ABŞ-ın vitse-prezidenti və Yaponiyanın Baş naziri Tokioda görüşüblər

XARİCİ XƏBƏRLƏR
29 Sentyabr
00:14

Sentyabrın 28-də Tokioda Yaponiyanın keçmiş baş naziri Sindzo Abenin dəfn mərasimi keçirilib. ABŞ-ın vit­se-prezidenti Kamala Harris mərasimdə iştirak edib. Bu barədə “Associated Press” agentliyi məlumat yayıb. 
Qeyd edək ki, Sindzo Abe bu ilin iyulunda sui-qəsd nəticəsində qətlə yetirilib. O, Yaponiyanın ən nüfuzlu və xarizmatik siyasətçilərindən biri sayılırdı. Abe, həmçinin regionda sərt xarici siyasət xətti yeridir, ölkəsinin müdafiə qabiliyyətini gücləndirməyə ça­lışırdı. 
Dünən yüksək ABŞ rəsmisi Yaponiyanın Baş naziri Fumio Kişida ilə görüşüb. Onlar bir sıra ikitərəfli və qlobal problemləri müzakirə ediblər. Mediaya açıqlanan məlumatda qeyd edilir ki, görüşdə Rusiyanın Uk­raynaya hücumu pislənilib və problemin sülh yolu ilə həllinin vacib olduğu vurğulanıb. 
Yaponiya hökumətinin rəsmisinin bildirdiyinə görə, Sindzo Abenin dəfn mərasimində 6,5 mindən çox insan iştirak edib. Mərasimdə Fransa Preziden­ti Emmanuel Makron, ABŞ-ın keçmiş prezidenti Barak Oba­ma və digər yüksək vəzifəli şəxslər də iştirak ediblər. 
ABŞ-ın vitse-prezidenti Kamala Harrisin Yaponiyadan Cənubi və Şimali Koreya ara­sındakı hərbsizləşdirilmiş zo­naya səfər edəcəyi gözlənilir. Xanım siyasətçi buradakı amerikalı hərbçilərlə görüşlər keçirəcək. 
Cənubi Koreyanın Baş na­ziri Xan Dak Su bildirib ki, xa­nım Harrisin Cənubi Koreyaya səfəri böyük əhəmiyyət kəsb edir və Ağ evin Koreya yarı­madasında təhlükəsizliyinə və sülhə sadiqliyini bir daha nüma­yiş etdirir. 
Xatırladaq ki, iki Koreya dövləti arasında hərbsizləşdirilmiş zona 1953-cü ildə ya­rımadada ağır müharibənin da­yandırılması və atəşkəs barədə razılığın əldə olunmasından sonra yaradılıb. 
M.HACIXANLI,

“Xalq qəzeti” 

XARİCİ XƏBƏRLƏR bölməsi