Azərbaycan - Qazaxıstan əlaqələrinin möhkəmlənməsi strateji məsələdir

XƏBƏRLƏR
26 Avqust
20:55

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana səfəri, Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən görüşlər, imzalanan sənədlər iki türk ölkəsi arasında münasibətlərin artan dinamikasından xəbər verir. Bu səfəri çox mühüm bir məqam kimi xarakterizə etmək olar. Hər iki dövlətin başçısının görüşlər zamanı səsləndirdiyi siyasi bəyanatların olduqca böyük önəmi var. Bu fikirləri Azərbaycan Vətəndaş Hərəkatının icraçı direktoru, siyasi şərhçi Mübariz Göyüşlü bildirib.

M. Göyüşlü qeyd edib ki, Azərbaycanla Qazaxıstanın müxtəlif beynəlxalq təşkilatlarda, xüsusən Türk Dövlətləri Təşkilatında çox uğurlu çoxtərəfli və ikitərəfli əməkdaşlıq formatı qurması mühüm məsələdir. Sovet imperiyası dağılandan sonra Azərbaycan, o cümlədən Qazaxıstan daim türk xalqlarının interqasiyasında çox mühüm rol oynayıblar. İstər türk qurultaylarının keçirilməsində, istər Türk Keneşinin qurulmasında, istərsə də Türk Dövlətləri Təşkilatının yaradılmasında hər iki dövlət Türkiyə ilə birgə çox ciddi addımlar atıblar və bu proses indi də davam edir.

Geniştərkibli nümayəndə heyəti ilə “Mən Bakıya xüsusi missiya ilə gəlmişəm” deyən Qazaxıstan Prezidenti imzaladığı sənədlərlə, Azərbaycana dəstək məqasədli verdiyi açıqlamalarla səfərinin missiyasını tam olaraq açıqlamış oldu. İmzalanan sənədlər o qədər çoxsaylı, strateji əhəmiyyətə malikdir ki, onları yalnız sadalamaq kifayətdir ki, hər birimizdə yetərincə təəssürat formalaşsın.

İki ən önəmli sənədi isə qeyd etmədən keçmək mümkün deyil. “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə”, o cümlədən “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında 2022-2026-cı illər üzrə əməkdaşlığın inkişaf etdirilməsi haqqında Kompleks Proqram” hər iki dövlət, onun qurumları, öndə gedən şəxsləri üçün yol xəritəsi sayıla bilər. Dövlət başçılarının siyasi iradəsi olduqdan sonra aidiyyatı dövlət və ictimai qurumların təmsilçilərinin fəallıq etməsi, qarşıya qoyulan tapşırıqları icra etməsi hədəfə daha tez çatmağımıza, bölgədə türk birliyinin, türk ruhunun daha da güclənməsinə səbəb olacaq.

Bundan əlavə mədəniyyət, isqtisadiyyat, ticarət, xarici işlər, media, nəqliyyat, təhsil və s. istiqamətlərdə sənədlərin imzalanması həmin sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq imkanlarını genişləndirəcək. Qeyd olunan bütün sahələrdə uğurlu çalışmalar iki türk ölkəsinin strateji münasibətlərini ən ali səviyyəyə qaldıracaq.

Bütün bu məqamlarla yanaşı səfər zamanı iki mühüm məqam diqqəti cəlb etdi. Bunlardan birincisi Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şhəri ilə, Qazaxıstanın mədəniyyət ruhunu özündə daşıyan Türküstan şəhərinin qardaşlaşması oldu. Bu türk mədəniyyətinin, türk ruhunun təcəssümü, həmrəyliyi deməkdir. İşğaldan azad edilən, uzun müddət yağı tapdağı altında əzilmiş Şuşa şəhərinin Türküstanla qardaşlaşması türk dünyasının həmrəyliyinə mühüm töhfə olacaq. Digər bir məqam isə Ermənistan işğalından 2 il öncə azad olunmuş Füzuli şəhərində Qazaxıstan dövlətinin dəstəyilə tikiləcək Yaradıcılıq Mərkəzidir. Bunu qazax xalqının Azərbaycana, azad Füzuliyə hədiyyəsi kimi qəbul etmək olar. Hər iki addım yağı düşmənə, onun havadarlarına Qazaxıstanın Azərbaycanın apardığı haqq savaşında kimin tərəfində olmasının mesajıdır.

Siyasi şərhçi sonda əlavə edib ki, Azərbaycan son dövrlər Qazaxıstan və Özbəkistanla ikitərəfli münasibətləri inkişaf etdirir. Eyni zamanda, Türkiyənin iştirakı ilə bu münasibətləri üçtərəfli formada daha da möhkəmləndirir. Bundan əvvəl Azərbaycan, Türkiyə və Qazaxıstan xarici işlər və nəqliyyat nazirlərinin üçtərəfli görüşündə də çox mühüm qərarlar verilmişdi. Adı çəkilən türk ölkələri, eyni zamanda, Türk Dövlətləri Təşkilatı vasitəsilə regional və qlobal proseslərdə önəmli rol oynamaqdadırlar. Bu proseslərin davam etməsi gələcəkdə beynəlxalq aləmdə gerçək bir türk ruhunun, türk gücünün duyurulması olacaq.

XƏBƏRLƏR bölməsi