Lənkəranın əzəmətli Xan sarayı

MƏDƏNİYYƏT
30 Sentyabr
00:06

Maraqlı tarixi bilgilər

 Bu şəhər qocaman Xəzərin sahilində mayak kimi işıq saçır. Təəssübkeş lənkəranlıların bir əli elə hey doğma şəhərin üstündədir. Şəhərin təbəssümü sayılan parklarda küləyin xışıltısı, güllərin işıltısı, qurub-yaradan əllərin sığalı ilə daşlar da “gül açır”. Yağışda çimən ağacların mirvari sırğaları Lənkəran adlı tabloya əlvan çalarlar qatır.

Gələn il Lənkəranda özünəməxsus bir yubiley ilidir. Düz 189 il əvvəl – 1833-cü ildə burada şəhərsalmanın təməli qoyulub, Lənkəran qalası isteh­kamlarının baş planı tərtib və təsdiq olu­nub. Şəhərsalmanın ilkin mərhələsində məscid və 117 dükanlı iki bazar plan­laşdırmanın əsas elementi kimi götürü­lüb. XIX əsrin sonunda isə şəhər artıq 4 hissəyə bölünmüşdü. Bunlar Qala, Böyük Bazar, Kiçik Bazar, Sütəmurdov səmtləri idi. Şəhərin mərkəzi hissəsinə – tarixi qala ərazisinə lənkəranlılar elə indi də Qala deyirlər. Dəniz sahili boyun­ca ərazi Sütəmurdov adlanır. O vaxtlar burada, əsasən, gəlmələr, vəzifəli rus­lar və türklər yaşayırdı. Lənkəran XX əsrin əvvəllərində Şuşa, Şəki, Quba ilə müqayisədə həm inkişaf etmiş şəhər təsərrüfatına, həm də xüsusi abadlığına görə seçilirdi. Memarlıq baxımından çox sayda orijinal evlər burada hələ də qalır. Zövqlə tikilmiş ayrı-ayrı binaların hərəsi bir abidədir.

Bu binalardan biri Xan sarayı – ha­zırkı Tarix-diyarşünaslıq muzeyidir. Yaşı yüzü keçib. Yaraşıqlı bina ötən əsrin əvvəllərində Mirəhməd xan Talışinskinin həyat yoldaşı Tuğra xanımın (həm də əmisi qızı olub, yəni o da xan nəslindən idi) şərəfinə tikilib. Sarayın layihəsini adı məlum olmayan fransız memar hazırla­yıb, inşaat materialları da Bakıdan gəmi ilə daşınıb gətirilib.

Tarixi mənbələrə görə, 1912-ci ildə Tiflis şəhərində, kübar cəmiyyətə məxsus toplum içərisində Qafqaz gözəli müsabiqəsi keçirilib və həmin müsabiqədə Tuğra xanım fərqlənərək 1-ci yeri tutub. Elə bu qalibiyyətindən sonra da ərindən Lənkəranın ən gözəl yerində özü üçün bənzərsiz bir saray hədiyyə istəyib. Beləliklə, qısa vaxt­da şəhərin ilk hündürmərtəbəli bina­sı – 12 otaqlı, 812 kvadratmetrlik əla saray tikilərək hasilə gəlib. Üçüncü mərtəbəsindən baxanda Xəzər dənizi tam görünürmüş. O vaxtlar mühafizəçilər üst qatdakı şüşəli eyvandan ətrafa nəzarət edirmişlər. Cənubda ilk dəfə elektrik işıqlandırma və istilik sistemi də bu binada qurulub.

Sarayı sevimli xanımı üçün tikdi­rib ona hədiyyə edən Mirəhməd xan 1916-cı ildə Fransada vəfat edib, Vətənə gətirilərək Lənkəranda dəfn olu­nub. Gözəl Tuğra xanım isə ondan son­ra həmin evdə qala bilməyərək, Bakıya köçüb və sovet quruluşunun sərt üzü ilə qarşılaşmalı olub. Ömrünün sonlarında hətta hamamda kisəçi də işləyib. “Qaf­qaz gözəli” adına layiq görülmüş talış xanım əfəndisinin həyat hekayəsi belə başa çatıb. Qeyri-adi layihəli Xan sarayı isə, dediyimiz kimi, bu günə qədər qalır və muzey kimi istifadə olunur.

Lənkəranın hazırkı rəhbərliyi şəhərin abadlığını gündəlik nəzarətində saxlayır, həm klassik üslubun qorunmasını təmin edir, həm də modern memarlığın yara­dılmasına rəvac verir. Camaat da, öz növbəsində, şəhərin gözəlliklərinə rəng qatmağa çalışır. Taleh Qaraşovun rayo­na rəhbərliyi dövründə bu cənub diyarı daha da müasirləşib, zəruri infrastruk­turu formalaşıb, yeni-yeni tikililər şəhəri daha da gözəgəlimli edib. Sözügedən binada SSRİ dövründə şəhər soveti yerləşib. Bina sonradan muzeyə çev­rilib. Sonuncu dəfə sarayın 100 illiyi ilə əlaqədar bina əsaslı şəkildə gözəl təmir olunub və işlər 2015-ci ildə başa çat­dırılıb. Həmin il Prezident İlham Əliyev Lənkərana səfərləri zamanı buraya gələrək muzeyin şəraiti ilə tanış olub.

Lənkərana gələn qonaqların hər zaman ziyarət edəcəkləri yerlərdən biri də Lənkəran Tarix Diyarşünaslıq Muzeyi, yaxud Mirəhməd xanın evidir. Muzeydə 7 minə yaxın eksponat qoru­nur. Bunlardan 3-ü Tuğra xanıma aid cehiz güzgülərdir. Onlara arxası daş güzgülər deyilir, Venetsiyadan gətirilib və xanımın şəxsi əşyalarıdır. Əslində, belə güzgülərin sayı 6 olub, 1917-ci ilin Oktyabr inqilabı dövründə saray talan olunanda onların yarısı oğurlanıb. Bu­rada Mirəhməd xana aid əşyalar da var. Bir də binada analoqu olmayan gözəl bir əşya var ki, o da çilçıraqdır. Özəlliyi ondan ibarətdir ki, deyilənə görə, zama­nında şamlarla yandırılıb, zənciri olub və aşağıya qədər çəkilirmiş. Hazırda çilçı­raq bərpa olunaraq daha da gözəlləşib, elektrik cərəyanı ilə işlədilir. Burada yer alan eksponatların böyük əksəriyyəti 16–18-ci əsrləri əhatə edir. Ovçuluq, məişət alətləri, silahlar, qadınların zinət əşyaları, sənətkarlar tərəfindən hazırlan­mış dulusçuluq məmulatları və sair var. Muzeyin ən qədim eksponatları Neolit dövründən qalma sümük bıçaqlar, daş çapacaqlardır.

...Lənkərana gedəndə dəfələrlə Xan sarayı ilə üzbəüzdəki çay bağçasın­da oturub dostlarımla söhbət etmişəm. Tez-tez də istər-istəməz baxışlarım sa­rayın üzərində ilişib qalıb. Düşünmüşəm ki, doğrudan da, bizim tariximiz, mədəniyyətimiz xalqımızın ən böyük zinəti, sərvətidir.

Əli NƏCƏFXANLI,

“Xalq qəzeti”nin bölgə müxbiri

MƏDƏNİYYƏT bölməsi