Qala qəsəbəsində “Yıldırım ömrü” adlı tədbir keçirilib

XƏBƏRLƏR
16 Sentyabr
21:30

“Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisində yerləşən Əntiq Əşyalar Muzeyində Azərbaycanın ünlü mühacir şairi Almas İldırımın anadan olmasının 115, vəfatının 70-ci ildönümü münasibəti ilə “Yıldırım ömrü” adlı ədəbi-bədii tədbir keçirilib. Tədbirin aparıcısı – Milli Məclisin Mədəniyyət komitəsinin eksperti, Beynəlxalq “Alaş” Ədəbiyyat mükafatı laureatı Əkbər Qoşalı Almas İldırımın ömür yolu və bu tədbirin təşkilini zəruri edən mənəvi ehtiyacdan, vəfa borcundan söz açıb. O, tədbirin Milli Məclisin Mədəniyyət komitəsi, Xəzər Rayon İcra hakimiyyəti və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə baş tutduğunu bildirib, qonaqları təqdim edib. 

    “İçərişəhər” DTMQİ İdarə Heyətinin sədri Şahin Seyidzadə və Xəzər Rayon İcra hakimiyyətinin başçısı Elşən Salahov tədbir iştirakçılarını salamladıqdan sonra Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva çıxış edib. O, tədbirin və  Almas İldırıma həsr olunmuş kitabın Azərbaycanda ilk təqdimatının şairin doğulduğu Qala qəsəbəsində təşkilini könül işi, vəfa öhdəliyi kimi dəyərləndirib. Azərbaycanın qurtuluşu uğrunda mübarizə aparan və şüurlu həyatının böyük hissəsini Qaladan, Bakıdan və Azərbaycandan uzaqlarda keçirən şair, müəllim Almas İldırımın 115 illik yubileyi münasibətilə hazırlanmış “Bir Vətəndən bir Vətənə Almas Yıldırım” kitabının yazılmasını və kitabın ilk təqdimatının Türkiyədə keçirilməsinin də təsadüfi olmadığını vurğulayıb. 
Q.Paşayeva Almas İldırımın Azərbaycanı Türkiyədən, Qalanı Elazığdan ayırmadığını, bütün həyat və yaradıcılığına da qardaşlıq ruhunun hakim kəsildiyini söyləyib. O, şərəfli ömrünü ölkəmizin istiqlaliyyətinə həsr etmiş, öz amalından geri dönməmiş, doğulduğu el-obadan didərgin salınmış şairin ruhunu şad edən ən əsas amil kimi Azərbaycanın öz dövlət müstəqilliyini bərpa etməsini göstərib. Özəlliklə, 44 günlük Vətən müharibəsindəki tarixi Zəfərin haqq dünyasında olan ziyalılarımızın, istiqlal aşiqlərinin ruhunu şad etdiyini deyib. Komitə sədri Qalada şairin ev muzeyinin yaradılması, abidəsinin qoyulması, Almas İldırım Türk dünyası Şeir Festivalının keçirilməsi təşəbbüsü ilə çıxış edib. 
Milli Məclisin deputatları Soltan Məmmədov, Rauf Əliyev, Tamam Cəfərova, Elnur Allahverdiyev, Türkiyədəki “Əhməd Yəsəvi Dərnəyi” İctimai Birliyinin sədri Dr.Fatma Sönməz, “Türk yurdu” jurnalının baş redaktoru, yazıçı-tərcüməçi İmdat Avşar, AYB-nin katibi İlqar Fəhmi, QKTC-nin Bakıdakı nümayəndəliyinin Təhsil, Mədəniyyət attaşesi Tevfik Ulual, sözügedən kitabın həmmüəllifi Dos.Dr. Faiq Ələkbərli, Almas İldırımın qohumu Hacıağa Almaszadə və başqa çıxış edənlər onun keçdiyi çətin, amma şərəfli ömür yolundan, mühacirlik həyatından, vətəncanlı yaradıcılığından, milli ruhun qorunması, zənginləşdirilməsi yönündəki xidmətlərindən danışıb. Əməkdar artist Azad Şükürov Almas İldırımın şeirini səsləndirməsi, Dövlət Akademik Opera və Balet Teatrının solisti, tanınmış xanəndə Mütəllim Dəmirovun, muğam müsabiqəsinin qalibi Məmməd Nəcəfovun ifası tədbirə xüsusi rəng qatıb. 

Hazırladı:
Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti” 

XƏBƏRLƏR bölməsi