Ukraynadakı müharibə dünya iqtisadiyyatına 2,8 trilyon dollara başa gələcək

XARİCİ XƏBƏRLƏR
27 Sentyabr
23:47

Əgər Ukraynada müharibə gələn ilin sonuna qədər davam edərsə, bu, dünya iqtisadiyyatına təxminən 2,8 trilyon dollar ziyan vuracaq. Sərt qış Avropada enerji təminatının pozulmasına da gətirib çıxaracaq. Bu barədə "The Wall Street Journal"da bildirilib.

Qeyd olunur ki, müharibə bütün dünyada, xüsusən də Avropada ener­ji qiymətlərində bahalaşmaya səbəb oldu. Bu isə dövlətlərin və əhalinin gəlirlərinin azalmasına gətirib çıxar­dı. Hərbi əməliyyatlar biznes mühitinin pisləşməsinə, həmçinin bəzi iri şirkətlər arasında qarşılıqlı etimadın zəifləməsinə səbəb olub. Müharibə ölkələr arasında mövcud tədarük zəncirlərini pozmaqla yanaşı, ərzaq və digər zəruri istehlak malların çatışmazlığına da səbəb olub.

Dünya Bankının proqnozlarına görə, qlobal iqtisadiyyat bu il 3 faiz, 2023-cü ildə isə 2,2 faiz artmalıdır. Hal­buki, müharibədən əvvəl 4,5 faiz ar­tım gözlənilirdi. Beləliklə, Ukrayna müharibəsi dünyaya Fransa iqtisadiyya­tının bu iki ildə hasilatına bərabər məbləğ bahasına başa gələcək.

Xəbərdə daha sonra vurğulanır ki, COVID-19 pandemiyasının təsirlərinin davam etməsi, digər tərəfdən gün keçdikcə müharibənin şiddətlənməsi qlobal iqtisadi sahədə əldə olunan müsbət göstəriciləri yenidən aşağı sürükləyir, o cümlədən qida məhsulları və enerji üzrə qiymətlərin yüksəlməsinə təzyiq göstərir.

Avropalı iqtisadçı ekspertlər enerji qiymətlərinin yenidən artacağı təqdirdə, "köhnə qitə" iqtisadiyyatının daha kəskin tənəzzüllə üzləşə biləcəyindən narahat­dırlar. Belə ki, təbii qazın qiyməti ilin so­nuna qədər 50 faiz artarsa, 2023-cü ildə avropalıları daha çətin günlərin gözlədiyi şübhə doğurmur. Onu da bildirək ki, hələ may ayında Dünya Bankının pre­zidenti Devid Malpass Ukraynadakı müharibənin qlobal resessiyaya səbəb ola biləcəyi barədə xəbərdarlıq etmişdi.

Göründüyü kimi, Rusiya–Ukray­na müharibəsi, bunun fonunda bəzi ölkələrdə artan geosiyasi gərginlik, xüsusilə ticarət və texnologiya sahəsində mövcud iqtisadi parçalanma dünyanın iqtisadi və geosiyasi nizamını əsaslı şəkildə dəyişə bilər.

Mahmud QƏRİBOV,

“Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi