Xətai rayonunda Anım Gününə həsr olunan inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb

SİYASƏT
30 Sentyabr
22:19

Sentyabrın 30-da Xətai Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının və rayon Gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə Xətai rayonu ərazisindəki orta ümumtəhsil məktəblərinin şagirdləri arasında 27 Sentyabr – Anım Gününə həsr olunmuş “Qarabağ Azərbaycandır-İşğaldan azad olunmuş torpaqlarımız” mövzusunda keçirilən inşa yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

YAP Xətai rayon təşkilatından verilən məlumata görə, tədbirin əvvəlində ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə bildirib ki, Zəfərimizə gedən yolun başlanğıcı kimi dəyərləndirilən 2020-ci ilin 27 sentyabrı günü - Azərbaycanın hərb tarixinin şanlı səhifəsinə qızıl hərflərlə yazılıb. Həmin gün başlayan və 44 gün davam edən Vətən müharibəsində Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Ordumuzun döyüş meydanında göstərdiyi şücaət və qəhrəmanlıq nəticəsində parlaq Qələbə qazanılıb.

Şərəfli tarixin gələcək nəsillərə çatdırılmasında, Qələbəmizin təbliğində bu cür müsabiqələrin əhəmiyyətindən geniş danışan YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, əsas məqsəd gənc nəslə tariximizin hər bir səhifəsini çatdırmaq, onları vərəqləmək imkanı yaratmaq, məktəblilərin qəlbində torpaq, Vətən sevgisini daha da artırmaqdır. Tarixi Zəfərimizin şərtləndirən amillərdən bəhs edərkən torpağa, Vətənə, tariximizə bağlılığımız xüsusi qeyd olunur. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev hər zaman bu çağırışı edirdi ki, gələcəyimiz indiki gənclərə nəyi və necə öyrətməyimizdən çox asılıdır. Ümummilli Liderin bu fikirlərinin davamı olaraq dövlətimizin başçısı İlham Əliyev bildirir ki, gənclərimiz milli ruhda tərbiyə olunmalı, dövlət maraqlarını hər şeydən üstün tutmalıdırlar.

Vüqar Rəhimzadə müsabiqə qaliblərini təbrik edib və onlara milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər, savadlı gənclər olaraq ölkəmizin sosial-iqtisadi və mədəni həyatında fəal iştirak etməyi arzulayıb.

Xətai Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Anar Məmmədov çıxışında gənclərə ən xoş arzularını çatdırıb, gələcək həyatlarında müvəffəqiyyətlər diləyib. O, məktəblilər arasında keçirilən müsabiqənin əhəmiyyətindən bəhs edib.

Müsabiqəyə təqdim olunmuş yazıları qiymətləndirmək üçün yaradılmış münsiflər heyətinin rəhbəri Əhməd Məmmədov vurğulayıb ki, Anım Gününə həsr olunmuş inşa yazı müsabiqəsinə qatılmaq hər bir iştirakçı üçün böyük uğurdur.

Sonra müsabiqənin qaliblərinin adları elan edilib.

Müsabiqənin qalibləri çıxış edərək təəssüratlarını bölüşüblər.

Sonda inşa müsabiqəsinin qaliblərinə hədiyyələr və diplomlar, bütün iştirakçılara isə sertifikatlar təqdim edilib və xatirə şəkli çəkdirilib.

SİYASƏT bölməsi