Türk dünyasının ağsaqqaları, alim və ziyalıları Türkiyədə - Ərzincanda toplanır

MÜSAHİBƏ
4 Oktyabr
17:00

Dünyanın qlobal problemlərinin həllinə töhfə vermək niyyətində olan Türk Dünyasının dörd bir yanından  gələn ağsaqqallar, akademiklər, türkoloqlar və ziyalılar 9-12 oktyabr 2022-ci il tarixlərində Türkiyənin Ərzincan Binəli Yıldırım Universitetində bir araya gələcək. Bu barədə Beynəlxalq Türk Dünyası Simpoziumu İdarə Heyətinin üzvü professor Əli Kafkasiyalının redaksiyamıza göndərdiyi məktubda məlumat vermişdir. Beynəlxalq Türk Dünyası simpoziumunun təşkilat komitəsi adından ünvanlanan məktubda bildirilir:

- Qarabağ zəfəri ilə canlanan Türk dünyası indi tarixin önəmli bir dövrünü yaşamaqdadır. Dünyanın qədim və böyük xalqlarından olan türk milləti  birliyə nail olarsa, qlobal problemlərin həllinə təsiri və töhfəsi daha çox olar. Fikir birliyinə gələn böyük Türk Dünyası, həm özünün, həm də dünyanın problemlərinin həlli yollarını tapmaq üçün özündə daha böyük güc tapa bilər. Bu kontekstdə türk xalqları qarşılarındakı maneləri aşaraq ortaq fikrə gəlməlidirlər. “Ortaq Ünsiyyət Dili” Türk Dünyasının güclərini birləşdirməsi üçün prioritet məsələlər arasında ilk sırada gəlir. Bu səbəbdən ortaq əlifba, ortaq ədəbiyyat, ortaq tarix məsələləri tez bir zamanda həll olunmalıdır.

Keçmişdə olduğu kimi bu gün də Türk dövlətləri birliyinin mədəni əməkdaşlıq cəhdinin qarşısını almaq istəyənlər olacaq. Bu əməkdaşlığın qarşısının alınmasının səbəblərinin yaxından və uzaqdan gələn bütün xalqlara, eləcə də Türk Dünyasına zərər verəcəyini açıq şəkildə izah etmək və müdafiə etmək lazımdır. 1926-cı ildə Bakı Türkoloji Qrultayında irəli sürülən layihələr  böyük güclər və məsələnin mahiyyətini düzgün dəyərləndirmək istəməyən qüvvələr tərəfindən əngəlləndi, türk dünyası nəinki parçalandı, bir əsr ərzində özünə gələ bilmədi.

 Bu gün ağır günlər yaşayan bəşəriyyət bir təlaş içindədir. İnsanlar ziyalılardan, alimlərdən bu qorxunun qarşısının alınmasını ümidlə gözləyirlər. Belə bir durumda  Türkiyə həm strateji və sabit, həm də prinsipial və etibarlı mövqeyi ilə bəşəriyyətin ümid qapısı kimi görünür. Bu durumda  Türkiyə tarixin verdiyi mühüm missiyanı  uğurla yerinə yetirməlidir. Bütün gücünü, qudrətini  səfərbər etməlidir. Bunun yolu da Türk Dövlət və topluluqlarının “Dildə, fikirdə, işdə birlik” amalından keçir. Dil birliyi olmadan düşüncə birliyi, düşüncə birliyi olmadan da iş birliyi qurmaq  mümkün deyildir.

Məktubda bildirilir ki, Böyük Türk Dünyasının aydınları və alimləri Beynəlxalq Türk Dünyası Simpoziumunda toplaşaraq,  dünyanın təbii problemləri ilə mübarizə aparmaq və öz maraqlarını bəşəriyyətin maraqlarından üstün tutan dövlətlərin yanlış münasibətinin qarşısını almaq üçün Türk Dünyasını fikir birliyinə çağırır. Tədbirə Almatıdan Kosovoya, Firuzabatdan Tuvaya qədər türklərin yaşadığı hər yerdən-dilindən, dinindən, irqindən asılı olmayaraq onlarla türkoloq dəvət olunub. Simpoziumda 805 elm adamı iştirak edəcək. Onlardan 455 nəfəri üz-üzə, 350 nəfəri isə  onlayn təqdimatlarla çıxış edəcək. Türkiyədən və xaricdən ağsaqqallar, nazirlər, deputatlar, məmurlar da tədbirə dəvət edilib.

Simpoziumu Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri cənab Binəli Yıldırım himayə edir. Təşkilatı işləri Ərzincan Universitetinin rektoru professor Levent Akının sədrliyi ilə Simpoziumun İdarə Heyəti həyata keçirir. İdarə heyətində prorektor professor Əli Ərcan Əkinci, professor Bahadır Gücüyəter, professor Ərdal Bay, dosent İlhamə Kasabova, dosent Aygül Noqayeva, dosent Nazgül İsabayeva, Kanat Moldatayev, Həmzə Kolukısa və bir çox həmkarlarımız təmsil olunurlar.

Qonaqların yol və yaşayış xərclərini  universitet qarşılayacaq. Tədbir Türkiyə Cümhuriyyətinin Mədəniyyət Nazirliyi, Ərzincan Valiliyi, başda Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri Binəli Yıldırdım olmaqla bir çox könüllü qurum və təşkilatlar tərəfindən dəstəklənir. Ən əsası isə Ərzincan şəhərinin əhalisi bu möhtəşəm tədbirə bayram kimi hazırlaşır. Onu da deyim ki, Türkiyənin hər yerindən dəstək olmaq  üçün təkliflər gəlir. Biz onların hamısına sağ olsunlar deyirik.

Türkiyənin sonuncu Baş naziri və Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımın məsləhəti ilə Türk Dövlətləri Təşkilatının birgə işi olaraq 1. Ortaq əlifba, 2. Ortaq dil, 3. Ortaq ədəbiyyat, 4. Ortaq terminologiya, 5. Ortaq tarix, 6. Ortaq coğrafiya komissiyaları qurulacaq və ortaq qərar qəbul ediləcək.  Simpozium çərçivəsində Türk Dövlətlərinin Ağsaqqallar Şurasının sədri cənab Binəli Yıldırım gənclərlə görüşlər keçirəcək.

Simpoziumun Təşkilat Komitəsi iştirakçılar qarşısında heç bir tələb qoymur. Hər kəs Türk dünyasının istənilən problemi ilə bağlı tənqid və təklifləri ilə simpoziuma qatıla biləcək. Türk dünyasının, hətta dünyanın elm adamları  düşündükləri hər bir problemi ortaya qoya və onun həlli üçün yollar təklif edə biləcəklər. Bu təkliflər qeydə alınaraq Türk Dövlətləri Təşkilatının katibliyinə və Türk dövlətlərinin müvafiq təşkilatlarına təqdim ediləcək. Türk Dünyası Beynəlxalq Simpoziumunun  nəticəsi olaraq müvafiq qurumlar tərəfindən “Türk Dünyasının Gələcəyi Naminə Əməkdaşlıq Protokolu” imzalanacaq.

Simpoziumun İdarə Heyətinin üzvü professor Əli Kafkasiyalı tərəfindən  Beynəlxalq Türk Dünyası simpoziuminun təşkilat komitəsinin adından ünvanlanan məktubda bildirilir ki, Beynəlxalq Türk Dünyası Simpoziumu çərçivəsində keçirilən tədbirlər həm türk dünyası, həm də bütün bəşəriyyət üçün faydalı olacaq.

“Xalq qəzeti”

MÜSAHİBƏ bölməsi