Ermənistan rəhbərliyi vaxt uzatmaqla yeni məğlubiyyətə əsas yaradır

SİYASƏT
28 Sentyabr
01:40

1998–2008-ci illərdə Ermənistanın xarici işlər naziri olmuş köhnə “həmkarım” Vardan Oskanyan bu ilin 13–14 sentyabr döyüşləri ilə bağlı bu günlərdə ölkəsinin “news.am” xəbər portalında “Əslində, nə baş verib və nə etmək lazımdır?” adlı məqalə ilə çıxış edib.

“Erməni ideyası”nın “apologetlərindən” olan Vardan etiraf edir ki, Azərbaycan Ordusu Şuşaya girəndən sonra “bütün Artsaxı işğal etmək” 4-5 saatın işi idi. Yalnız Ermənistanın kapitulyasi­ya aktına qol çəkməsi vəziyyəti xilas etmişdi. V.Oskanyan daha sonra yazır ki, 9 noyabr gecəsi, necə deyərlər, parada Prezident İlham Əliyev komandanlıq edirdi və o, Nikol Paşinyanın qarşısın­da 3 əsas tələb qoymuşdu:

a) Qarabağ ermənilərinə heç bir status verilməyəcək;

b) Zəngəzurdan Naxçıvana dəhliz açılacaq;

c) ermənilərin işğalı altındakı anklavları da daxil olmaqla sərhədlər demarkasiya və delimitasiya olunacaq.

Lakin N.Paşinyanın “simasını” xilas etmək üçün bu şərtlər ol­duğu kimi “kağıza köçürülməmiş”, sadəcə, Putinin qarant olması şərti ilə centlmen razılığı əldə edillmişdi. V.Oskanyanın fikrincə, 13-14 sentyabr döyüşlərində Şimal qonşusunun susqunluq nü­mayiş etdirməsi yalnız Rusiyanın ağır durumu ilə deyil, həm də Putinin “kişi sözü” və zəmanət məduliyyəti ilə bağlıdır. Ona görə də N.Paşinyan vədlərini yerinə yetirməyənə qədər Azərbaycan öz təzyiqlərində davamlı olacaq. Hər halda, V.Oskanyan belə ya­zır və soruşur ki, bəs çıxış yolu nədir?

Köhnədən tanıdığım Vardan burada irreal bir təkliflə çı­xış edir: guya, N.Paşinyanı siyasi səhnədən uzaqlaşdırmaqla, Azərbaycan qarşısında təhəddüdlərlə bağlı olmayan yeni nego­tiator (danışıqçı) tapmaqla, bir sözlə, Ermənistanda hakimiyyət dəyişikliyi ilə vəziyyətdən çıxmaq olar.

Xam xəyaldır!

Lap Taleyranı qəbirdən çıxarsalar da, mifik Tiqranı dirildib hakimiyyətə gətirsələr də, danışıqlarla baş qatmaq, vaxt uzatmaq daha mümkün olmayacaq. Əksinə, özlərini çıxılmaz vəziyyətə salacaqlar!

Vilayət QULİYEV,

Azərbaycan Respublikasının Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri, filologiya elmləri doktoru

SİYASƏT bölməsi