Onların borcu Vətəni qorumaq idi, bizim borcumuz isə onların adını yaşatmaqdır

MÜSAHİBƏ
13 Sentyabr
00:11

Azərbaycan qürurlu-qələbəli tarix yaşayır. Tariximizin təhrifdən qorunub saxlanılmasında başlıca vəzifə arxivlərin üzərinə düşür. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi “Milli Arxiv Fondu haqqında” Qanuna uyğun olaraq, 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Vətən övladlarının əziz xatirəsinin əbədiləşdirilməsi, həmçinin onlara aid olan sənədlərin vahid şəxsi arxiv fondunda toplanılması, mühafizəsi, istifadəsi və gələcək nəsillərə ötürülməsi məqsədilə müvafiq tədbirlər görür. Bu istiqamətdə II Vətən müharibəsinin Şirvan şəhərindən olan 24 şəhidinin 300 saxlama vahidindən ibarət olan şəxsi sənədləri Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Dövlət Arxivinin (ARDA) Şirvan filialına təqdim olunub. Daha ətraflı məlumat vermək üçün ARDA Şirvan filialının direktor vəzifəsini icra edən Nəsibə xanım Məmmədova ilə olan müsahibəni təqdim edirik:

 

– Nəsibə xanım, müsahibəmizin əsas mövzusu arxivlərdə II Vətən müharibəsi şəhidlərinin şəxsi mənşəli arxiv fondunun yaradılma­sıdır. Zəhmət olmasa deyin, şəxsi mənşəli arxiv fondu nədir?

– Bir şəxsin, ailənin, nəslin həyat və fəaliyyəti nəticəsində yaranan və hər hansı təşkilatın fəaliyyətində istifadə olunmayan yazılı materialla­rın məcmusu şəxsi mənşəli sənədlər hesab olunur. Fiziki şəxslərdən, vətəndaşlardan dövlət mühafizəsinə qəbul edilən sənədlərdən şəxsi mənşəli arxiv fondu və yaxud arxiv kolleksiyası yaradılır. Şəxsi mənşəli arxiv fondunun özü də şəxsi fonda, ailə fonduna və nəsil fonduna bölü­nür. Şəxsi fond – bir şəxsin həyatı, elmi və xidməti fəaliyyəti, yaradıcılığı, xatirəsinin əbədiləşdirilməsi zamanı yaranan sənədlərdən formalaşdırılır; Ailə fondu – bir ailənin üzvlərinin həyatı və fəaliyyəti nəticəsində yara­nan sənədlərdən formalaşdırılır; Nəsil fondu – bir nəslin (ata, oğul, baba) və onlara yaxın olan qohumların həyat və fəaliyyəti nəticəsində yaranan sənədlərdən formalaşdırılır.

– ARDA Şirvan filialında nə qədər şəxsi mənşəli arxiv sənədləri mühafizə olunur?

– Nəzərinizə çatdırım ki, 435 № li “Vətən Müharibəsi Şəhidləri- Zəfərimizin Qəhrəmanları” Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Şirvan filialında yaradılan ilk şəxsi mənşəli fonddur. Növbəti addımımız 44 günlük Vətən müharibəsində qəhrəmancasına vuruşmuş qazilərimizin sənədlərini toplamaq, onların şəxsi mənşəli fondunu yaratmaq olub. Xüsusilə fərqlənmiş, orden və medallarla təltif olunmuş hərbçilərimiz var. Onların hekayələri, döyüş yolları ətraflı araş­dırılaraq qələmə alınacaq. Onların hər biri Şirvan şəhəri, hətta ölkə üçün nümunə göstəriləsi insanlardır. Yetişməkdə olan yeni nəslin milli ruhda böyüməsi üçün canlı arxiv olan qəhrəmanlarımızın döyüş yolunu bilmələri olduqca vacibdir. Həmçinin Şirvan şəhərinin aydınlarının, dəyərli şair, publisist, alimlərinin də şəxsi mənşəli fondları yaradılacaq, ya­radıcılıq fəaliyyətlərini əks etdirən sənədləri fonda daxil ediləcəkdir.

– Şirvan filialında mühafizə olunan sənədlərdən kimlər və necə istifadə edə bilər?

– Vətəndaşlar, idarə, müəssisə və təşkilatlar, tədqiqatçılar rəsmi sorğu vasitəsilə bizə müraciət edir və filialı­mızda saxlanan sənədlərdən müvafiq qaydada informasiya, arxiv arayışları, arxiv sənədlərindən surətlər əldə edə bilirlər. Eləcə də, arxiv əməkdaşları mühafizə olunan sənədlər barədə maraqlı yazılarla mətbuatda çıxış edirlər. Arxivin illik iş planına uyğun olaraq məktəblilərlə, tələbələrlə görüşlər, sərgilər keçirilir.

– Qeyd etdiyiniz kimi, ar­tıq Şirvan şəhidlərinin şəxsi sənədlərinin və fotoalbomlarının surətlərindən ibarət kolleksiyası Şirvan filialında 435 № li “Vətən Müharibəsi Şəhidləri – Zəfərimizin Qəhrəmanları” adlı fondda mühafizə olunur. Fond necə yarandı?

– Azərbaycan dövləti tərəfindən şəhid ailələri və Vətən müharibəsi iştirakçılarına diqqət və qayğı həmişə diqqət mərkəzində sax­lanılıb. Əsası ilk dəfə ulu öndər Heydər Əliyev tərəfindən qoyulan fundamental sosial siyasi ənənənə bu gün müzəffər Ali Baş Komandan İlham Əliyev, eləcə də, birinci xanım Mehriban Əliyeva tərəfindən davam etdirilir. Bu siyasi kursun davamı olaraq “Milli Arxiv Fondu haqqında” Qanuna istinadən, 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Vətən övladlarının əziz xatirəsinin əbədiləşdirilməsi, həmçinin onlara aid olan sənədlərin vahid şəxsi arxiv fondunda toplanılması, mühafizəsi, istifadəsi və gələcək nəsillərə ötürülməsi məqsədilə müva­fiq tədbirlərin keçirilməsinə dair Milli Arxiv İdarəsinin tövsiyələri məni çox sevindirdi. Düşünürəm ki, damarla­rında azərbaycanlı qanı dolaşan hər bir vətəndaş xalq üçün , millət üçün əlindən gələni əsirgəməməlidir. On­ların borcu Vətəni qorumaq idi, bizim borcumuz isə onların adını daimi ya­şatmaq, xatirələrini qoruyub gələcək nəsillərə ötürməkdir.

24 siyahıya 300 saxlama vahidi daxildir. Hər vərəqdə bir qəhrəmanlıq yatır. Bunlar arasında şəhidlərimizin şəxsi qeydləri olan dəftərləri, ana­larına yazdıqları məktublar, qələmə aldıqları şeirlər, hətta çəkdikləri rəsmlər də yer alıb. Bu fondun yaranması mənim üçün 24 fərqli ailə ilə yaxından tanış olmaq, kədəri də, qüruru da onlarla birgə yaşamağın nə demək olduğunun fərqinə var­maq idi. Fond materiallarını topla­maq iki ay ərzində baş tutdu. Bu iki ayda mən özümə 24 ev qazandım. Xalqımıza məxsus səmimiyyət və qonaqpərvərliklə qarşılandım. Ailələr sənədlərin toplanmasına şərait yaratdılar. Onlarla birgə çörək kəsdik. Ailələrin psixoloji vəziyyəti, qəhrəman balalarından gözləri dola-dola, qü­rurla bəhs etmələri insanın ruhunu titrətməyə bilməzdi. İnsanı qürurlan­dıran məqamlardan biri də odur ki, cəbhə xəttindən çox uzaq bir bölgədə doğulub böyümələrinə baxmayaraq, torpağın hər qarışını Vətən bilib, can qoyan igidlər diyarıdır Azərbaycan.

– Bu, çox gözəl haldır ki, şəhid valideynləri ilə şəxsən tək-tək görüşmüsüz. Şəhid valideynləri ilə söhbətlərinizdən nələr yadınızda qalıb?

– Elə analar var ki, onlar hamımı­zın anası, elə oğullar var ki, onlar ha­mımızın balasıdır. Şəhid valideynləri bu günümüzün müqqəddəs ata və analarıdır. Həmsöhbət olarkən öz məsləhətlərindən qalmırdılar. Demək olar ki, hər birinin sözləri yaddaşımdadır. Sevincləri, kədərləri ürəyimdədir. Onların gənc nəslə ümu­mi bir məsləhəti var: “Balalarınızın sayını artırın”.

Qəhrəmanımız Zülfiqarlı Zey­nalın atası Alim kişinin sözləri heç vaxt yadımdan çıxmaz: “3000 şəhid anasının kədər göz yaşlarından 350 milyon türk dünyasının sevinc yaşlarında qızıl güllər bitir”. Bu cümlədə qəhrəmanlıq yatır, qürur yatır. Bu cümlədə türkçülük yatır, vətənpərvərlik yatır.

“Mən öləndə kəfənimi Şuşanın ağ buludlarından biçərsiz” deyən bir şəhid atası...

Anaların hamısının ürək parçala­yan sözü: “Elə darıxmışam ki, balam üçün” ....

Şəhid Mənəfli Əlinin anası Simuzər xanım “ Bu dünyada hər şeyimiz var, bircə balam yoxdur. Elə darıxıram ki, o dünyaya gedib balama qovuşacağım günü gözləyirəm”.

Şəhid Əliyev Elçinin anası Rahilə xanım “ Mən nə bilərdim ki, evimdə şəhid böyüdürəm, saçlarıma şəhid əlləri sığal çəkir”.

Şəhid Məharət Həsənovun gül balası 9 yaşlı Ramilin ürək dağlayan sözləri : “Anam mənə deyir salavat çək, atanı görəcəksən, mən hər gecə yatanda da salavat çəkirəm, səhər oyananda da, amma atamı görə bilmirəm.....”

Xatırladım ki, mən də iki oğul böyüdürəm. Şəhid valideynlərindən uşaqları necə vətənpərvər böyütmək lazım olduğunu bir daha öyrəndim. Müharibə gözüyaşlı qalan şəhid sevgiləri, tanıdıqlarımız və tanımadıq­larımız gizli qalan sevgilər, yarımçıq hekayələr, atasız böyüyən, hətta atasız doğulan balalar qoydu geridə. Bizim borcumuz hər zaman bu öv­ladların gələcəyi naminə əlimizdən gələnləri etməkdir.

– Həyəcanınız, hissləriniz doğmadır, Nəsibə xanım.

– Şəhid Alişanlı Amalın şəxsi dəftərində yazdığı bu sözlər məni çox təsirləndirdi:

“Ana qədrini bilməyən oğul əsgərlik məqamı çatanda bilər.

Ana əllərinin hərarətini dəmir çarpayıda yatanda bilər”

– Sonda arxiv işinin məsuliyyətini oxuculara necə izah edərdiniz?

– Mən bu məqamda ulu öndər Heydər Əliyevin bir kəlamını xatır­latmaq istərdim: “Tarixi olduğu kimi qəbul etmək, dərk etmək və olduğu kimi qiymətləndirmək lazımdır. Tarixi təhrif etmək də olmaz, tariximizdəki qara ləkələri, qara səhifələri unut­maq da olmaz”. Tariximizi yaşa­dan yer isə arxivdir. Bu sahədə arxiv işçilərinin məsuliyyəti daha böyükdür. Hər zaman çalışırıq ki, öhdəmizə düşən vəzifəni layiqincə yerinə yetirək. Mənfur düşmənlərimiz olmayan faktları sənədləşdirərək, arxivləşdirib tarixini saxta yollarla zənginləşdirməyə çalışırlar. Biz hər zaman çalışmalıyıq ki, xalqımızın qəhrəmanlıqlarını arxivləşdirək. Arxiv faktdır, danılmazdır. Bizim xalqın xəmiri qəhrəmanlıqla, azadlıq uğrun­da mübarizə ilə yoğrulub. Bu yerdə sözlərimi yenə də ulu öndər Heydər Əliyevin çox sevdiyim bir kəlamı ilə bitirmək istərdim: “Arxiv işlərinə gərək çox ciddi fikir verək. Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən yeganə mənbədir. İkinci də ona görə ki, tariximizi təhrif edənlərin qarşısını almaq üçün çox mühüm amildir”.

Təqdim etdi: Rizvan FİKRƏTOĞLU,

“Xalq qəzeti”

MÜSAHİBƏ bölməsi