Çavuşoğlu: Ankara Kipr türklərinin maraqlarını müdafiə edəcək

XARİCİ XƏBƏRLƏR
1 Oktyabr
01:03

Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib ki, ölkəsi ABŞ-ın yunan Kiprinə qarşı silah embarqosunun aradan qaldırılması haqqında qərarına cavab verəcək. Onun sözlərinə görə, ABŞ son vaxtlar bununla bağlı bir sıra qərarlar qəbul edib. Məlumatı “Anadolu” verib.

 

Çavuşoğlu deyib ki, bunun səbəblərindən biri kimi Nikosiya və Vaşinqtonun çirkli pulla­rın yuyulmasına qarşı mübarizə məsələsində əməkdaşlığı göstərilir: “Ştatlar təsdiq edir ki, ruslardan ayrılan Kipr yunanlarının hərəkətlərinə reaksiya verir. Rusiya vətəndaşlarının da Cənubi Kiprdə ciddi aktivləri var. Vaşinqtonda belə bir fi­kir dolaşır: “Son zamanlar Nikosiya Rusiyadan bir qədər uzaqlaşır, buna görə də onu mükafat­landırmaq lazımdır”.

Nazir əlavə edib: “Təsəvvür edək ki, çirkli pulların yuyulmasının qarşısının alınması məsələsində əməkdaşlıq mövcuddur. Məndə fakt yoxdur, ona görə də bu barədə heç nə deyə bilmərəm. Ancaq Vaşinqtonun cavabı Kiprin cənubuna qarşı silah emabarqosunun ləğvi ol­malıdır? ABŞ Nikosiyaya başqa cür, məsələn, maliyyə köməyi edə bilər”.

Onun sözlərinə görə, ABŞ uzun illər həm türk, həm də yunan Kiprinə qarşı balanslı siyasət yürüdüb. Bu balans Yunanıstan və Türkiyəyə münasibətdə də özünü göstərib. Amma Vaşinq­ton son vaxtlar yunan Kiprinin xeyrinə birtərəfli addımlar ataraq Nikosiyanın silah ala biləcəyini bəyan edir: “Yunan Kipri silah alacaq, ya yox, bu, onların öz işidir”.

XİN başçısı qeyd edib ki, Türkiyə əvvəllər də Şimali Kipr Türk Respublikasının təhlükəsizliyi ilə bağlı müvafiq addımları atıb: “ABŞ-ın bu qərarından sonra biz Kiprin şimalında hərbi mövcudluğumuzu artıracaq, silah göndərilməsi məsələsində lazımi qərarlar qəbul edəcəyik. Yəni ABŞ-ın qərarına biz konkret addımla cavab verəcəyik. Əgər siz adada eskalasi­ya istəyirsinizsə, biz cavab verəcəyik – Kipr türklərinin maraqlarını müdafiə etmək üçün va­cib addımlar atacağıq”.

Bir qədər əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da adanın şimalına silah göndərilməsi ilə bağlı lazımi addımlar atılacağını bəyan etmişdi.

Paşa ƏMİRCANOV,

“Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi