Xarici xəbərlər

XARİCİ XƏBƏRLƏR
29 Sentyabr
23:09

Türkiyə

İlk logistika bazası

ABŞ-ın e-ticarət nəhəngi “Amazon” Türkiyədə 100 milyon dollarlıq sərmayə ilə ilk logistika bazasını işə salıb. Bu baza artan müştəri tələbatını ödəməyə və sifarişləri daha sürətli çatdırmağa kömək edəcək. İstanbulun Tuzla səmtində qurulan bazanın bir il ərzində mindən çox yeni iş yeri təmin edəcəyi gözlənilir. “Amazon”un Türkiyə üzrə meneceri Riçard Marriotun fikrincə, ən son texnologiyalar­la təchiz olunmuş yeni logistika bazası bizneslərini daha da genişləndirmək istəyən kiçik və orta müəssisələrin dəstəklənməsinə əhəmiyyətli töhfələr verəcək.

Xəbəri “Milliyyət” verib.

Belçika

Avrozonada inflyasiya artır

Avrozonada inflyasiya getdikcə artır. Bunu Avropa Mərkəzi Bankının (ECB) vitse-prezidenti Luis de Qindos açıqlayıb. Deyib ki, avrozonada inflyasiya yüksəlir, iqtisadi artım isə yavaşlayır. Ukraynadakı müharibə Avropa iqtisadiyyatında çətinliklərin yaranmasına səbəb olur. Onun sözlərinə görə, qarşıdakı aylarda iqtisadi artımın əhəmiyyətli dərəcədə ya­vaşlayacağını gözləyirik. Hətta iqtisadi artım tempinin sıfıra yaxınlaşması da mümkündür. Vitse-prezidentin sözlərinə görə, sentyabrda inflyasiyanın 9,6 faiz təşkil etməsi gözlənilir ki, bu da rekord göstərici hesab olunur.

Məlumatı TASS yayıb.

Almaniya

Hərbi yardım paketi

Almaniya Ukraynaya yeni hərbi yardım paketini açıq­layıb. Bu barədə hökumətə yaxın mənbələr məlumat yayıb. Yardım paketinə 10 körpü sistemi, 90 ədəd ağır artilleriya qoşqusu, 20 min ədəd 40 millimetrlik qumbaraatan və 6 MG3 pulemyotu daxildir. Qeyd edək ki, daha əvvəl Kansler Olaf Şolts rəsmi Berlinin Ukraynaya döyüş tankları verməməsinin səbəbini izah etmişdi. O bildirmişdi ki, bu, müharibənin daha da genişlənməsinə şərait yaratmamaq üçün atılmış addım idi.

Məlumatı “Reuters” yayıb.

Fransa

Enerji böhranı

“Total” şirkətinə məxsus ölkənin ən iri neft emalı zavodu həmkarlar ittifa­qının təşkil etdiyi tətillər səbəbindən qeyri-müəyyən müddətə bağlanacaq. Etirazlar ölkədə ener­ji qiymətlərinin artması səbəbindən işçilərin həyat səviyyəsinin aşağı düşməsi ilə əlaqələndirilir. Həmkarlar ittifaqları isə hazırda enerji qiymətlərinin artması fonunda əldə olunan yüksək gəlirin bir hissəsinin zavod əməkdaşlarını dəstəkləmək üçün istifadə edilməsini tələb edirlər.

Qeyd edək ki, bundan əvvəl ölkədəki etirazlara görə, ABŞ-ın “Exxon Mobile” şirkətinin böyük neft emalı müəssisəsi bağlanmışdı.

Məlumatı BFMTV yayıb.

İspaniya

“Barselona” həmişə onun evi olacaq”

Lionel Messi yenidən “Barselona”ya qayıda bilər. Bunu klubun iqtisadi məsələlər üzrə vitse-prezi­denti Eduard Romeu açıq­layıb. O, hazırda PSJ-də çıxış edən sabiq hücum­çunun kluba geri qayıtma­sının mümkün olduğunu bildirib. Eduard Romeu deyib: “Əgər Messi geri qayıtsa, bu, onun azad agent statusu aldığı halda mümkün olacaq. O, klubun canlı əfsanəsidir. “Barselona” həmişə onun evi olacaq”.

Qeyd edək ki, Messi 2004-2021-ci illərdə Kataloni­ya təmsilçisində çıxış edib. O, ötən ilin yayında PSJ ilə müqavilə bağlayıb. 35 yaşlı hücumçu bu mövsüm Fransa çempionatında 8 matçda 4 qol vurub, 7 məhsuldar ötürmə edib.

Xəbəri “Marca” verib.

Hazırladı: Elçin ABBASOV,

“Xalq qəzeti

XARİCİ XƏBƏRLƏR bölməsi