Yaponiya və Almaniya birgə hərbi hava təlimləri keçiriblər

XARİCİ XƏBƏRLƏR
29 Sentyabr
23:45

Son illər Yaponiya regionda kəskin artmaqda olan Çin təhlükəsini nəzərə alaraq, özünün müdafiə qabiliyyətini gücləndirməyə çalışır. Rəsmi Tokio bu istiqamətdə özü­nün ən yaxın strateji tərəfdaşı olan ABŞ ilə hərtərəfli əlaqələrini gücləndirir.

Bununla yanaşı, Yaponiya hökuməti son vaxtlar bir sıra aparıcı Qərbi Avro­pa dövlətləri ilə də hərbi əməkdaşlığını genişləndirməyə cəhd edir. Bu ölkələr arasında Avropa qitəsinin “iqtisadi loko­motivi” sayılan Almaniya ilə hərbi, iqti­sadi, texnoloji sahələrdə sıx əlaqələrin qurulması xüsusi yer tutur.

Yeri gəlmişkən, bu il fevralın 24- də Rusiyanın Ukraynaya hücumundan sonra Almaniya da özünün müdafiə xərclərini kəskin surətdə artırmağı plan­laşdırır. Bugünlərdə məlum olub ki, Ya­poniyanın özünümüdafiə hərbi-hava qüvvələri və Almaniya Federativ Res­publikasının hərbi-hava qüvvələri döyüş təyyarələrinin iştirakı ilə ilk birgə təlimlər keçiriblər.

NHK telekanalının yaydığı məlumatda deyilir ki, təlimlərdə Ya­poniya tərəfdən üç “F-2” qırıcısı, Al­maniya tərəfdən isə üç “Eurofighter” qırıcı təyyarəsi iştirak edib. Bildirilir ki, təlimlərin məqsədi iki dost ölkənin hərbçiləri arasında kommunikasiyanın qurulmasından və birgə fəaliyyət baca­rıqlarını artırmaqdan ibarət olub.

Bir çox nüfuzlu hərbi mütəxəssislər hesab edirlər ki, sözügedən təlimlərin keçirilməsi Almaniyanın da Hind–Sakit okean regionunda baş verən son hadisələri diqqətlə izlədiyini təsdiq edir.

M.HACIXANLI,

“Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi