2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ulu öndərin fəaliyyətinin öyrənilməsi baxımından çox vacibdir

SİYASƏT
1 Oktyabr
00:11

Ulu öndər Heydər Əliyev Azərbaycan tarixinin ən fenomen şəxsiyyətlərindəndir. Müstəqil, müasir Azərbaycan dövlətinin banisidir. Ümummilli lider hakimiyyətinin birinci dövründə, yəni totalitar sovet hakimiyyəti zamanında Azərbaycan tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, dilinin, ədəbiyyatının qorunub saxlanılmasında, iqtisadi, elmi inkişafda böyük xidmətləri var. Ulu öndərin hakimiyyətinin birinci dövründə atdığı bütün addımlar Azərbaycanın müstəqilliyinə, onun gələcəyinə köklənib.

Bu fikriləri AZƏRTAC-a açıqlama­sında Ana Vətən Partiyası sədrinin müavini Yalçın Hacızadə söyləyib.

Politoloq qeyd edib ki, ulu öndər Heydər Əliyevin 1978-ci ildə Azərbaycan SSR-in Konstitusiyası­nın qəbulu zamanı Azərbaycanda dövlət dilinin Azərbaycan dili qeyd olunmasına nail olması, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin erməniləşdirilməsinin qarşısını alma­sı, iqtisadi, təhsil, kənd təsərrüfatı, hərbi və s. sahələrdə həyata keçir­diyi milli fəaliyyət göstərir ki, dahi şəxsiyyət müstəqil dövlətimizin uğurlu gələcəyini görüb.

“Azərbaycanın ucqar yaşayış məntəqəsində dünyaya gələn, öz sa­vadı, dünyagörüşü, xidmətləri ilə dün­yanın super-gücü olan dövlətini ən ali siyasi şəxsiyyətlərindən birinə çevrilən Heydər Əliyevin keçdiyi əzəmətli yol hər bir azərbaycanlı üçün əziz, örnək və nümunə olmalıdır.

Prezident İlham Əliyevin 2023-cü ilin “Heydər Əliyev İli” elan olunma­sı barədə sərəncamı ulu öndərin həyatının, fəaliyyətinin öyrənilməsi, araşdırılması, işıqlandırılması, gələcək nəsillərə çatdırılması baxımından çox vacibdir. 2022-ci il “Şuşa İli”dir. Milli Qurtuluşdan Vətən müharibəsindəki qələbəyə qədər dövlətimizin, xalqımı­zın keçdiyi bu şərəfli yolun memarıdır Heydər Əliyev.

Ulu öndərin ölkəmizdə hakimiyyətinin ikinci mərhələsində təməlini qoyduğu Azərbaycan diplomatiyası, iqtisadiyyatı, hərb sahəsi bu gün inki­şaf dövrünü yaşayır. Dünyanın gərgin, münaqişələrlə dolu dövrünə qədəm qoyduğumuz bu günlərdə sabit icti­mai-siyasi şərait, inkişaf edən iqtisa­diyyat, güclü, dövlətin ərazi bütövlü­yünü təmin edə bilən, qələbə qazanan Azərbaycan Ordusu dahi şəxsiyyətin, əzminin, iradəsinin, uzaqgörənliyinin nəticəsidir.

O əlavə edib ki, ümummilli liderin azərbaycançılıq nəzəriyyəsi bu gün bizim vahidliyimizi təmin edib. Ölkəmizdə bütün millətlərin, etnik qrupların sülh içində yaşamasını for­malaşdırdı. Onun nəticəsində bu gün böyük, vahid Azərbaycan xalqı öz ərazi bütövlüyü uğrunda heç bir etnik ayrı-seçkilik etmədən mübarizə apar­mağa, döyüşməyə, Vətəni şərəflə qo­rumağa hazırdır.

Ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu 1993-2003-cü illərdə təməlini qoyduğu siyasi irsi, ata vəsiyyətini 20 ildir Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyev layiqincə, şərəflə, inkişaf etdirməklə həyata keçirir. Bu irs yüz illər boyu həyata keçirilərək, Azərbaycan dövlətinin siyasi konsepsiyasının əsasını təşkil edəcək.

Biz gələn il ölkəmizə dünyaya Heydər Əliyev zirvəsindən, onun istədiyi, arzuladığı əzmlə çalışdığı müstəqil, bütöv Azərbaycandan baxacağıq. Ölkəmiz 30 ildir müstəqildir və bu müstəqillik Heydər Əliyevin dediyi kimi, əbədidir, dönməzdir və sarsılmazdır.

SİYASƏT bölməsi