Erməni xalqı artıq müharibədən, övladlarının başqa torpaqda yersiz ölümündən bezib

MÜSAHİBƏ
24 Sentyabr
01:39

Müsahibimiz Milli Məclisin deputatı, Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elman Nəsirovdur.

Elman müəllim, son günlər İrəvanda keçirilən aksiya getdikcə geniş vüsət alır, ölkədə siyasi vəziyyət gündən-günə pisləşir. Bunun səbəbini necə izah edərdiniz?

– Həqiqətən də elədir. Son günlər Ermənistanda daxili vəziyyət getdikcə pisləşir, siyasi böhran dərinləşir. 2020-ci il noyabrın 10-dan sonra İrəvanda vəziyyət daha da gərginləşib. Ermənistanın acına­caqlı məğlubiyyətindən sonra erməni xalqı Nikol Paşinyanın və komandasının istefa­sını tələb edir. Xüsusilə, müharibədə həlak olmuş və itkin düşmüş hərbçilərin valideynləri aksiyalar keçirir, mənasız müharibəyə son qoyulmasını tələb edirlər. İkinci Qarabağ müharibəsindəki acınacaqlı məğlubiyyətdən ibrət götürmək əvəzinə, sərhədboyu ərazilərdə tez-tez təxribatlar törədən erməni silahlı birləşmələrinin Azərbaycan Ordusu tərəfindən aldığı zərbələrdən sonra İrəvanda yenidən aksiyalara start verilib. Bu dəfə 2020-ci il müharibəsində ölmüş erməni hərbçilərinin yaxınları və müxalifət nümayəndələri də parlamentin ətrafına toplaşıblar. Onlar baş nazir Nikol Paşinyanın istefası tələbiylə aksiya keçirirlər. Aksiya iştirakçıları Azərbaycanla başlanan növbəti gərginliyin günahkarının Paşinyan olduğunu sübut etməyə çalışırlar.

Məlum olduğu kimi, sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan–Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində geniş­miqyaslı təxribat törətmişdi. Qarşı tərəfin Basarkeçər, İstisu, Qarakilsə və Gorus yaşayış məntəqələri istiqamətində yerləşən bölmələri tərəfindən Azərbaycan Ordusu­nun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki bəzi mövqeləri, sığınacaqlar və dayaq məntəqələri müxtəlif çaplı silahlar, o cümlədən, minaatanlardan intensiv atəşə tutuldu. Nəticədə, şəxsi heyət arasında itkilər oldu, hərbi infrastruktura ziyan dəydi. Azərbaycan Ordusu bu dəfə də Ermənistan silahlı qüvvələrinə ciddi zərbələr endirdi. Erməni silahlı birləşmələrinin çoxlu sayda can­lı qüvvəsi məhv edildi və strateji əhəmiyyətli yüksəkliklər qəhrəman ordumuzun nəzarətinə keçdi.

Silahlı Qüvvələrimizin gücü erməniləri ciddi təşvişə salıb. Ona görə də müharibənin dərhal dayandırılması və Paşinyanın istefası tələbi ilə aksiyalara başlayıblar. Son hadisələr fonunda Ermənistanda vəziyyət gərginləşib. Müxalifət mövcud durumdan istifadə edərək, bu dəfə Paşinyanın istefasına nail olmağa çalışır. Amma keçirilən aksiya onu göstərir ki, bu dəfə erməni xalqı hansısa hakimiyyət davası deyil, əksinə, mənasız müharibəyə son qoymağı tələb edir. Çünki rəsmilərdən və müxalif siyasilərdən fərqli olaraq, artıq erməni xalqı bu müharibənin onlara xeyir gətirməyəcəyi, əksinə yaxınlarına, doğmala­rına, o cümlədən, əzizlərinə mənasız ölüm və əzablar gətirəcəyini gözəl bilirlər. Aksiya iştirakçıları Azərbaycanla başlanan növbəti gərginliyin günahkarının Paşinyan və onun komandasının olduğunu iddia edirlər.

Düzdür, xalqın bu istəyindən sui-istifadə edərək, hakimiyyətə gəlməyə cəhd edənlər də var. Onlar bütün vasitələrlə çalışırlar ki, xalqın müharibəyə son qoymaq tələbini öz maraqla­rına uyğunlaşdırsınlar. Amma bütün hallarla yanaşı, keçirilən aksiya onu göstərir ki, erməni xalqı artıq müharibədən, övladlarının başqa torpaqda yersiz ölümündən bezib.

– Artıq İrəvanda da hamıya məlumdur ki, erməni hərbçilərinin törətdiyi bu təxribat Paşinyanın əmri ilə baş tutub. Fiaskoya uğrayan bu təxribat revanşistlərin növbəti etiraz dalğası üçün stimul yaratmayıbmı?

– Paşinyanın əmrilə erməni hərbçilərinin törətdiyi bu təxribat da əvvəlkilərtək fias­koya uğradı. Bu dəfə də erməni hərbçiləri ciddi qulaqburması aldılar və atəş nöqtələri darmadağın edildi. Söz yox ki, Paşinyan və komandası itkilər barəsində əhaliyə dəqiq məlumat vermirlər. Canlı qüvvə ilə yanaşı, Ermənistanın strateji hərbi obyektləri də məhv edilib. İrəvandan Gorusa gedən nəqliyyat yoluna nəzarət üçün Azərbaycan Ordusu strateji mövqe əldə edib. Nəticədə, Paşinyana qarşı revanşistlərin növbəti etiraz dalğası üçün stimul yaranıb. Amma 44 günlük müharibədə biabırçı məğlubiyyətə uğrayan Paşinyan yenə də hakimiyyətini qoruyub saxladı. Bunun əsas səbəbi isə odur ki, onu devirmək istəyənlər erməni xalqının gözündə çoxdan nüfuzdan düşmüş revanşist qüvvələrdir.

Əslində, erməni xalqının müharibə etmək niyyəti yoxdur. Onlar yaxşı bilirlər ki, müharibə Ermənistan üçün növbəti faciə, fəlakət olacaq. Buna baxmayarq, hakimiyyətə gəlmək istəyən revanşistlər də Azərbaycanı müharibə ilə hədələyirlər. Ancaq revanşistlər içərisindən, “Qarabağ klanı”ndan kimlərinsə hakimiyyətə gəlmək ehtimalı sıfıra bərabərdir. Belə olan halda, müharibədə iştirak etməyən, xalqı müharibə aparmağa çağırmayan, Qarabağ münaqişəsi ilə birbaşa bağlı olmayan adamlar Paşinyan üçün daha ciddi rəqibə çevriləcək. Hesab edirəm ki, bu baxımdan milyarder Vardanyan əsas fiqurlardan biri kimi nəzərdən keçirilir. O da dəfələrlə deyib ki, onun bu müharibədə heç bir iştirakı olmayıb, Qarabağ­la bağlı hər hansı siyasi qərarın qəbulunda iştirak etməyib. Düşünürəm ki, Paşinyan devrilərsə, yerinə Vardanyanın gəlməsi ehtimalı daha yüksəkdir. Amma bu gün Ermənistanda çıxış yolu haqqında heç kimdə konkret təsəvvür yoxdur. Güclü Azərbaycan Ordusu bu ölkənin bütün sütunlarını sarsıdıb, indi diktə etdiyimiz şərtlərdən başqa, heç bir sağlam çıxış yolları qalmayıb.

– Sizə elə gəlmirmi ki, Ermənistan bu təxribatları törətməklə dünya ictimaiyyətini inandırmağa çalşır ki, Qarabağ münaqişəsi hələ də bitməyib?

– Əslində, mən də bu fikirdəyəm. Son bir ay ərzində Ermənistan tərəfinin silahlanması və sərhədboyu ərazilərə qoşun toplaması yaxın vaxtlarda genişmiqyaslı təxribatların baş verəcəyinə işarə idi. Yəni sentyabrın 12–14-də baş verənlər, əslində, gözlənilən idi. Ermənistanın hərbi-siyasi rəhbərliyinin təhriki ilə belə genişmiqyaslı təxribatlar törədən işğalçı ordu hər vəchlə beynəlxalq ictimaiyyətə çatdırmaq istəyir ki, Qarabağ münaqişəsi hələ bitməyib. İrəvan hələ Qarabağın statu­sunun müəyyənləşmədiyini və bunun üçün ATƏT-in Minsk qrupuna ehtiyac olduğunu sübut etməyə çalışır. Amma bizim sözügedən məsələ ilə bağlı qətiyyətli mövqeyimiz ortada­dır: daha nə status var, nə Minsk qrupu.

