“Hippolar: iqlim dəyişikliyi ilə mübarizə üçün dünya səyahəti” adlı sərgi təşkil edildi

MƏDƏNİYYƏT
28 Sentyabr
17:45

26 sentyabr 2022-ci il tarixində Azərbaycan Milli İncəsənət Muzeyində Mədəniyyət və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin dəstəyi, muzeyin və UNICEF Azərbaycanın birgə təşkilatçılığı ilə uşaqlar üçün iqlim dəyişikliyinə həsr olunmuş “Hippolar: iqlim dəyişikliyi ilə mübarizə üçün dünya səyahəti” adlı sərginin açılış mərasimi keçirildi.

Bu barədə "Xalq qəzeti"nə Mədəniyyət Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Sərginin əsas məqsədi uşaq və yeniyetmələrin faciəvi nəticələrdən xilas olmaq üçün iqlim dəyişikliklərinin vacibliyi, ətraf mühitin çirkləndirilməsi problemləri və bu yolda atılması zəruri olan addımlar haqqında maarifləndirilməsidir.

Tədbirdə Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev açılış nitqi ilə qonaqları salamladı. UNICEF Azərbaycanın direktoru Alex Heikens çıxış edərək iqlim dəyişikliyi problemləri barədə insanların, o cümlədən uşaq və yeniyetmələrin məlumatlandırılmasının vacibliyi, həmçinin bu sahədə səhiyyə işçilərinin rolundan danışdı. Həmçinin Pakistan İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Bilal Hayee iqlim dəyişikliklərinin Pakistanda  irimiqyaslı təbii fəlakətlərlə nəticələndiyindənn danışdı.

Sərgidə Layen Haykensin şəxsi kolleksiyasından hazırkı iqlim dəyişikliyinin faciəvi nəticələrinin simvollarından birinə çevrilən canlılar, hippopotamları əks etdirən  nümunələr nümayiş etdirilir.

Sərgidə dünyaca məşhur müəllif Denis Tomopulos tərəfindən yaradılmış, uşaqlara ətraf mühitin çirklənməsi problemlərini və planetdə iqlim dəyişikliyi ilə mübarizə yollarını izah edən “Yer kürəsi deyir” adlı cizgi filmi nümayiş etdirilir. Həmçinin, layihə çərçivəsində gənc nəslin təhsil proqramları vasitəsilə iqlim dəyişikliyi problemləri haqqında maarifləndirilməsinə yönəldilmiş “Comics Uniting Nations” toplusundan olan komikslər silsiləsi ilk dəfə olaraq Azərbaycan dilinə tərcümə edilərək ictimaiyyətə təqdim olunmuşdur. Sərgi müddətində uşaqlar və gənclər üçün xüsusi olaraq ətraf mühit və iqlim dəyişikliyi ilə bağlı məlumat turları, təqdimatlar və panel müzakirələri təşkil olunacaqdır.

Sərgi həmçinin bu ilin iyun ayında başlayan və 2030-cu ilə qədər davam edəcək, ekosistemlər dünyasının deqradasiyasının qarşısını almaq, dayandırmaq və geri qaytarmaq üçün fəaliyyətə səsləyən BMT-nin Ekosistemin Bərpası üzrə Onillik proqramının bir hissəsidir.

Sərgi cari ilin 16 oktyabr tarixinədək davam edəcək.

MƏDƏNİYYƏT bölməsi