Media Reyestri jurnalistlərin hüquqlarının yüksək səviyyədə müdafiəsini təmin edəcək

SİYASƏT
28 Sentyabr
01:23

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 26 sentyabr 2022-ci il tarixli fərmanı ilə “Media Reyestrinin aparılması Qaydaları”ı təsdiq edilib. Media Reyestrinin aparılması ilə əlaqədar hüquqi və təşkilati məsələləri tənzimləyəcək bu normativ sənəd “Media haqqında” Azərbaycan Respublikası Qanununun 73.6-cı maddəsinə uyğun olaraq hazırlanıb.

“Media haqqında” qanu­nun qəbulundan sonra bu sahədə səsləndirilən dəyərli mülahizə və təkliflər “Media Reyestrinin aparılması Qaydaları”ında öz ifadəsini tapıb. Bu­nunla bağlı “Xalq cəbhəsi” qəzetinin Baş redaktoru, media eksperti Elçin Mirzəbəyli qəzetimizə açıqlamasında bildirdi: “Azərbaycan Respublikası Pre­zidentinin Fərmanı “Media haqqında” Qanunda nəzərdə tutulan bir sıra mü­hüm hüquqi tənzimlənmə mexanizmlərin hərəkətə gətirilməsi və tətbiqi baxı­mından mühüm əhəmiyyətə malikdir. Fərman media sektorunda informasiya və kommunikasiya texnologiyalarının inkişafının, fərdlərin və topluluqların in­formasiya təhlükəsizliyini təhdid edən çağırışların yaratdığı reallıqlardan sui-istifadə hallarının məhdudlaşdırılmasına, vətəndaşların, jurnalistlərin, habelə me­dia subyektlərinin hüquqlarının qorun­masına önəmli töhfə vermək məqsədi daşıyır.

Öncə qeyd edim ki, Media Reyestrinə bəzi maraqlı qruplar və onların yanlış, yaxud məqsədyönlü təbliğatının təsiri altına düşən şəxslər tərəfindən hansısa mücərrəd, ölçüyə gəlməyən anlayışla­rın “məhdudlaşdırılması” kontektindən təqdimatı kökündən yanlışdır. “Media haqqında” Qanun və onun tələbindən irəli gələn Media Reyestri hüquqi plat­formadır, bütün tərəflərin hüquqlarının və öhdəliklərinin müəyyənləşdirildiyi, subyektiv mülahizə və qərarlara im­kan verməyən hüquqi normalar məcmusudur. Bunun alternativi xaos, ozbaşınalıq, dərəbəylik, vətəndaşların, media subyektlərinin və jurnalistlərin hü­quq və azadlıqlarının kobud şəkildə po­zulmasına zəmin yarada biləcək hüquqi nihilizmdir.

Hüquqi dövlətdə heç bir sahə, o cümlədən media sektoru hüquqi tənzimləmələrdən kənarda qala bilməz və qalmamalıdır da. Bu baxımdan, Me­dia Reyestrinin aparılmasının qaydaları­nın müəyyənləşdirilməsinə və tətbiqinə bütün media subyektləri və jurnalistlər üçün bərabər imkanlar və rəqabət nü­hiti yaradan platforma kimi yanaşmaq lazımdır.

Digər tərəfdən, nəzərə almaq lazım­dır ki, jurnalistlərin Media Reyestrinə daxil edilməsi könüllülük prinsi­pi əsasında aparılacaq və həmçinin media subyektləri də onlarla işləyən jurnalistlərə özlərinə məxsus vəsiqələri verməkdə tam müstəqil olacaqlar. Yəni hansısa şəxsin adının Media Reyestrinə daxil edilməməsi onun peşə fəaliyyəti ilə məşğul olmasına heç bir maneə yarat­mayacaq. Amma Media Reyestrinə da­xil olmaq həm jurnalistlər, həm də media subyektləri üçün bir sıra iqtiqamətlərdə, xüsusilə də sosial və digər güzəştlərdən faydalanmaq baxımından daha geniş im­kanlar açacaq. Çünki Media Reyestrinə daxil olmaqla, media subyektləri müvafiq peşə standartlarına cavab verdiklərini, medianın klassik və modern institutları­nın əks olunduğu bir müstəvidə çalışdıq­larını, yəni peşəkar fəaliyyətlərini ortaya qoyacaqlar. Bu isə bərabər və ədalətli rəqabət mühitinin açarıdır.

Reyestr medianın inkişafına dəstək layihələrinin iqtisadi və hüqu­qi əsaslandırmasının formalaşdırıl­masına imkan verəcək. Yəni media subyektləri öz inkişaflarını təmin etmək üçün əsaslandırılmış biznes layihələri ilə çıxış edəcək və bunun qarşılığın­da həm ölkənin qeyri-neft sektorunun, sahibkarlığın, həm də medianın inkişa­fı üçün nəzərdə tutulan güzəştlərdən faydalana biləcəklər. Həmçinin Media Reyestrində yer alan informasiyaların əlçatanlığı, digər mühüm elektron in­formasiya sistemlərinə inteqrasiyası bu sahədə, xüsusilə də peşə fəaliyyəti ilə bağlı şəffaflığın təmin olunması­na, neqativ halların qarşısının alınma­sına, o cünlədən media subyektləri, habelə jurnalistlərin hüquqlarının daha yüksək səviyyədə müdafiəsinin təmin edilməsinə imkan yaradacaq.

Media Reyestri jurnalistika sahəsində peşəkar fəaliyyətin hüquqi nizama salınmasıdır və sözün bütün mənalarında, mediaya peşəkar faəliyyət istiqaməti kimi baxanlara, bütün hüquq və azadlıqları kompleks şəkildə dərk edənlərə, medianı öz həyatının ayrılmaz bir parçası hesab edənlərə, kəsəsi, me­dianın daimi sakinlərinə layiq olduqları imkanları yaradacaq”.

Beynəlxalq Avrasiya Mətbuat Fon­dunun (BAMF) sədri Umud Rəhimoğlu isə açıqlamasında Media Reyestri­nin məqsədinin media subyektlərinin sayının müəyyənləşdirilməsi, bunun­la da media subyektlərinin və onların işçilərinin hüquqlarının müdafiəsi mexa­nizminin formalaşdırılması, akkreditasi­ya prosedurunun daha sürətli, eyni za­manda, səmərəli gerçəkləşdirilməsinin təmin edilməsi, bu sahədə fəaliyyətin stimullaşdırılması olduğuna diqqət çəkib. BAMF-in sədri daha sonra deyib: “Haqlı olaraq hər birimiz “Media Re­yestri jurnalistlərə nə verəcək” sualına cavab axtarırıq. Bu reyestrə daxil ola­caq jurnalistlərə vəsiqələrin verilməsi, onlar üçün müəyyən imtiyazların müəyyənləşdirilməsi media sahəsindəki çatışmazlıqları, problemləri daha tez aradan qaldırmağa kömək edəcək. Reyestrdən keçən mətbuat orqanları üçün gələcəkdə həm reklam bazarın­da, həm də digər məsələlərdə müsbət istiqamətlər açılacaq”.

Umud Rəhimoğlu açıqlamasın­da, həmçinin Media Reyestrinin KİV-in sənədləşdirilməsi üçün vahid mənbə rolunu oynayacağını vurğulayaraq, ha­zırda media fəaliyyəti ilə məşğul olan qurumların müxtəlif strukturlarda qey­diyyatda olduqlarını diqqətə çatdırıb: “Vergi Xidməti, DSMF, notariat, “ASAN Xidmət” və digər qurumlarda müxtəlif sənədləşmələr qeydiyyatdan keçir. Reyestr bütün bu sənədləşməni bir resursda cəmləyəcək. Bu isə heç bir halda jurnalistin yaradıcı fəaliyyətinə müdaxiləni nəzərdə tutmur. Media, həm də biznes strukturudur. Əgər sən han­sısa media layihəsini ərsəyə gətirmək istəyirsənsə, o zaman orada əmək hü­quqlarını, işçilərin qanunla tələb olunan statuslarını, hüquqi öhdəliklərini icra etməlisən. Bu baxımdan Reyestr həm də jurnalistlərin öz rəhbərlərindən hüquqla­rını tələb etmək, media rəhbərlərinin isə öz öhdəliklərini icra etmək baxımından bir baza ola bilər”.

BAMF-nin sədri açıqlamasının so­nunda Media Reyestrinin işə düşməsi ilə dövlətin də, vətəndaşın da ölkədə neçə media subyektinin, o cümlədən jurna­listin olduğunu biləcəyini, jurnalistlərin sosial şəraitlərinin stimullaşdırılmasına şərait yaradılacağını da xatırladıb.

V.BAYRAMOV,

“Xalq qəzeti”

SİYASƏT bölməsi