İsveç Türkiyəyə silah ixracı ilə bağlı embarqonu aradan qaldırıb

XARİCİ XƏBƏRLƏR
1 Oktyabr
23:39

İsveçin Silah İxracına Nəzarət üzrə Dövlət Agentliyi Türkiyəyə silah ixracına tətbiq olunmuş embarqonun aradan qaldırıldığını bəyan edib. Sənəddə bildirilir ki, Türkiyəyə silah ixracına icazə verilməsi barədə qərar Ankaranın İsveçin NATO-ya üzvlüyü məsələsində tutduğu pozitiv mövqeyə görə qəbul edilib. Məlumatı “Anadolu” verib.

Bundan əlavə, bəyanatda qeyd olu­nur ki, qəbul edilmiş qərar elektronika, silahlanma və hərbi texnika sahəsinə aid məhsulların ixracı ilə bağlıdır.

Qeyd edək ki, bir müddət əvvəl – bu il mayın 29-da Silah İxracına Nəzarət üzrə Agentliyin başçısı Karl Evertsson “Expressen” qəzetinə müsahibəsində ölkəsinin NATO-ya üzvlük üçün ərizə verməsi ilə bağlı Türkiyə ilə danışıqlar aparılıdığını bəyan etmişdi.

O, qeyd etmişdi ki, İsveç silah ixracı­nı müdafiə üzrə komissiyanın qoyduğu şərtlər daxilində həyata keçirir. Evertsson əlavə etmişdi: “Türkiyə birbaşa indi bizim silahlara ehtiyac duymur. Biz Türkiyəyə hər bir konkret halda silah sata bilərik”.

İsveç istehsalı olan tank əleyhinə AT-4 silahlarının PKK terror təşkilatının əlinə necə keçməsi ilə bağlı suala ca­vabında isə Evertsson deyib: “Biz bu məhsulu ixrac etmirik. Bu silah ABŞ-ın lisenziyası ilə istehsal olunur və onla­rın razılığı olmadan bu silahları üçüncü ölkələrə göndərmək mümkün deyil”.

Onu da qeyd edək ki, Silah İxracına Nəzarət üzrə Agentlik Türkiyəyə silah satışını 15 oktyabr 2019-cu ildə qadağan edib. Həmin tarixdən sonra İsveçin üç özəl şirkətinin Türkiyəyə silah satışı ilə bağlı sorğusuna imtina cavabı verilib.

Xatırlatmaq yerinə düşərdi ki, NATO-ya üzvlük üçün Türkiyənin razılığını almış digər ölkənin – Finlandiyanın Müdafiə naziri Antti Kaykkonen bu ilin iyulunda ölkəsinin Ankaraya silah satışı embar­qosunu aradan qaldıracağına şübhə ilə yanaşdığını bildirmişdi. Finlandiyalı nazir ölkəsinin döyüş bölgəsinə silah ix­rac etməmək prinsipinə sadiq olduğunu qeyd etmişdi.

Paşa ƏMİRCANOV,

“Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi