Varşavada Azərbaycan kino həftəsi

MƏDƏNİYYƏT
1 Oktyabr
01:20

Azərbaycanın Polşadakı səfirliyi, Azərbaycan Respubli­kasının Mədəniyyət Nazirliyi və Polşa Kinematoqrafçılar Assosi­asiyasının birgə təşkilatçılığı ilə Varşava şəhərində Azərbaycan filmləri həftəsi keçirilir.

Azərbaycan kinematoqrafiyası ilə tanış olmaq üçün unikal şans olan film həftəsi Varşavanın “Kultura” kinoteat­rında baş tutub. Filmlər polyak və ingi­lis dillərində subtitrlərlə tamaşaçılara təqdim olunur.

Qonaqlar tərəfindən maraqla qar­şılanan Azərbaycan kino həftəsinin açılışında Polşada fəaliyyət göstərən diplomatik missiyaların rəhbər və əməkdaşları, ölkədəki dini konfes­siyaların təmsilçiləri, millət vəkilləri mədəniyyət və incəsənət xadimləri, işgüzar dairələrin nümayəndələri, Azərbaycan vətəndaşları və soydaşları­mız iştirak ediblər.

Polşa Kinematoqrafçılar Assosiasi­yasının vitse-prezidenti Kinqa Demb­ska açılış mərasimində çıxış edərək, kino həftəsinin əhəmiyyətindən söz açmış və polyak kinosevərlərə tamaşa­çılar tərəfindən böyük rəğbət qazanmış filmlərin təqdim olunacağını bildirmişdir.

Ölkəmizin Polşadakı səfiri Nərgiz Qurbanova Azərbaycan kinosunun tarixindən danışaraq respublikamızın mədəni həyatında onun özünəməxsus rolunu qeyd edib. Səfir bildirib ki, Fransa­dan olan Lümyer qardaşları 1895-ci ildə kinofilmlər çəkmək üçün yeni aparat icad edib patentləşdirdikdən cəmi üç il sonra 1898-ci ildə fransız sahibkar, fotoqraf və operator Aleksandr Mişon Azərbaycanda film çəkməyə başlayıb. Onun ilk filmi 1898-ci il avqustun 2-də çəkildiyi üçün hər il avqustun 2-si Azərbaycan Kinosu Günü kimi qeyd olunur.

Əlavə olunub ki, 1916-cı ildə Pirone qardaşları Azərbaycanda kinematoqra­fiyanı istehsalat sənayesinə çevirəndə Azərbaycan kino sənayesi, xüsusilə “Ar­şın mal alan” kinokomediyası ilə daha da inkişaf etmişdi. Azərbaycan filmləri təkcə yerli auditoriya deyil, həm də xarici kinosevərlər tərəfindən rəğbətlə qarşıla­nırdı. 1935-ci ildə rejissorlar Boris Bar­net və Səməd Mərdanov ölkədə ilk səsli film olan “Mavi dənizin sahilində” filmini çəkiblər. Daha sonra bu film dünya ki­nosunun 100 illiyi ilə bağlı ən nüfuzlu kino tənqidçiləri arasında keçirilən sor­ğuya əsasən dünya kinosunun ən yaxşı filmləri siyahısına daxil edilib. Səfir çıxı­şında Azərbaycan kinosunun ən uğur­lu filmlərindən söhbət açaraq milli kino sənətinin inkişafı üçün həyata keçirilən mühüm işləri diqqətə çatdırıb.

Tədbirin sonunda rejissor Fariz Əhmədov və “Sonuncu” filminin ərsəyə gəlməsində birlikdə çalışdığı polşalı ope­rator Mateuş Çuxnovski çıxış ediblər.

Azərbaycan kino həftəsinin növbəti günlərində polyak kinosevərləri “Biz”, “Daxildəki ada”, “Miras” və digər filmlərlə tanış ola biliblər.

M.MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”

MƏDƏNİYYƏT bölməsi