İqlim dəyişikliyi bəzi xəstəlikləri artıra bilər

XARİCİ XƏBƏRLƏR
28 Sentyabr
23:45

İngiltərəli alimlərin apardıqları araşdırmaya görə, qlobal iqlim dəyişikliyi bəzi yoluxucu xəstəliklərin və vi­rusların sayının çoxalmasına səbəb ola bilər. Bu haqda tədqiqatın nəticələrinin dərc olunduğu “Nature Climate Change” jurnalında məlumat verilib. 
Bildirilir ki, hazırda elmə məlum olan 375 yoluxucu xəstəlikdən 218-i iqlim dəyişikliyi ilə əlaqədar baş verən təbii hadisələr nəticəsində daha da fəallaşıb. Ehtimala görə, bəzi təbii fəlakətlər zamanı yarasalar, siçanlar və ağcaqa­nadlar xəstəliklərin əsas daşı­yıcıları hesab olunurlar. Araş­dırmalara görə iqlim dəyişikliyi ilə əlaqədar temperaturun art­ması dəniz məhsullarının da strukturunu pozur, insan sağ­lamlığını ciddi təhlükə altına atır.
ABŞ-ın Viskonsin Universitetinin Qlobal Sağlamlıq İnstitutunun tədqiqat qrupu­nun həkimi Conatan Patz isə qeyd edir ki, iqlim dəyişikliyi zamanı xəstəliklərin riskləri də dəyişəcək. Alimin fikrincə, iqlim dəyişikliyinin səbəb ol­duğu təbii fəlakətlər insanlar­da malyariya, qızdırma, vəba və qarayara kimi yoluxucu xəstəliklərin şiddətini artıracaq. İqlim dəyişikliyi, qlobal istiləşmə və bunun nəticəsində yaranan həddindən artıq istilər, daşqın­lar, quraqlıqlar kimi hava ano­maliyaları müxtəlif vaxtlarda yoluxucu xəstəliklərin təxminən 58 faizini kəskinləşdirib. 
Hesab olunur ki, qlobal istiləşmə gələcəkdə yeni pan­demiyaların inkişafına səbəb ola bilər. Tədqiqatçılar planetdə temperatur yüksəldikcə, vəhşi heyvanların yeni yaşayış yerləri axtarmağa məcbur ola­cağını və bu amilin yeni virus­ların insanlara keçmə riskini artıracağını xüsusi vurğulayır­lar. İqlim böhranı təkcə təbiət və iqtisadiyyat üçün deyil, Yer kürəsi əhalisi üçün də böyük problemlər yaradır. Mövcud du­rum sağlamlığa ciddi təhlükələr yaratmaqla yanaşı, hər il mil­yonlarla adamın həyatına son qoyur. Belə ki, dünyada hər il 6,5 milyondan çox insan ha­vanın çirklənməsi ilə bağlı səbəblərdən ölür. Ən həssas qruplara uşaqlar, qadınlar, qo­calar və yoxsul əhali aid edi­lir. Ümumiyyətlə, həddindən artıq temperatur insan or­qanlarına mənfi təsir göstərir: ürək, böyrəklər və ağciyərlər istilikdən xüsusilə çox zərər görür. Qlobal istiləşmə allergi­ya mövsümünün uzanmasına və müxtəlif xroniki xəstəliklərin yaranmasına səbəb olur. 
Ümumdünya Səhiyyə Təşkilatı 2050-ci ilə qədər 350 milyondan 600 milyona qədər insanın iqlim dəyişikliyi səbəbindən içməli su proble­mi ilə üzləşəcəyini proqnoz­laşdırır. İqlim dəyişikliyi əksər ölkələrdə, xüsusən də Afrikada kənd təsərrüfatı istehsalına, o cümlədən, qida çatışmazlığın­da bir sıra çətinliklər yarada­caq. Bütün sadalanan faktlar siyasi münaqişələrin çoxalma­sına, yoxsulluğun artmasına və ekosistemin daha da aşınması­na səbəb olacaq. 
Mahmud QƏRİBOV,

“Xalq qəzeti” 

XARİCİ XƏBƏRLƏR bölməsi