“Zəfər yolu” səhnəyə gətirildi

MƏDƏNİYYƏT
30 Sentyabr
00:28

Bu günlər mədəniyyət ocaqlarında Anım Günü ilə bağlı tədbirlər keçirilir. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı da öz yeni “Zəfər yolu “ tamaşası ilə Qələbəmizin sənət nümunəsini təqdim etdi.

Nadir hallarda teatr tamaşala­rı foyedən başlayır. Bu tamaşada foyedə quraşdırılmış “Səfərbərlik xidmətində” 2020-ci ilin sentyabrın­da olduğu kimi, “ajiotaj yaranmış­dı”. Xalq artisti, rejissor Azər Paşa Nemətov tamaşa zalında yaranan bu qarışıqlıq sayəsində Vətən müharibəmiz başlanan günlərdə demək olar ki, ölkənin bütün hərbi komissarlıqlarının qarşısındakı o ajiotajı, çaxnaşmanı, cəbhəyə getmək üçün “komissarlığın” həyətində, qapısında izdiham yara­dan insanları göstərmək istəmişdi.

Elə foyedə cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin 2020-ci il sentyabrın 27-də Vətən müharibəmizin başlandığını elan edən o məşhur çıxışı eşidildi. Foyedən başlanan tamaşa sonra­dan səhnədə dramatik hadisələrə çevrildi.

Qeyd edək ki, səhnə əsəri Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanıb. Azərbaycanın 44 gün­lük Vətən müharibəsində qazan­dığı tarixi qələbəyə ərməğan olan yeni tamaşanın rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğ­lu, bəstəkarı Xalq artisti Siyavuş Kərimi, rejissoru Emil Əsgərov, rejissor assistenti isə Nərmin Həsənovadır.

Yeni yaradıcılıq işində Xalq artistləri Nurəddin Mehdixanlı, Əli Nur, Əməkdar artistlər Hicran Nəsirova, Elxan Quliyev, Mətanət Atakişiyeva, Mirzə Ağabəyli, El­nar Qarayev, Anar Heybətov, Ay­şad Məmmədov, Mətləb Abdul­layev, Elşən Rüstəmov, Rəşad Bəxtiyarov, aktyorlar Elçin Əfəndi, Cavidan Novruz və Vüsal Mustafa­yev çıxış edirdilər.

Səhnə əsərində cəbhəyə yola düşdüklərinə şahid oldu­ğumuz oğullardan cəmi birinin ailəsinə şəhidlik xəbəri gəlir. Bu da Xalq artisti Əli Nurun canlan­dırdığı atanın oğlu idi. Xatırladaq ki, Əli Nurun ehtiyata buraxılan hərbçi oğlu Rövşən Nurzadə də Vətən müharibəsinə könüllü qatıl­mışdı və Şuşa döyüşləri zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdı. Həyatda şəhid atası olan sənətkarımız Əli Nur səhnədə də eyni taleni yaşadı–ikinci dəfə şəhid atası olmaq qüruruna nail oldu. Tamaşada mənfur ermənilər tərəfindən xaincəsinə bombalanan Gəncə, Bərdə faciələri də unudul­mamışdı. Nurəddin Mehdixanlının ailə başçısını canlandırdığı ailənin fonunda bu faciələrdəki günahsız qurbanların ümumiləşdirilmiş ob­razları yaradılmışdı.

Tamaşanın çox təsirli epi­zodlarından biri də Azərbaycan səhnəsində əsgərlərimizin Şuşaya qalxdığını əks etdirən səhnə idi.

Tamaşada ən uğurlu tapıntılar­dan biri isə mükəmməl musiqidir. Vətən müharibəmizi, o günlərdə ya­şadığımız ayrı-ayrı, hətta bir-birinə zidd o hissləri ən gözəl şəkildə əks etdirən musiqi Siyavuş Kərimi yara­dıcılığının ən möhtəşəm nümunəsi idi.

M.MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”

MƏDƏNİYYƏT bölməsi