“F-16” ilə bağlı müzakirələr uzanır

XARİCİ XƏBƏRLƏR
1 Oktyabr
23:57

Türkiyənin Müdafiə Sənayesi naziri İsmail Demir “CNN Türk” telekanalına müsahibəsi zamanı bildirib ki, ABŞ onlara döyüş təyyarələri satmaqdan imtina edərsə, bu zaman Rusiyanın “Su-35” və “Su-57” qırıcıları Birləşmiş Ştatların “F-16” təyyarələrinə alternativ ola bilər.

Onun sözlərinə görə, “F-16” qırıcıları­nın Türkiyəyə satışına dair sövdələşmə baş tutmasa, rəsmi Ankara “Su-35” və “Su-57” təyyarələri də daxil olmaqla, müxtəlif variantları nəzərdən keçirəcək. Nazir məsələnin müsbət həll olunacağına və qırıcı təyyarələrin satı­şı ilə bağlı müqavilənin həyata keçiriləcəyinə ümid etdiyini diqqətə çatdırıb.

Qeyd edək ki, ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfər öncəsi Vaşinqtonun Ankaraya “F-16” döyüş təyyarələrinin satışı ilə bağlı sövdələşməni təsdiqləməyə meyilli olduğu­nu bildirmişdi. Türkiyə lideri ABŞ rəsmilərinin sövdələşmədən imtina edəcəyi təqdirdə digər ölkələrə, o cümlədən Rusiyaya müraciət edə biləcəklərini vurğulamışdı: “Respublikaçılar “F-16” qırıcılarının satışında Türkiyəyə dəstək verəcəklərini açıq şəkildə bildirdilər. Ümid edirəm ki, ABŞ bizi məyus etməyəcək, çünki ABŞ qırıcı təyyarələri satan yeganə ölkə deyil. Böyük Britaniya, Fransa və Rusiya da təyyarə satır və bu barədə bizə siqnal ötürən ölkələr də var. “F-35” qırıcılarının əvəzində yeni “F-16” təyyarələrinin alınması barədə təklifi ABŞ tərəfi irəli sürüb. Türkiyə tərəfi bu təklifə müsbət yanaşıb və müvafiq sorğu göndərib”.

Avqustun sonunda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, ABŞ-ın Ankaraya “F-35” qırıcıları satmaqdan imtina etməsi və Vaşinqtonun müdafiə sistemlərinin alınmasına reaksiyası ölkəni narahat etmir.

Xatırladaq ki, Türkiyə beşinci nəsil “F-35” qırıcıları layihəsinin iştirakçısı idi və “Lockhe­ed Martin” korporasiyasından 100 ədəd bu qəbildən olan təyyarədən almağa hazırlaşırdı. Hətta Türkiyə tərəfi layihəyə 1,4 milyard dollar xərcləsə də, sonradan Ankaranın Rusiyadan “S-400” zenit-raket komplekslərini alması Vaşinqtonun narazılığına səbəb olmuşdu. Nəticədə Konqres Türkiyəyə “F-35” satılma­sına razılıq verməmişdi.

Bəzi hərbi ekspertlərə görə, Konqres Türkiyəyə yeni “F-16” qırıcılarının satışını növbəti dəfə əngəlləyə bilər. Lakin bu, Türkiyə Hərbi Hava Qüvvələrinin inkişafına heç bir təsir göstərməyəcək. Çünki onun arsenalın­da kifayət qədər “F-16” qırıcısı mövcuddur. Fərəhli haldır ki, hazırda Türkiyənin müdafiə sənayesində milli məhsulların nisbəti 80 faizə yaxınlaşıb.

Mahmud QƏRİBOV,

“Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi