Bolqarıstanda miqrantlarla bağlı vəziyyət gərginləşib

XARİCİ XƏBƏRLƏR
26 Sentyabr
23:57

Müasir qloballaşma dövrü bəşəriyyət qarşısında yeni çağırışlar və reallıqlar ortaya çıxardı. Heç şübhəsiz ki, hazırda ən çox rast gəlinən və eşitdiyimiz ifadə “böhran” sözüdür. Dünya maliyyə böhranı, enerji böhranı, iqtisadi böhran, beynəlxalq hüququn qarşılaşdığı ədalət böhranı, mənəvi dəyərlərin aşınması böhranı və sair. Təsadüfi deyil ki, sadalanan problemlər sırasında qanunsuz miqrasiya problemi xüsusilə aktualdır.

Təəssüf ki, son illərdə dəniz yolu ilə Avropaya keçmək istəyən miqrantları daşıyan gəmi və qayıqların qəzaya uğraması, həmçinin onların müvəqqəti yaşadığı düşərgələrdə baş verən yanğınlar nəticəsində xeyli sayda insanın həlak olması barədə xəbərlər artmaqda davam edir.

Ötən gün Bolqarıstanın cənub-şərqində qeyri-qanuni miqrant axını ilə əlaqədar mürəkkəb mənzərə yaranıb. Bununla əlaqədar hökumət ərazidə fövqəladə vəziyyət elan edib. “Reuters” xəbər verir ki, bununla bağlı yerli sərhəd polisi, jandarma, həmçinin müvafiq bölgədə yerləşən ordu hissələri yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. Daxili İşlər naziri İvan Demerciev bildirib ki, “biz sərhədlərimizi qeyri-qanuni miqrantlardan qorumaq üçün fəal tədbirlərə başlayırıq”.

Rəsmi məlumata görə, Bolqarıstanın Türkiyə və Yunanıstana yaxın olan sərhədlərində yerləşən Burqas, Yambol və Haskovo bölgələrində müvafiq məhdudiyyətlər tətbiq edilib. Onu da qeyd edək ki, Bolqarıstan rəsmiləri son iki ay ərzində ölkənin cənub-şərqində, ümumilikdə, 2500-dən çox qeyri-qanuni miqrantın saxlanıldığı barədə məlumat verib.

Yeri gəlmişkən, rəsmi Sofiya Türkiyə ilə sərhəddə qeyri-qanuni miqrasiya məsələsində son illər müsbət nəticələr əldə edib. Belə ki, sərhədlər boyu 236 kilometr uzunluğunda tikanlı məftillərin çəkilməsi, Türkiyə–Bolqarıstan sərhədində sərhədçilərin işini xeyli asanlaşdırıb. Bundan başqa, Avropa İttifaqının (Aİ) maliyyə və maddi-texniki yardımı ölkədə qeyri-qanuni miqrasi­yanın azalmasına öz töhfəsini verib. Nəticədə, miqrantlar Yunanıstana doğru axışıb.

Sonda qeyd edək ki, Beynəlxalq Miqrasiya Təşkilatının yaydığı məlumata görə, Afrika, Yaxın Şərq və digər ölkələrdən Ara­lıq dənizini keçərək Avropaya gəlməyə çalışarkən ölən miq­rantların sayı durmadan artır. Təsadüfi deyil ki, adıçəkilən dəniz miqrantlar arasında “ölüm dənizi” adlandırılır.

Mahmud QƏRİBOV,

“Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi