Dünyada taxıl ehtiyatının vəziyyəti narahatlıq doğurur

XARİCİ XƏBƏRLƏR
29 Sentyabr
23:50

Planetimizdə əhalinin sürətlə artması bir sıra qlobal problemlərin yaranmasına səbəb olub. Onlar içərisində insanların həyatına ən çox təsir edən amil şübhəsiz, ərzaq çatışmazlığı və qiymətlərin bahalaşmasıdır ki, bu fakt əksər dövlətlər üçün ciddi sosial təhdidlər yaradır. Odur ki, ölkələr ərzaq təhlükəsizliyinin təmin olunmasına böyük səy göstərirlər.

Təsadüfi deyil ki, son aylar ərzində dünyada taxıl və çörək məhsullarının qiymətləri sürətlə ar­tır. Hazırda taxılın dünya birjalarında qiymətləri son 14 ilin maksimum səviyyəsində qərarlaşıb. Oxşar vəziyyət qarğıdalı və günəbaxan yağı ilə bağlı da yaranıb. Planetin bir çox yoxsul ölkələrinin əhalisi isə artıq kəskin çörək qıtlığı ilə üzləşib.

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) açıqladığı statistik rəqəmlərdən aydın olur ki, son illərdə dünyada buğdanın qiymətində artım müşahidə olunur. Bunun da əsas səbəblərindən biri kimi qlobal siyasi arenada gərginliyin artması, əsasən də Ukrayna–Rusiya müharibəsi nəticəsində bu iki ölkədən ixracın xeyli azalmasıdır. Bu isə dünya bazarında həyəcana səbəb olduğu üçün qiymət artımını qaçılmaz edir. Təşkilatın qarşı­dakı illər üçün açıqladığı rəqəmlər də ürəkaçan deyil. Belə ki, araşdırmalara görə, buğdaya olan tələbatın artması və bunun fonunda istehsal-ixrac həcminin azalması yaxın illər ərzində də qiymətin enməyəcəyini göstərir.

Ekspertlərin fikrincə, ərzaq çatışmazlığı bö­yük risk doğurduğu üçün ərzaq ixracatçısı olan ölkələr bu növ məhsulların satışını nəzarətə alır­lar. Çalışırlar ki, yüksək qazanc əldə etmək üçün istehsal etdikləri məhsulun hamısını satmasın­lar. Bununla yanaşı, bir çox dövlətlər daha çox ərzaq alaraq ehtiyat yaradırlar. Hazırda ölkələrin çoxu strateji ərzaq məhsulu kimi buğdanı əsas götürürlər. Bu da səbəbsiz deyil. Çünki dünya üzrə mövcud statistika da göstərir ki, ən çox istifadə olunan kənd təsərrüfatı məhsulu məhz buğdadır.

Yeri gəlmişkən, Ukraynanın İnfrastruktur Nazirliyinin məlumatına əsasən, ötən həftə ərzaq məhsulları daşıyan 11 gəmi “Odessa”, “Çernomorsk” və “Cənub” limanlarından dünya bazarlarına yola salınıb. Bildirilib ki, gəmilərin göyərtəsində, ümumilikdə, 201 min ton kənd təsərrüfatı məhsulu var. Məlumata görə, taxıl dəhlizi işə başlayandan bəri Ukraynadan 4,58 milyon ton kənd təsərrüfatı məhsulu ixrac edilib. Ən son məlumata görə, ötən gün "taxıl dəhlizi" çərçivəsində daha 9 gəmi Ukraynadan yola dü­şüb. Bu haqda Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Ukraynadan ixracın bərpasına baxmayaraq, təəssüf ki, dünyanın taxıl ehtiyatları azalmaqda davam edir.

Mahmud QƏRİBOV,

“Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi