27 Sentyabr – xalqımızı arzularına qovuşduran şərəf günü

SİYASƏT
28 Sentyabr
00:32

27 sentyabr şanlı tariximizin Vətən müharibəsi adlı qürur və fəxarət dolu səhifəsinin yazılmağa başlandığı gündür. Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən, təsis edilən bu tarixi 2 ildir ki, Anım Günü kimi qeyd edirik. Həmin gün torpaqlarımızın azadlığı uğrunda həlak olmuş, şəhidlik zirvəsinə ucalmış övladlarımızın xatirəsinə dərin ehtiramımızı bildirir, canlarından keçmiş igidlərimizin misilsiz fədakarlıqlarını xatırlayır, onların müqəddəs ruhları qarşısında dərin ehtiramla baş əyirik.

Bizə başımızı dik tutmağı öyrədənlərin qarşısında baş əyməkdən böyük ehtiram nümunəsi yoxdur. Biz onlardan öyrənirik və öyrənəcəklərimizin, öyrənməli olduqlarımızın hələ çox hissəsi gələcəkdə özünə vətəndaşlıq hüququ qazanaraq tariximizin bir parçası ol­maq üçün gözləməkdədir. Nəzərə alaq ki, 27 sentyabrla bağlı hələ çox dərin mətləblər açıl­mayıb.

27 sentyabr tarixi həm də nəsillərə miras qalacaq qəhrəmanlıq salnaməmizdəki mi­silsiz qədirbilənlik nümunəsidir. Bu nümunə milli dövlətçilik məfkurəsinin, əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyul­muş azərbaycançılıq fəlsəfəsinin təntənəsidir. Bu fəlsəfə güzəşt tanımır, torpaqdan pay verilməsinin mümkünsüzlüyünü vurğulayır. Ümummilli lider vaxtilə necə də gözəl demişdi: “Ya ayağa qalxıb torpaqlarımızı azad etməli, ya məhv olmalı, ya da millət olmadığımızı eti­raf etməliyik”.

27 sentyabr tarixi elə bir örnəkdir ki, onda Vətənimiz Azərbaycanı tam, bütöv görmək əzmi yaşayır. Bu örnək gələcək nəsillərə torpaq-yurd sevgisini aşılayan ideya qay­nağımızdır. Bu qaynaqda xalqımızın qədim keçmişdən bəri qoruyub saxladığı, taleyin acı hökmü ilə əzilmiş, ancaq sınmamış ruhunun üsyanı var. Cəmi 44 günə özünün müqəddəs hədəflərinə çatan milli qeyrət üsyanının...

Bəli, 27 sentyabr ruhumuzun, milli kimli­yimizin 30 ilə yaxın müddətdə uğradığımız ədalətsizliklərə, üzləşdiyimiz haqsızlıqlara üsyan tarixidir. Bu tarix bizi “torpağı əlindən alınmış zavallı toplum” obrazından qurtardı. Biz torpağı, yurdu qəsb olunan əhalidən bü­töv, mübariz xalqa çevrilmək üçün 44 gün­lük mücadilə yoluna çıxdıq. Birinci gündən qalibiyyətimizlə, zəfərimizlə, ilk növbədə, özümüzə inamımızı qaytardıq. Bir xalq üçün özünün olana sahiblənməkdən böyük qürur və fəxarət hissi yoxdur. Ümummilli liderimiz Heydər Əliyevin də söylədiyi kimi: “Dünya bilməlidir, o cümlədən, Ermənistan bilməlidir ki, biz heç vaxt torpaqlarımızın bir qarışını da heç kəsə verməyəcəyik”.

27 sentyabr dünyanın da Azərbaycan dövləti, Azərbaycan türkləri ilə bağlı bilməli, yadda saxlamalı olduğu tarixdir. Ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezi­dent İlham Əliyev ölkəmizə rəhbərlik etdiyi ilk gündən başlayaraq nüfuzlu beynəlxalq toplantılardakı bütün çıxışlarında dünya ictimaiyyətinə, xaricdəki erməni havadarlarına şanlı tarixi günümüzün yaşanacağının anon­sunu vermiş, ərazi bütövlüyümüzün bərpasına yönələn bütün mümkün vasitələrdən yararla­nacağımıza dair xəbərdarlıqlar etmişdi.

Azərbaycan liderinin bu istiqamətdəki saysız-hesabsız fikirlərinin hər biri dəyərlidir. Ancaq düşünürəm ki, Ermənistan üçün 27 sentyabr fəlakətinə aparan yola məhz həmin gün çıxılmışdı – 2019-cu ilin oktyabrın 3-də. Azərbaycan Prezidenti İlham Əliyev Rusi­ya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik ple­nar sessiyasında olduqca qətiyyətli şəkildə bildirmişdi: “Qarabağ Azərbaycandır və nida işarəsi!”.

Dövlət başçımız müharibənin başlanma­sına bir neçə gün qalmış da xəbərdarlıq et­miş, işğalçı ölkəni qəflət yuxusundan ayılma­ğa səsləmişdi: “Ermənistanın indiki rəhbərliyi məsuliyyətsizdir, addımlarının nəyə gətirib çı­xara biləcəyini düzgün təhlil edə bilmir”.

27 sentyabr Azərbaycan Prezidentinin təkcə Ermənistana deyil, bütövlükdə, dünya erməniliyinə vurduğu son dərəcə ağır siyasi və hərbi zərbənin başlanğıc günü oldu. Cənab İlham Əliyev müharibə müddətində şəxsi keyfiyyətlərindəki qətiyyətin, dönməzliyin diplomatik bacarıq və səriştə ilə vəhdətini nümayiş etdirərək bildirmişdi: “Biz “bunu da­yandırın, biz işləyəcəyik, danışıqlar aparaca­ğıq, yardım edəcəyik” kimi bəyanatlara qulaq asmaq mövqeyində deyilik. Biz bunu dəfələrlə eşitmişik. Bizim daha 30 il gözləməyə vaxtı­mız yoxdur. Münaqişə indi həll olunmalıdır”.

Bu məqamda, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın özündə böyük mənəvi təsir gücü daşıyan bir diləyini xatırlamaq istərdim: “Qoy uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin”.

Bəli, uca Tanrı bizə müqəddəs Qarabağ torpağını öpməyi nəsib etdi, xalqımızı arzula­rına qovuşdurdu. Demək, 27 sentyabr həm də arzularımızın çin olduğu gündür.

Ulu Tanrı Vətənimizin nicatı, xalqımı­zın xoşbəxt gələcəyi ilə bağlı bütün arzu və istəklərimizi, diləklərimizi çin eləsin!

Allah şəhidlərimizə rəhmət eləsin!

Əflatun AMAŞOV,

“Xalq qəzeti”nin baş redaktoru

SİYASƏT bölməsi