Əmrah Gəziçi: Türkiyə hər zaman Azərbaycanın yanındadır

MÜSAHİBƏ
16 Sentyabr
00:50

Ermənistanın Azərbaycanla sərhəddə hərbçilərimizin şəhid olması ilə nəticələnən ağır təxribatları Türkiyə ictimaiyyəti arasında dərin hiddət və qəzəb doğurub. Qardaş ölkənin siyasi dairələri bu hadisəni kəskin pisləyən açıqlama və bəyanatlarla çıxış edirlər.

Dünən hakim partiya – AKP-nin Kutahyadan 27-ci dönəm millət vəkilliyinə namizədi Əmrah Gəziçi ilə əlaqə saxladıq. Özünün “Xalq qəzeti”nin köhnə dostu olduğunu xatırladan Əmrah bəy Bakıdan gələn zəngə çox sevindiyini bildirdi:

– Can Azərbaycandan olan əziz qardaşlarımla hər bir yeni ünsiyyət mənim üçün əziz və dəyərlidir. Sizin səsinizi eşidib mutlu oldum. Sizi yaxşı tanıyır, qələminizə də bələdəm. Yaxşı yadımdadır, iki il əvvəl, İkinci Qarabağ savaşı ərəfəsində məndən müsahibə götürübsünüz.

O ki qaldı Ermənistanın qar­daş Azərbaycanla sərhəddə ağır təxribatlarına, dərhal qeyd etmək istəyirəm ki, fikrimcə, bunlar gözlənilən idi. Ermənistan azad, müstəqil dövlət deyil, Paşinyan və onun komandası Cənubi Qafqaz re­gionunda sülhün bərqərar olunmasını arzulamayan, bu prosesə hər vəchlə zərər vurmağa cəhd edən bəlli dünya güclərinin iradəsindən asılıdır.

Bir də ermənilər, təəssüf ki, öz xeyirlərini bilən millət deyil. Onlar qonşu xalqlar və dövlətlərlə sıx, normal əlaqələr qurub, sülh, əmin-amanlıq və rifah içində yaşamaq əvəzinə, türklərə və başqa xalqlara qarşı əsassız torpaq iddiaları ürəli sürür, düşmənçilik edirlər. Mən son iki-üç gün ərzində erməni silah­lı dəstələrinin Laçın, Kəlbəcər və Zəngilanda törətdikləri vəhşi, bəd əməlləri kəskin qınayıram. Bunlar sivil dövlətə yaraşan hallar deyil.

Bu hadisə zamanı şəhid olan Azərbaycan oğullarına dərin hüznlə başsağlığı verir, Allahdan onların hər birinə rəhmət diləyirəm. “Başın sağ olsun, Azərbaycan!” – deyirəm. Bütün qazilərə Allahdan şəfahət diləyirəm.

Qeyd etmək istəyirəm ki. biz kos-qocaman Türkiyə olaraq, hər zaman Azərbaycan xalqının və dövlətinin yanındayıq. Haqq-ədalət sizin tərəfinizdədir. Reallıq budur ki, Azərbaycan iqtidarı regionda sülhün bərpa olunması üçün çalışır, Ermənistan isə buna hər vəchlə mane olur. Amma, təəssüf ki, təcavüzkarı açıq-gizli arxa, həyan duranlar da az deyil.

– Əmrah bəy, bu il sentyabrın 15-i 1918-ci ildə qəhrəman Nuru paşanın komandanlığı ilə Bakının erməni daşnaklarından azad olun­duğu gün idi. Azərbaycan xalqı onun azadlığı uğrunda canlarından keçən türk əsgərlərini bu gün də qədirbilənliklə xatırlayır...

– 1918-ci ilin 15 sentyabrı təkcə Azərbaycanın deyil, bütün türk xalq­larının tarixinə qızıl hərflərlə yazılıb. Bu, çox qürurverici hadisədir. Belə möhtəşəm zəfərləri heç vaxt unutmaq olmaz. Millət şanlı keçmişi və tarixə sədaqəti ilə millət olur.

Mən Azərbaycan məbuatını yaxın­dan izləyirəm. Türkiyə–Azərbaycan qardaşlığı barədə dərc olunan səmimi yazılar məni çox təsirləndirir. Bu sahədə sizin “Xalq qəzeti” öndədir. Fürsətdən istifadə edib yaradıcı kollektivinizə təşəkkür edirəm.

Azərbaycan və Türkiyə xalqlarının dostluğu tarixin ən ağır sınaqlarından üzüağ çıxıb. Bu, dünən də belə olub, bu gün də belədir, sabah da belə olacaq. Bu dostluğa, qardaşlığa heç bir qüvvə kölgə sala bilməz!

Bizim böyük liderimiz sayın Rəcəb Tayyib Ərdoğan hər dəfə Türkiyə–Azərbaycan dostluğundan söz açanda türk tarixinin ən vətənpərvər şairlərindən olan mərhum Bəxtiyar Vahabzadənin bu misralarını böyük şövqlə söyləyir:

Bir ananın iki oğlu,

Bir amalın iki qolu.

O da ulu, bu da ulu

Azərbaycan–Türkiyə!

Böyük şair necə də möhtəşəm yazıb. Bəli, Türkiyə ilə Azərbaycanın dostluğu. qardaşlığı əbədidir, sarsıl­mazdır!

– Siz uzun illərdir siyasətlə məşğulsunuz. Bu gün yeni dünya nizamı ilə bağlı çox sayda fikir və düşüncələr səslənir. Sizin bu məsələ ilə bağlı mövqeyiniz necədir?

– Bu, yaxşı sualdır. Görünən budur ki, dünya bu gün çalxalanır. Planetin çox yerində ağır münaqişə ocaqları yaranıb. Dünyada nizam-tərəzi qurulması, bəşəriyyət fəlakətə sürüklənə bilər. Çox şey Rusiya–Uk­rayna savaşının nə ilə bitəcəyindən asılıdır. Bir sözlə, dünya yol ayrıcın­dadır.

Bu məqamda, təbiətlə belə bir müqayisə yerinə düşərdi. Fikir veribsinizsə, uca zirvələrdən gələn səs-küylü dağ çayları düzən, aran yerlərə çatanda aramla axmağa baş­layır. Fikrimcə, bu gün od tutub yanan dünyanın yeni, daha ədalətli nizama kəskin ehtiyacı var. Köhnə qaydalar işləmir, yenisi də yaranmayıb.

Çıxış yolu varmı? Əlbəttə, var! Türkiyə bu istiqamətdə əlindən gələni edir. Sayın Ərdoğan düz deyir: “Dün­ya, həqiqətən “beş”lərdən böyükdür.” Birqütblü dünyanın dövrü başa çatıb. Çoxqütblü dünyaya keçid mütləq lazımdır.

Mən əminəm ki, yeni dünya düzənində Türkiyə dövləti və bü­tün qardaş türk dövlətləri öz layiqli yerlərini tutacaqlar. Buna görə də bizə bu gün birlik və həmrəylik hava-su kimi lazımdır.

Düşmənlərimiz bu gün Türkiyənin hərtərəfli yüksəlişinə hər cür maneələr törədirlər. Lakin Türkiyə haqq-ədalət uğrunda mücadilə aparır. Allaha əmanət olsun, doğma Türkiyəm, əziz Azərbaycanım!

– Ermənilər son günlər vay-şüvən qoparıb bütün dünyanı Azərbaycanın əleyhinə qaldırmaq istəyirlər. Bizdə bir misal var: “Oğru elə bağırdı ki...”

– O misal bizdə də var. “Oğru elə bağırdı ki. doğrunun bağrı yarıldı.” Ermənilər yaxın və uzaq tarixin əvvəlki dönəmlərdə olduğu kimi, bu dəfə də tamamilə haqsızdırlar. Onlar öz məkrli niyyətlərinə yenə də nail ola bilməyəcəklər.

Lakin düşmənin cavabını hər zaman vaxtında və qətiyyətlə vermək lazımdır. Dünyaya başa salmaq lazımdır ki, bu gün Cənubi Qafqazda Zəngəzur dəhlizinin açılması regio­nun tərəqqisinə yalnız müsbət təsir göstərə bilər. Ermənilər hazırda bu re­gionda bəzi beynəlxalq qüvvələrin si­farişi ilıə iri nəqliyyat-kommunikasiya layihələrinin icrasına mane olurlar.

Amma, ermənilərin bölgəyə inkişaf və tərəqqi gətirəcək layihələrin qarşı­sını bloklamaq cəhdləri səhv olduğu qədər də əbəsdir. Zəngəzur dəhlizinin açılması zaman məsələsidir. Bundan ən çox faydalananlardan biri də məhz ermənilərin özləri olacaqlar. Ümid edirəm ki, Ermənistanda gec-tez sağ­lam məntiq və düşüncə qalib gələcək.

– Əmrah bəy, Azərbaycanın ən yaxın dostlarından biri olaraq xalqımıza nə arzulayırsınız?

– Hər zaman xoşbəxt və mutlu olsunlar. İki il bundan əvvəl 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı və dövləti əl-ələ verib böyük tarix yazdı, doğma torpaqlarını işğal­çıdan azad etdi.

Son onillər boyu dünyada çox az ölkəyə öz torpaqlarını azad etmək nəsib olub. Xoşbəxtlikdən, Azərbaycan xalqı buna nail ola bilib. Azərbaycan dövlətinin daha güc­lü, qüdrətli olmasını arzulayıram. Müzəffər, qalib Prezident İlham Əliyev dediyi kimi, biz birlikdə güclüyük!

– Müsahibə üçün təşəkkür edirik!

– Can Azərbaycandakı bütün dostlara salamlar olsun!

Söhbəti qələmə aldılar: İlqar RÜSTƏMOV,

Məsaim ABDULLAYEV,

“Xalq qəzeti”

MÜSAHİBƏ bölməsi