələri müxtəlif üsullarla (SMS, onlayn, bank vasitəsilə və s.) həyata keçirmək mümkündür. Fondun bir neçə xarici valyutada bank hesabı var və dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar rahat şəkildə ianə əldə edə bilirlər. Ona görə də biz həmişə deyirik ki, YAŞAT ən böyük həmrəylik platformalarından biridir.
Yazıçılar, müğənnilər, rəssamlar fəaliyyətlərindən əldə etdikləri gəlirdən fonda ianələr ediblər. Bilirsiniz ki, regionlarda fəaliyyət göstərən ASAN xidmətlər, əsasən, tələbələrdən ibarət könüllüləri cəlb edirlər. Bu yaxınlarda həmin könüllülər tullantılardan sənət əsərləri hazırladılar və onların regionlarda satışını təşkil etdilər. Bu satışdan əldə olunan gəlir YAŞAT Fonduna ianə olunmuşdu. Vətənpərvər gənclərimiz ilk dəfə qazandıqları gəliri könüllü şəkildə ianə etmişdilər.
– Fonda edilən ianələrin coğrafiyasını açıqlaya bilərsinizmi?
– 2021-ci ildə marafon təşkil etmişdik. 29 aprel tarixindən start verilən marafon Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və YAŞAT Fondunun təşəbbüsü, Azərbaycan Diasporuna Dəstək Fondunun təşkilatçılığı ilə reallaşdırılmışdı. “Qələbəni bizə yaşadanları birlikdə yaşadaq” şüarı altında keçirilən marafonun məqsədi yaralananlara və şəhidlərimizin ailələrinə dəstək üçün dünya azərbaycanlılarını dəmir yumruq ətrafında birləşdirmək olmuşdur. Xaricdən, diaspor nümayəndələrimiz sırasından ən çox ianə edən ölkələrin ilk beşliyində müvafiq olaraq Türkiyə, Ukrayna, Rusiya, Böyük Britaniya, İsrail yer almışdır. Azərbaycan diasporu tarixində ilk dəfə keçirilən marafonda 63 ölkədən soydaşlarımız, Azərbaycana dost insanlar, eləcə də ölkəmizdəki yerli icmaların üzvləri iştirak etmişlər.
– Sirr deyilsə, ən böyük ianəçilər hansılardır?
– Əlbəttə, şəffaflığın təmin edilməsi məqsədilə rəsmi portalımız fəaliyyət göstərir (yashat.gov.az) və bu saytdakı məlumatlar hər gün yenilənir. Bugünədək fonda ən böyük ianəni edən şirkət ”GESCO” ASC-dir. Böyük məbləğdə ianə etmiş şirkətlər arasında “Faktor Qrup” QSC-ni də göstərmək olar. Fonda ianə etmiş fiziki və hüquqi şəxslərin adları portalda yerləşdirilib və maraqlananlar həmin məlumatlarla tanış ola bilərlər.
– İndiyədək fond nə qədər şəxsi himayə edib?
– Bu günə qədər YAŞAT Fondu 13 827 şəxsin 31400-dən çox müraciətini öhdəsinə götürüb. Yəni, burada bir şəxsin iki-üç müraciətindən söhbət gedə bilər. Buraya həm şəhid ailəsinin üzvləri və həm də müharibə əlilləri daxildir. Qeyd edim ki, müraciətlərin hamısı həll edilir. Müraciətlər hər gün daxil olur, rəqəmlər günün sonunda yenilənir və rəsmi saytda öz əksini tapır.
– Fondun köməyi ilə xaricdə müalicə olunmağa göndərilən qazilər də az deyil...
– YAŞAT dövlətin sosial sahədə həyata keçirdiyi tədbirlərə əlavə dəstək vermək üçün yaradılıb. Bu nə anlama gəlir? Azərbaycanın hər bir vətəndaşı icbari tibbi sığortalı hesab edilir. İcbari tibbi sığortanın Xidmətlər zərfinə daxil olan xidmətlərin sayı 2550-dir. Xidmətlər zərfində olmayan müalicələri YAŞAT Fondu ölkə daxilində edə bilir. Bununla yanaşı, ölkə daxilində müalicəsi mümkün olmayan xəstələrlə bağlı müvafiq səhiyyə təşkilatının rəyinə uyğun addımlar atılır. Yəni, səhiyyə qurumu rəsmi rəy versə ki, konkret xəstəliyin müalicəsi ölkə daxilində mümkün deyil, o zaman YAŞAT müalicənin xarici ölkədə aparılmasını həyata keçirir. Bu günə qədər 183 şəxs müalicə üçün xarici ölkəyə göndərilib, onlardan 176 nəfəri bizim yaralılarımız, qazilərimiz, 7 nəfər isə şəhid ailəsinin üzvləridir. Hazırda 25 nəfərin müalicəsi Türkiyədə davam etdirilir, onlardan 23 nəfəri qazi, 2 nəfəri isə şəhid ailəsinin üzvüdür.
– Sentyabrın 12-dən 13-nə geçən gecə Ermənistan silahlı qüvvələrinin növbəti təxribatı nəticəsində şəhid verdik, yaralananlarımız oldu. Fond şəhid ailələrinə və yaralanmış hərbçilərimizə kömək etmək üçün hansı addımları atıb?
– Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə də tezliklə sağlamlıqlarına qovuşmalarını arzulayırıq. Yaralı hərbçilərimizlə görüş keçirdik, YAŞAT Fondunun subyekti hesab edilən müraciətlər qeydə alındı. Eyni zamanda, şəhid olmuş hərbçilərimizin ailələri ziyarət edildi və onların müraciətləri götürüldü. Hazırda 14 şəhid ailə üzvünün müraciəti qeydə alınıb, ödənişlər həyata keçirilib. Digər müraciətlər də təhlil olunur.
İki il ərzində fondumuz sanballı layihələr həyata keçirib. Müharibədən sonra 102 şəhid övladımız dünyaya gəldi, onların ilkin xərclərini ödədik. Analarının adlarına açılmış bank hesablarına 1000 manat, övladlarının hesablarına 5000 manatlıq depozit yerləşdirdik. Bu vəsait artan faizlə bank hesabına qoyulub və həmin körpələr müstəqil həyata qədəm qoyanda istifadə edə biləcəklər. Layihələr çoxdur, ancaq bu layihələri həyata keçməsi üçün davamlı ianələr olmalıdır. Son iki ildə keçirilən layihələri qarşıdakı illərdə də reallaşdırmağı düşünürük. Həmin layihələrin ənənə halını almasını istəyirik.
Müsahibəni apardı:Səbuhi MƏMMƏDOV,
Elşən AĞALAR (foto)
“Xalq qəzeti”