Avrozonada inflyasiya artır, iqtisadi inam isə azalır

XARİCİ XƏBƏRLƏR
1 Oktyabr
23:24

Cari ilin sentyabr ayında Avrozonada illik inflyasiya 10 faiz təşkil etməklə rekord səviyyəyə yüksəlib. Bu barədə Avropa Statistika Agentliyi (“Eurostat”) məlumat yayıb. Bildirilir ki, bu, son 25 ildə ən yüksək inflyasiya səviyyəsidir. Avrozonada inflyasiya ilk dəfə olaraq ikirəqəmli göstəriciyə çatıb. Bundan başqa, ötən ay Avrozonada ən yüksək qiymət artımı 40,8 faizlə enerji qiymətlərində qeydə alınıb.

İqtisadi təhlilçilər Avrozonada iqti­sadi inam indeksinin də 2020-ci ildən bu vaxtadək ən aşağı səviyyəyə endi­yini qeyd edirlər. Məlumatda bildirilir ki, ötən ay Avrozonada iqtisadi inam indek­si 93,7 bənd təşkil edib. Bu, 2020-ci ilin noyabrından bəri qeydə alınan ən aşağı göstəricidir. İqtisadi inam indeksi ardıcıl 7-ci aydır ki, geriləməyə davam edir.

İndeksdə xidmətlər sektorundan tut­muş sənayeyə qədər bütün kateqoriya­larda geriləmə qeydə alınıb. Ən böyük azalma – 28,8 bənd ilə istehlakçı inam indeksində müşahidə olunub.

Ekspertlərin fikrincə, iqtisadi inam indeksi rekord inflyasiya göstəriciləri və enerji problemləri səbəbindən yaranan böhran fonunda geriləyir.

Qeyd edək ki, ötən ay İtaliya­da illik inflyasiya göstəricisi ərzaq qiymətlərindəki artımlar fonunda 8,9 faizə yüksəlib. İtaliya Milli Statistika İns­titutunun məlumatına görə, sentyabrda ölkədə istehlak qiymətləri indeksi isə əvvəlki ayla müqayisədə 0,3 faiz artıb.

Analoji vəziyyət Estoniyada da qeydə alınıb. Belə ki, ötən ay Estoniyada inflya­siya illik ifadədə 24 faizi ötüb.

“Eurostat”ın məlumatına görə, inflyasiya baxımından avrozonanın ən problemli üç ölkəsinə Litva və Latviya da daxildir. Həmin ölkələrdə il ərzində qiymətlər müvafiq olaraq 21,1 faiz və 20,8 faiz artıb.

Bildirilir ki, Avstriyada inflyasiya səviyyəsi son 70 ildə ən yüksək həddə çatıb. Avstriya Statistika İdarəsinin he­sablamasına görə, sentyabrda inflyasiya­nın səviyyəsi 10,5 faizə çatıb və bununla da ikirəqəmli göstəricilər mərhələsinə ke­çid alıb. Bu cür yüksək inflyasiya ölkədə son dəfə 1952-ci ildə qeydə alınıb.

Rövşən TOĞRUL,

“Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi