Nəsimi rayonunda şəhid ailələri və qazilərin rifahının yaxşılaşdırılması prioritet məsələdir

MÜSAHİBƏ
7 Sentyabr
01:18

Vətəndaşların dövlətin idarə olunmasında iştiraka cəlb edilməsinin qanunçuluq, könüllülük, şəffaflıq, plüralizm və bərabərlik prinsipləri ilə həyata keçirilən mütərəqqi, demokratik üsullarından olan ictimai iştirakçılığın formalarından biri icra hakimiyyəti orqanlarının və yerli özünüidarəetmə orqanlarının yanında yaradılan məşvərətçi qurumlardır. Bakı Şəhər Nəsimi Rayon İcra Hakimiyyəti (RİH) yanında yaradılmış İctimai Şura­nın fəaliyyəti təqdir olunmaqla, ölkəmizdəki analoji təsisatlara nümunə kimi göstərilə bilər. Şuranın sədr müavini Eltun Süley­manovla görüşüb bu qurumun fəliyyəti ilə yaxından tanış olmaq üçün müsahibə aldıq.

– Eltun müəllim, əminəm ki, söhbətimiz kifayət qədər maraqlı olacaq və oxucularımız da bu müsahibədən istər Nəsimi Rayon İcra Hakimiyyətinin, istərsə də təmsil etdiyiniz İctimai Şuranın fəaliyyətinə dair faydalı məlumatlar əldə edə biləcəklər.

– Adından da göründüyü kimi, təmsil etdiyim qurum ictimai təsisatdır.Biz mütəmadi olaraq vətəndaşları fəaliyyətimiz barədə, həm də Nəsimi Rayon İcra Hakimiyyətinin fəaliyyəti barədə ətraflı məlumatlandırmalıyıq. Əlbəttə, icra hakimiyyətinin rəsmi saytında görülən işlər barədə mütəmadi olaraq məlumatlar, açıqlamalar təqdim olunur. Amma istənilən halda, canlı ünsiyyətdən doğan fikir mübadiləsi tam fərqli təəssüratlar yaradır.

– İlk növbədə Nəsimi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın formalaşması prosesi barədə bir qədər ətraflı məlumat almaq istərdik. Şura necə formalaşıb, üzvləri necə seçilib? Ümumiyyətlə, İctimai Şuraya kimlər üzv ola bilər? Qurumun hansı vəzifələri və səlahiyyətləri var?

– Nəsimi Rayon İcra Hakimiyyəti yanında İctimai Şura “İctimai iştirak­çılıq haqqında” Azərbaycan Respub­likasının Qanunu, həmin qanunun icrasının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin və “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin müvafiq bəndləri rəhbər tutularaq rayon icra hakimiyyəti başçısının sərəncamı ilə təşkil olunmuşdur. Qeyd edim ki, Nəsimi Rayon İcra Hakimiyyətində ictimai şuranın sərbəst və bütün tərəflərə eyni münasibət göstərməklə formalaşdırılması üçün normal şərait yaradılıb. Tam məsuliyyətlə deyirəm ki, bu gün İctimai Şuranın irəli sürdüyü bütün rəy və təkliflərə Nəsimi Rayon İcra Hakimiyyətində “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. Daxil olmuş rəy, irad və təkliflər rayon icra hakimiyyəti tərəfindən müzakirə edilib qiymətləndirildikdən sonra onların nəzərə alınmasına və ya rədd edilməsinə dair on dörd gün ərzində əsaslandırılmış qərar verilir və dərc edilir.

Bizim əsas vəzifələrimiz isə Azərbaycan Respublikasının Kons­titusiyasına və qanunlarına, habelə digər normativ hüquqi aktlara riayət etmək, şuranın fəaliyyəti barədə əhalini məlumatlandırmaq; fəaliyyətimizə dair illik hesabat hazırlamaq və müzakirə olunan məsələlərə qərəzsiz yanaşmaq­dan ibarətdir

– Söz yox ki, sakinlərin razılığı, vətəndaşların məmnunluğu istənilən qurumun fəaliyyətini səciyyələndirə biləcək ən önəmli meyardır. Təbii ki, bu məmnunluğun yaranmasında əsas amillərdən biri də sosial-məişət problemlərinin nə dərəcədə həll olunması, insanların yaşadıqları ərazilərin nə dərəcədə abad olması və digər bu kimi məsələlərlə bağlıdır. Yeri gəlmişkən, bu gün paytaxtın mərkəzi ərazilərindən olan Nəsimi rayonunda həyata keçirilən abad­lıq-quruculuq işləri barədə nə deyə bilərsiz?

– Məlumdur ki, təkcə paytaxt Bakıda deyil, respublikamızın bütün region­larında aparılan abadlıq-quruculuq işlərinin həcmi, vüsəti getdikcə böyüyür. İki il bundan öncə möhtərəm Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu Vətən müharibəsində böyük zəfər qazandı. Bu gün isə Azərbaycan işğaldan azad edilmiş ərazilərdə misli görünməmiş quruculuq işləri aparır.

Əlbəttə ki, paytaxtın mərkəzi ərazilərini əhatə edən Nəsimi rayonu bütün bu tarixi proseslərin fonundan da kənarda qala bilməz. Son illərdə rayo­numuzun ərazisində abadlıq-quruculuq işləri geniş vüsət almışdır. Ötən müddət ərzində rayon ərazisində yüzlərlə ümumi yaşayış binalarının fasadlarında əsaslı təmir işləri görülüb. Küçələr boyu yaşıllıq zolaqları, yeni parklar salınıb, işıqlandırma sistemləri və oturacaqlar dəyişdirilib. Bir çox ünvanlarda asfalt örtüyü vurulub, yeni bardyurlar qoyu­lub. Binlarda köhnə liftlər yeniləri ilə əvəz olunub, yüzlərlə pəncərə və qapı dəyişdirilib.

Bir məqamı xüsusilə vurğulamq istərdim. Biz, İctimai Şuranın üzvləri olaraq, vətəndaşlarla mütəmadi qeyri-rəsmi görüşlər keçiririk, söhbət aparırıq. Xüsusilə rayon ərazisində “Abad həyət” və “Bizim həyət” layihələri çərçivəsində görülən işlər böyükdən kiçiyə ha­mını məmnun edir. RİH başçısı Asif Əsgərovun yüksək təşkilatçiliq bacarığı mühüm nailiyyətlər qazanmağa imkan yaradır..

– Rayon ərazisində “Abad həyət” və “Bizim həyət” layihələri çərçivəsində görülən işlərdən, tam da olmasa, müəyyən qədər biz də məlumatlıyıq. Ən azından bu işlərin nəticələri göz önündədir və hər kəs onları müşahidə edir. Bu ilin birinci yarısında reallaşdırılan layihələr barədə konkret məlumat vermənizi istərdik.

– Bu ilin ilk 6 ayı ərzində aparılan abadlıq-quruculuq işləri həqiqətən ürəkaçandır.

Həsən Seyidzadə küçəsi 17,21 saylı ünvanlarda binaların əsaslı təmiri, həyətlərdə abadıq işləri başa çatmış, 22 fevral 2022-ci il tarixdə açılış olmuşdur; Moskva prospekti 90, 92 saylı ünvan­larda əsaslı təmir işləri 2022-ci il mart ayında başa çatmışdır, “Abad Həyət” layihəsi çərçivəsində həyətdə açılış olmuşdur; Nizami küçəsi 121 saylı ünvanda əsaslı təmir işləri başa çatmış, həyət abadlaşdırılmış və mart ayın­da sakinlərin istifadəsinə verilmişdir, A.Məhərrəmov küçəsi 45, 47 saylı bina­ların əhatəsində yerləşən həyət “Abad həyət” layihəsi çərçivəsində abadlaşdı­rılmış, 19 aprel 2021-ci il tarixdə açılışı olmuşdur; Alı Mustafayev küçəsi 41 saylı ünvanda binanın fasadında və həyətində abadlıq işləri 14 iyun 2022-ci il tarixdə başa çatmışdır. Akademik Topçubaşov küçəsi, akademik Mirqa­sımov küçəsinin kəsişməsindən Vaqif prospekti ilə kəsişməyə qədər olan yolda əsaslı təmir işləri aparılmış, yeni piyada səkiləri salınmışdır. Cəlil Məmmədquluzadə küçəsi Bakıxanov küçəsinin kəsişməsindən S.Əsgərova küçəsi ilə kəsişməyə qədər yolun əsaslı təmiri başa çatmışdır. Cəlil Məmmədquluzadə küçəsində və Azad­lıq prospekti ilə S.Zeynalov küçəsinin kəsişməsindən Ş.Bədəlbəyli küçəsi ilə kəsişməyə qədər yollar əsaslı təmir olu­nub. Vurğulamaq istərdim ki, rayonda sürətli quruculuq işləri davam edir.

– İnsanları ümumi, necə deyərlər, ictimai problemlərdən başqa narahat edən şəxsi xarakterli problemlər də olur. Bu baxımdan Nəsimi Rayon İcra Hakimiyyətində vətəndaşlarla iş necə qurulub?

– Siz də bilirsiniz ki, bir insanın problemini həll etmək üçün ilk növbədə onu dinləmək, ən azından problemin mahiyyətindən xəbərdar olmaq lazımdır. Məhz bu baxımdan Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov mütəmadi olaraq keçirdiyi vətəndaşlarla görüşlər, səyyar qəbullar böyük önəm kəsb edir. Mən özüm də İctimai Şuranın üzvü kimi, demək olar ki, bu qəbulların əksəriyyətində iştirak edirəm. Və mən bilirsiz nəyi müşahidə etmişəm? İnsanlar hər belə görüşə inamla, böyük ümidlə gəlirlər. Bilirlər ki, RİH başçısı­nın hər bir sözünün, vədinin arxasında əməli işlər, nəticələr durur. Hər bir vətəndaş diqqətlə dinlənilir, qarşılaş­dığı problem ətraflı şəkildə öyrənilir və onun aradan qaldırılması üçün konk­ret tədbirlər görülür. Vətəndaşlar icra hakimiyyətinə ən müxtəlif problemlərlə müraciət edirlər və əksər hallarda bu problemlər az vaxtda öz həllini tapır. Xüsusi olaraq bir məqamı önə çəkmək istəyirəm. Elə siz özünüz də Nəsimi RİH-nin rəsmi saytına daxil olsanız bunu görə bilərsiz.

– Bu günün ən həssas, ən vacib mövzularından biri, bəlkə də birin­cisi şəhid ailələri, müharibə vete­ranları və qazilərə göstərilən dövlət qayğısı ilə bağlıdır. Nəsimi Rayon İcra Hakimiyyətinin şəhid ailələri və qazilərin rifahının yaxşılaşdırılması istiqamətində gördüyü işlər barədə nə deyə bilərsiniz?

– Həqiqətən də bu gün Azərbaycanda şəhid ailələrinə, müharibə iştirakçılarına və qazilərə yüksək səviyyədə diqqət və qay­ğı göstərilir. Prezident İlham Əliyev bütün dövlət qurumları qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini əsas vəzifə olaraq müəyyən edib. Təbii ki, bu sahədə dövlət siyasətinin həyata keçirilməsinin məsuliyyəti də daha çox məhz icra orqanlarının üzərinə düşür. Ölkəmizdə olduğu kimi, Nəsimi rayonunda da Vətən müharibəsi qazilərinin və şəhid ailələrinin sosial problemlərinin həll olunması, onlara mənəvi dəstək göstərilməsi kimi məsələlər ra­yon rəhbərliyi tərəfindən prioritet istiqamət kimi müəyyən edilmişdir. İcra hakimiyyəti tərəfindən ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi hər zaman dərin ehtiramla yad edilir. Onların ailə üzvləri, həmçinin müharibə zamanı öz sağlamlığını itirmiş qazilərimiz mütəmadi ziyarət edilir, eləcə də rayon icra hakimiyyəti başçısı aparatında qəbul olunaraq müraciətləri Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi tərəfindən araşdı­rılır və aidiyyəti üzrə müvafiq tədbirlər görülür.

Xatırladım ki, Vətən müharibəsi zamanı 704 nəfər Nəsimi rayon sakini səfərbərliklə hərbi xidmətə yollanmış­dır. Vətən müharibəsində iştirak edən 704 nəfərdən 105-i müxtəlif dərəcəli travma və xəsarətlər almış, onlardan 51 nəfərinə müxtəlif dərərcəli əlilliklər təyin olunmuşdur. Nəsimi rayon ərazisində qeydiyyatda olan 37 şəhid ailəsi və 39 Vətən müharibəsi əlili Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamları ilə mənzil növbəsinə götürülmüş və onlardan 24 şəhid ailəsi və 29 Vətən müharibəsi əlili artıq mənzillə təmin olunmuşdur. Rayon icra hakimiyyətinin müraciəti əsasında şəhid ailələri və Vətən müharibəsi iştirakçıla­rından 56 nəfər və 12 şəhid ailə üzvü işlə təmin olunmuşdur.

Onu da qeyd edim ki, İctimai Şuranın iclaslarında da hər zaman əsas diqqət mərkəzində olan məsələ məhz şəhid ailələri və qazilərin rifahının yaxşılaşdırılmasıdır. Tez-tez qazilərlə keçirdiyimiz səmimi görüşlərdə onlar dövlət tərəfindən göstərilən qayğı və diqqəti yüksək qiymətləndirirlər.

Bir sözlə, rayonumuzda mötərəm Prezidentimiz İlham Əliyevin bütün tap­şırıq və tövsiyələrinin həyata keçirilməsi üçün qüvvələr səfərbər edilmişdir.

Müsahibəni yazdı: M.MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”

MÜSAHİBƏ bölməsi