NATO ABŞ-ı silah tədarükünü sürətləndirməyə çağırır

XARİCİ XƏBƏRLƏR
14 Avqust
15:08

NATO-nun şərq cinahı ölkələri Amerikanın bölgədəki hərbi mövcudluğunun genişləndirilməsinin zəruriliyini bəyan ediblər. Bu barədə “The Washington Post” yazır.

Nəşrin məlumatına görə, hazırda bütün Avropada 100 minə yaxın Amerika hərbçisi yerləşdirilib. Eyni zamanda, ABŞ-ın “daha ​​həssas” müttəfiqləri bu rəqəmi qeyri-kafi hesab edirlər. Belə ki, Baltikyanı və Şərqi Avropa ölkələri ABŞ-ı onlara silah tədarükünü sürətləndirmək üçün müdafiə istehsalını artırmağa çağırıblar.

Xüsusilə, sorğu HIMARS çox yaylım raket sistemlərinə (MLRS), “Reapers” hücum dronlarına və batareya əleyhinə radarlara aiddir. Estoniya Müdafiə Nazirliyinin kansleri Kusti Salmın qeyd etdiyi kimi, bu silahlar Rusiyanı cilovlamaq üçün tələb olunacaq. Materialın müəllifi xatırladıb ki, son aylarda region ölkələrinin çoxu Ukraynanı öz ehtiyatlarından silahla təmin edib. “WP”-yə danışan adı çəkilməyən Pentaqon rəsmisi etiraf edib ki, Qərb ölkələri nə vaxtsa bu hərbi potensialını artırmalı olacaqlar. Lakin o, bunun nə qədər vaxt aparacağını dəqiqləşdirməyib.

Bundan əvvəl ABŞ Hərbi Hava Qüvvələrinin NATO missiyasını dəstəkləmək və Rusiyanı cilovlamaq üçün Polşaya beşinci nəsil “Boeing F-22 Raptor” qırıcılarını göndərmək qərarına gəldiyi bildirilib. Varşava, həmçinin, Kiyevə verilən Rusiya T-72-lərini əvəz etmək üçün Vaşinqtondan istismardan çıxarılan 116 Abrams tankı almağa qərar verib. İlk tədarüklər gələn ilin əvvəlində həyata keçirilməlidir.

"Xalq qəzeti"

XARİCİ XƏBƏRLƏR bölməsi