Ermənistanın təxribat və siyasi avantüraları sülh prosesini ləngitməyə hesablanıb

SİYASƏT
1 Oktyabr
01:52

Azərbaycan regionda sülh və sabitlik yaradılmasını istəyir və bu istiqamətdə inadlı addımlar atır. Eyni zamanda, Ermənistanın da sülhə gəlməsini təmin etmək üçün beynəlxalq səviyyədə səylər göstərir. Bununla bağlı sentyabrın 27-də Ağ evdə ABŞ Prezidentinin mil­li təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanın təşəbbüsü ilə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasi­yasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşü də təşkil edilib. Hikmət Hacıyev görüşdən sonra bəyan edib ki, danışıqlar zamanı sülh müqaviləsi, sərhədlərin delimitasiyası, nəqliyyat xətlərinin açılması, o cümlədən humanitar gündəliyin tərkib hissəsi olan minalar və itkin düşmüş şəxslərlə bağlı məsələlər müzakirə olunub.

Dünən Ermənistan Xarici İşlər Na­zirliyinin yaydığı məlumata görə, okt­yabrın 2-də Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla Ermənistan XİN başçısı Ararat Mirzoyan arasında növbəti görüş planlaşdırılır. Görüşün Cenevrə şəhərində keçiriləcəyi bildi­rilir.

Amma bu, Ermənistanın sülh niyyətlərini göstərmir. İlk növbədə onu qeyd etməliyik ki, 2020-ci ilin payızındakı acı məğlubiyyətdən və hərbi-diplomatik iflasdan sonra Ermənistanda revanşizm meyllərinin güclənməsi müşahidə edilir. İrəvan nəinki üçtərəfli Bəyanatda üzərinə götürdüyü öhdəliklərin icrasından bo­yun qaçırır, Azərbaycan ərazisində hələ də qalmaqda olan qeyri-qanuni hərbi birləşmələrini və texnikanı çı­xarmır, müxtəlif yollarla Qarabağda hərbi mövcudluğunu qoruyub saxla­mağa və gücləndirməyə çalışır, həm də mütəmadi olaraq təxribatlar törədir. Bu isə, təbii ki, Ermənistanın sülh pro­sesini pozmaq niyyətindən xəbər verir.

Ermənistan iki ölkənin hələ də delimitasiya olunmamış sərhədində ardıcıl şəkildə təxribatlar törədir. Nəticədə hər iki tərəfdən itkilər olur. Bu il sentyabrın 13-14-də baş vermiş təxribat isə bunun pik nöqtəsi və ba­riz nümunəsi oldu. Nəticədə son iki il müddətində olmadığı qədər insan tələfatı qeydə alındı. Və təbii ki, bü­tün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərində qaldı. Həmin təxribatın qarşısı alınarkən Azərbaycan Ordusu düşmənə layiqli cavab verdi. Bu ölkənin canlı qüvvə sarıdan itkiləri 400 nəfərdən artıq oldu. Ölkənin baş naziri Nikol Paşin­yan yenidən xarici ölkə başçılarına zənglər edərək Azərbaycanı dayandır­maq xahişi ilə yalvardı. Amma bu da rəsmi İrəvan üçün dərs olmayıb.

Görünən budur ki, hazırda Ermənistan regionda gərginliyin qal­masında maraqlıdır. Bu ab-havanı saxlamaqla, Ermənistan beynəlxalq ictimai rəylə manipulyasiya edir və Azərbaycanı hədəfə gətirməyə çalı­şır. Ermənistan hazırda işğaldan azad olunmuş ərazilərdə görülən işlərin miqyasını aydın görür, Qarabağda yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyasının qaçılmaz olduğunu başa düşür və bu prosesə zərbə vurmağa çalışır.

Bunu Ermənistanın sabiq pre­zidenti Robert Koçaryan sentyab­rın 28-də səsləndirdiyi revanşist bəyanatlardan da görmək olur. O, da­nışıqlar prosesində Qarabağ mövzu­su ilə bağlı bir kəlmə belə olmadığını bildirib. Onun fikrincə, “Arsax respub­likası”, “öz müqəddəratını təyinetmə” və “suverenlik” ifadələri Ermənistan rəsmilərinin lüğətindən silinib.

Əgər əvvəlki dövrdə Ermənistan Rusiyaya arxalanır və işğalçı­lıq siyasətini davam etdirirdisə, son hadisələr artıq bu ölkənin öz oriyentirlərini dəyişdiyini və açıq şəkildə Qərbdə dəstək axtardığını göstərir. Ermənistan artıq NATO-nu bölgəyə gətirməyi və öz revanşist məqsədlərini Qərbin əli ilə reallaşdır­mağı düşünür. Ermənistanın bu ma­nipulyasiya, təxribat və siyasi avantü­ralarının son məqsədi sülh prosesini ləngitmək, mümkündürsə iflasa uğrat­maqdır.

Ermənistan bütövlükdə region­da formalaşan yeni arxitekturanı, olduqca pozitiv əməkdaşlıq imkan­larını, inkişafı və təhlükəsizliyi təhdid edir və açılan yeni perspektivlərə zərbə vurmağa çalışır. Buna görə də ona himayə durmağa çalışan dün­ya gücləri Ermənistanın hazırda yü­rütdüyü siyasətin mahiyyətini aydın görməli, onun əsl niyyətlərini düzgün qiymətləndirməli və bu ölkəni reallıq­dan uzaq iddialarından əl çəkməyə məcbur etməklə sülh prosesinə öz töhfələrini verməlidirlər.

Hazırda müxtəlif ölkələrdə Ermənistana dəstək göstərərək ərazi bütövlüyünün pozulmasının yolverilməzliyi barədə ağızdolusu da­nışan siyasətçilər, parlamentarilər də var. Onlar da Ermənistana guya dəstək verməklə əslində sülh prosesinə əngəllər törətməyə çalışırlar. Amma bu adamlar unudurlar ki, Ermənistan 30 il ərzində Azərbaycanın ərazi bü­tövlüyünü pozaraq, 20 faiz torpağını iş­ğal altında saxlayıb və bu 30 il ərzində şəxsən onlar erməni işğalçılarına gö­zün üstə qaşın var deməyiblər. Əgər onlar Ermənistanı vaxtında beynəlxalq qanunlara, ədalət prinsipinə riayət etməyə dəvət etsəydilər, bu ölkə ha­zırkı miskin vəziyyətə düşməzdi. Odur ki, Ermənistanın bugünkü duruma düşməsində onların da birbaşa güna­hı var.

Paşa ƏMİRCANOV,

“Xalq qəzeti”

SİYASƏT bölməsi