Artıq beynəlxalq ictimaiyyətə də bəllidir ki, Minsk qrupu tarixin arxivinə atılıb. Əslində, bu qrupu məhv edənlər həmsədrlərin özləri oldu. İyirmi səkkiz il ərzində bir addım belə irəliləməyən qrupun faliyyətsizliyi göz qaba­ğında idi. Minsk qrupu ötən 30 ildə nəinki problemi həll etmədi, hətta münaqişənin nizamlanmasına mane oldu. Hesab edirəm ki, son təxribatlarda erməni lobbisi və di­asporunun xüsusi rolu var. Çünki onların Qarabağ probleminə həmişə ehtiyacları var. Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması erməni diaspor və lobbisinə sərf etmir. Amma bütün hallarda yenilməz ordumuz təcavüzkara bu dəfə də öz gücünü göstərdi. Əslində rəşadətli ordumuz Ermənistanın hərbi-siyasi təxribatına məruz qalaraq cavab vermək və öz təhlükəsizliyinin təmin olunması üçün adekvat addımlar atmaq məcburiyyətində qaldı.

– Əvvəllər olduğu kimi, bu dəfə də təxribatlar Qarabağ ərazisində yox, sərhəddə törədildi. Düşmənin məqsədi nədir?

– Düşmən çox hiyləgərdir. Ancaq öz məkrli niyyətini həyata keçirə bilmir. Ermənistan cidd- cəhdlə çalışır ki, bir sıra beynəlxalq təşkilatları Azərbaycana qarşı qaldırsın. Əsas məqsəd Azərbaycanın atacağı adekvat addımlar nəticəsində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) münaqişəyə cəlb etmək idi. Hətta KTMT-nin onlayn toplantısı keçiril­di. Amma bu cəhdlər mənasızdır. Biz bütün addımlarımızı beynəlxalq hüquq çərçivəsində atırıq. BMT nizamnaməsinin 51-ci maddəsində göstərilib ki, ərazisi təcavüzə məruz qalmış dövlətin fərdi və kollektiv müdafiə hüququ var. Biz də bu hüququmuzdan istifadə etdik. Ona görə də heç bir təşkilatın və ya dövlətin ölkəmizin daxili işlərinə qarışmaq hüququ yox­dur. Əslində, hər dəfə uduzan tərəf təcavüzkar ölkə olur. Ermənistan silahlı qüvvələrinin son hərbi təxribatı indiyədək aparılan danışıqlar prosesini, xüsusilə də Moskvada, Soçidə və Brüsseldə keçirilən bütün danışıqların mahiyyətini alt-üst etdi. Avropa İttifaqı Şura­sının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə aparılan son danışıqlarda Ermənistan həm sülh müqaviləsini imzalamağa hazır olduğu­nu bildirdi, həm də qəbul etdiyi bəyanatda qeyd etmişdi ki, noyabrın ortalarına qədər sülh müqaviləsinin iki versiyası da hazır ola bilər. İstisna deyildi ki, ilin sonuna qədər sülh müqaviləsinin imzalanması baş tuta bilərdi. Ancaq ilk dəfə deyil ki, Nikol Paşinyanın riya­kar, ikiüzlü siyasətinin şahidi oluruq. Verdiyi vədi bir saatdan sonra pozmaq, tədbirdə bir söz, kənarda isə başqa söz demək ölkə başçı­sına yaraşan xüsusiyyət deyil. Paşinyan məhz belə “dövlət başçısı”dır.

Əslində Ermənistan belə təxribatlarla sülh müqaviləsinin imzalanmasını əngəlləmək istəyir. Bunu istəməsinə səbəb dünyadakı, xüsusilə, Birləşmiş Ştatlarda, Fransada və Rusiyadakı erməni lobbisi və diasporudur. Onlar çox ciddi təzyiq göstərirlər ki, belə bir sülh müqaviləsi imzalanmasın. Ermənistanın baş naziri isə baxmayaraq ki, 5 baza prinsipini qəbul edib, amma hər zaman deyir ki, Qara­bağdakı ermənilərin hüquq və təhlükəsizliyi məsələsi açıq qalıb. Bu kontekstlə ermənilərin status məsələsi aydınlaşmalıdır, bunu isə guya, ATƏT-in Minsk qrupu tənzimləməlidir. Bunlar yalnız xülyadır və xülya olaraq qala­caq. Ermənistanın sonuncu irimiqyaslı hərbi təxribatı, ilk növbədə, ona yönəlmişdi ki, sülh müqaviləsinin imzalanması prosesinin önünə keçsinlər. Hesab edirəm ki, bu əməliyyatdan sonra Ermənistanın sülhdən başqa alter­nativi olmayacaq. Çünki müharibə olsa, bu Ermənistan dövlətinin sonunun başlanğıcı olar.

Müsahibəni qələmə aldı: Əliqismət BƏDƏLOV,

 “Xalq qəzeti”

MÜSAHİBƏ bölməsi