İlk Beynəlxalq Sosial Elmlər Konfransı Bakıda keçirildi

SİYASƏT
1 Oktyabr
02:14

Beynəlxalq tədbirlər məkanına çevrilmiş paytaxtımız elm və təhsil sahəsində Azərbaycan–Türkiyə əməkdaşlığına növbəti töhfə olan daha bir məclisə evsahibliyi etdi. Azərbaycanın Əmək və Sosial Münasibətlər Akademiyası və Türkiyənin Manisa Celal Bayar Universitetinin birgə təşkilatçılığı ilə keçirilən I Beynəlxalq Sosial Elmlər Konfransında dünyanın bir çox nüfuzlu ali məktəblərinin və elmi mərkəzlərinin təmsilçiləri iştirak edirdilər.

Konfransın açılışında iştirakçıları salamlayan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiya­sının sədr müavini Cavanşir Alxasov beynəlxalq toplantının sosial elmlərin uğurlarının və inkişaf meyllərinin öyrənilməsində önəmini vurğuladı.

Azərbaycanın Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru, professor Hüseyn Qa­raşov I Beynəlxalq Sosial Elmlər Konfransının yeni bir başlanğıc olaraq Bakıda keçirilməsinin ölkəmizdə məmnunluq doğurduğunu söylədi. O, məclisin məqsədinin dünyanın müxtəlif universitet, akademiya və elmi-tədqiqat insti­tutlarında fəaliyyət göstərən tədqiqatçıları bir araya gətirmək, bu sahədə əldə olunan elmi nailiyyətləri, təcrübələri, yeni ideyaları paylaş­maq, mövcud problemləri təhlil etmək, onların asan, səmərəli həlli üçün təkliflər irəli sürmək və gənclərin sosial elmlərə olan marağını artırmaq olduğunu bildirdi.

Konfransın plenar iclasına onlayn qoşu­lan Manisa Celal Bayar Universitetinin rektoru, professor Ahmet Ataç da iştirakçıları salamladı və qeyd etdi ki, iki ölkənin birgə təşkil etdiyi bu beynəlxalq konfrans Türkiyə–Azərbaycan dost­luq və qardaşlığını daha da inkişaf etdirmək, beynəlxalq elm məkanına inteqrasiyada qoşa təmsil olunmaq niyyətindən qaynaqlanır.

Konfransda ölkəmizin dünya birliyində layiq­li yer tutduğu, Azərbaycanla Türkiyənin bütün sahələrdə uğurlu əməkdaşlığının beynəlxalq aləmdə örnəyə çevrildiyi ucadan səsləndi. Şuşa ilinə həsr olunmuş video-çarx məclisdə böyük maraqla qarşılandı.

Sonra iki günlük konfrans işini bölmələr üzrə davam etdirdi, çoxsaylı məruzələr dinlənildi, ge­niş elmi diskussiya aparıldı.

T.RÜSTƏMOV,

“Xalq qəzeti”

SİYASƏT bölməsi