Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi Küveytdə də anılıb

SİYASƏT
27 Sentyabr
23:12

Azərbaycanın Küveytdəki səfirliyində 27 Sentyabr – Anım Günü ilə bağlı tədbir keçirilib.

"Xalq qəzeti" AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Küveytdəki Azərbaycan icmasının üzvləri, ölkəmizdə təhsil almış küveytli tələbələr, diplomatlar iştirak ediblər.

Tədbir iştirakçıları 44 günlük Vətən müharibəsində, o cümlədən Ermənistanın təxribatları nəticəsində həlak olmuş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Ölkəmizin Küveytdəki müvəqqəti işlər vəkili Vidadi Həsənov Azərbaycanın işğalçı Ermənistan üzərində Qələbəsi ilə nəticələnən Vətən müharibəsindən bəhs edib, bu Zəfərin hər bir azərbaycanlının qəlbində qürur mənbəyi olduğunu vurğulayıb. O, həmçinin 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatın Ermənistan tərəfindən yerinə yetirilməməsi, düşmənin təxribatlarına cavab olaraq Azərbaycanın müzəffər Ordusunun həyata keçirdiyi “Qisas” və “Qətiyyətli cavab” hərbi əməliyyatlarının məqsəd və nəticələri barədə danışıb. Diplomatımız işğaldan azad olunmuş ərazilərdə sürətli bərpa və quruculuq işlərinin həyata keçirildiyini, “Böyük Qayıdış”ın ilk mərhələsi kimi Zəngilanın Ağalı kəndinə məcburi köçkünlərin qayıtdığını, eləcə də sülh danışıqları çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin 5 prinsipdən ibarət şərtlər irəli sürdüyünü diqqətə çatdırıb.

V.Həsənov söyləyib ki, Azərbaycan beynəlxalq hüququn prinsipləri, xüsusilə də suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığına ciddi riayət olunması əsasında Ermənistanla münasibətlərin normallaşmasına hazır olduğunu bəyan edib.

Sonra şəhidlərin fotoşəkillərindən ibarət slayd nümayiş etdirilib, Vətən müharibəsi və “Şuşa İli”nə həsr edilmiş fotostendlərə baxış olub.

Küveytin bir sıra yerli xəbər saytlarında Azərbaycan XİN-in Anım Günü ilə bağlı Bəyanatı da yayımlanıb.

SİYASƏT bölməsi