Türkiyə Putin və Zelenskinin görüşünü təşkil etməyə çalışır

XARİCİ XƏBƏRLƏR
27 Sentyabr
23:59

Ankara Türkiyənin prioritetlərinə əsaslanan müstəqil xarici kurs həyata keçirir. Biz heç bir kənar təzyiqi qəbul edə bilmərik. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Nazirlər Kabinetinin iclasından sonra keçirdiyi brifinqdə bəyan edib. Məlumatı “Anadolu” verib.

Türkiyə liderinin sözlərinə görə, Türkiyənin xarici siyasət sahəsindəki səyləri, o cümlədən vasitəçi kimi rolu xaricdə hamı tərəfindən bəyənilir. Ankara, eyni za­manda, həm Rusiya, həm də Ukrayna ilə dialoqu davam etdirir, diplomatik sahədə əhəmiyyətli uğurlara nail olur. Bu, “taxıl dəhlizi” və əsirlərin mübadiləsi ilə bağlı razılaş­maların əldə olunmasında özünü göstərib.

Türkiyənin dövlət baş­çısı əsirlərin dəyişdirilməsi məsələsində razılıq əldə olun­masına görə Rusiya və Uk­rayna prezidentləri Vladimir Putin və Volodimir Zelenskiyə təşəkkürünü bildirib. Ərdoğan deyib: “Türkiyə Rusiya və Uk­rayna prezidentlərinin görüşü­nün təşkilinə və müharibənin tezliklə başa çatdırılmasına çalışır”.

Prezident bəyan edib ki, bu günə qədər “taxıl dəhlizi” vasitəsilə 5 milyon tondan artıq aqrar məhsul ixrac edi­lib. Onun sözlərinə görə, Ankara Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrlə də əlaqələri dərinləşdirməyə ha­zırdır.

Prezident Ərdoğan həm də Yunanıstanın hərəkətləri ilə əlaqədar regionda yaran­mış gərginlik və təxribatlara da diqqət çəkib. O bildi­rib: “Nə hərbi gücün artırıl­ması, nə iqtisadi və siyasi dəstək Yunanıstanı Türkiyə ilə bərabər səviyyəyə qaldıra bilməz, amma bunlar Yuna­nıstanı dartıb böhran bataq­lığına salmaq üçün kifayətdir. Yunanıstanın ayrı-ayrı regi­onlarında daha çox işğala ox­şayan hərbi gücün artırılması Türkiyəni deyil, yunan xalqını narahat etməlidir”.

Ərdoğan Afinaya xəbərdarlıq edib ki, Türkiyə özünün regiondakı maraqları­nı qorumaq üçün vaxtı çatan­da sərəncamında olan bütün rıçaqları hərəkətə gətirməyə hazırdır.

Türkiyə Prezidenti Yuna­nıstanın təxribatlarını yunan dövləti və xalqı, eləcə də Afi­nanın siyasətini idarə edənlər üçün “təhlükəli oyun” adlandı­rıb.

Paşa ƏMİRCANOV,

“Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi