Dinamik inkişaf Azərbaycanı daha da gücləndirir

SİYASƏT
14 Avqust
02:55
 Prezident İlham Əliyevin Azərbaycanın bölgələrinə daim səfər etməsi, müxtəlif təyinatlı sosial-iqtisadi müəssisələrin açılışı mərasimlərində insanlarla görüşməsi, onların qayğıları, problemləri ilə dərindən maraqlanması, bununla əlaqədar imzaladığı sərəncamlar, müvafiq strukturların nümayəndələrinə verdiyi tapşırıq və tövsiyələr xalq – Prezident birliyinin möhkəmlənməsində mühüm önəm daşıyır.

 

 Bu qayğı və diqqət bölgələrimizə yeni nəfəs gətirməklə yanaşı, yeni inkişaf imkanları da açır, rayon mərkəzləri və kəndlərin tərəqqisi üçün yeni vəzifələr müəyyənləşdirir. Şübhəsiz ki, belə hal həm ölkənin getdikcə güclənməsinə, regionların inkişafına, əhalinin rifahının daha da yaxşılaşmasına, həm də xalq-iqtidar vəhdətinin sarsılmazlığına müsbət təsir göstərir.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın avqustun 12-də Qobustan, İsmayıllı və Ağsu rayonlarına səfərləri də bu baxımdan xüsusi əhəmiyyəti ilə diqqət çəkir. Qobustan rayonunda “Diri Baba” türbəsində turizm infrastrukturunun yaradılması ilə bağlı aparılan yenidənqurma işləri ilə tanışlıq zamanı dövlətimizin başçısına və birinci xanıma bu ölkə əhəmiyyətli memarlıq abidəsinin bərpası ilə bağlı görülən işlər barədə verilən məlumat da bir daha göstərdi ki, Azərbaycanda tarixi yadigarlara ən yüksək səviyyədə qayğı göstərilir. Bu, təsadüfi deyil. Çünki Prezident İlham Əliyev bu məsələni daim diqqət mərkəzində saxlayır, bütün qədim maddi-mədəni dəyərlərə, eləcə də sovet vaxtında tikilən abidələrə xalqımızın milli sərvəti kimi yanaşır: “Bu abidələr bir daha onu göstərir ki, Azərbaycanın çox qədim tarixi, qədim mədəniyyəti var. Çünki ancaq yüksək mədəniyyətə sahib olan insanlar belə tikililər inşa edə bilərdilər…

 

Yeri gəlmişkən, Bakı-Şamaxı magist­ral yolunun 1,5 kilometrliyində yerləşən, 1402-ci ildə Şirvanşah hökmdarı I İbrahi­min əmri ilə tikilən “Diri Baba” türbəsinin bir hissəsi qaya içərisində yerləşdiyindən Qafqazın ən nadir abidələrindən hesab olunur. İkimərtəbəli türbə, yaxınlığında yerləşən süni şəkildə yaradılmış bir neçə mağara və kaha, həmçinin üzbəüz orta əsrlərə aid qəbiristanlıq və qədim türbə qalıqları birlikdə vahid bir kompleks əmələ gətirir.

Xatırladaq ki, abidənin tarixi-mədəni əhəmiyyəti ilə yanaşı, turizm potensialı qiymətləndirilərək, həmçinin antropogen və təbii amillərin təsiri ilə deqradasiyaya uğramasının qarşısını almaq məqsədilə burada bir sıra infrastruktur və bərpa işləri aparılıb.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva səfər çərçivəsində İsmayıllıda “Basqal Resort & Spa” otelinin açılışında iştirak edib, “Basqal” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində aparılan və icrası nəzərdə tutulan tikinti-bərpa işləri ilə tanış olub­lar. Dövlətimizin başçısı həmin gün, eyni zamanda, Ağsu şəhərindəki Gənc Sənətkarlar Mərkəzinin və Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edib.

Bütün bunlar Azərbaycanın tarixi əzəmətinin qorunması ilə bərabər, həm də bu cür unikal məkanların gələcəkdə respublikamızın turizm mərkəzlərindən biri kimi tanınmasını şərtləndirir. Bu, ilk növbədə, ölkəmizdə turizm sənayesinə mühüm önəm verilməsi ilə bağlıdır. Çünki müstəqil Azərbaycan Respubli­kasında qeyri-neft sektorunun inkişaf etdirilməsi prioritet istiqamətlərdən biridir. Dövlətimiz tərəfindən həyata keçirilən proqramlar və tədbirlər də müvafiq olaraq qeyri-neft sektorunun inkişafına kömək edir. Qeyri-neft sek­torunun əsas sahələrindən biri olaraq turizm hökumətimizin hər zaman diqqət mərkəzindədir. Ölkəmizin təbii-coğrafi şəraiti, malik olduğu maddi-mənəvi resurslar, həmçinin tarixən formalaşmış adət-ənənələri bu sahənin inkişafı üçün zəmin yaradır.

Prezident İlham Əliyevin avqustun 12-də Ağsu rayonunda “Ağsu Aqropark” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti ilə tanışlığı isə bir daha göstərdi ki, hazırda ölkəmizin kənd təsərrüfatı aqro­parkların yaradılması ilə yeni mərhələyə daxil olub. Bu müəssisələr qısa müddət ərzində aqrar sektorun, ümumilikdə ölkə iqtisadiyyatının inkişafına mühüm təsir göstərib. Respublikada aqroparkların fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində müəyyən tədbirlər həyata keçirilib, vergi güzəştləri, subsidiya və güzəştli kreditlərin verilməsi, lizinq əsasında ayrılan texnika və avadanlıq­lara görə güzəştlərin tətbiq olunması sahənin tərəqqisini stimullaşdırıb.

Aqroparklar torpaq sahələrindən səmərəli istifadə, məhsuldarlığın yüksəldilməsi, yeni istehsal və emal sahələrinin yaradılması, müasir su­varma sistemlərinin tətbiqi üçün in­novativ və əlverişli mexanizmdir. Bu baxımdan həmin müəssisələrin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində rolu getdikcə gücləndirilir, sahibkarlığın inkişafı, kiçik, orta və iri təsərrüfatların qarşılıqlı faydalı əməkdaşlığı üçün əlverişli platformaya çevrilməsinə xüsusi önəm verilir.

Ümumiyyətlə, son illərdə milli iqtisadiyyatımızın dayanıqlı inkişafı­nın təmin olunması məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində elmi yanaşma, qabaqcıl texnologiya və təcrübənin tətbiqi ilə yaradılan aqro­parklar ölkəmizdə ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə, idxaldan asılılı­ğın azaldılmasına, regionların tarazlı inkişafının və əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsinə, həmçinin emal sənayesinin yerli xammalla təminatının yaxşılaşdırılmasına mühüm töhfələr verir. Aqroparkların yaradılması aqrar sahədə inkişafı sürətləndirməklə bərabər, ixracyönümlü məhsulların sayının artmasında və ölkənin ixrac potensialının güclənməsində əhəmiyyətli rol oynayır.

Yeri gəlmişkən, respublikamızın 32 rayonu üzrə 239,3 min hektar ərazidə ümumi layihə dəyəri 2,4 milyard manat olan 51 aqropark və iri fermer təsərrüfatı yaradılıb. Bunlardan 34-ü bitkiçilik, 14-ü bitkiçilik və heyvandarlıq, 1-i heyvan­darlıq fəaliyyəti, 2-si isə çeşidləmə-qablaşdırma, emal və logistika sahələri üzrə ixtisaslaşıb.

İndiyədək aqroparklara 1,3 milyard manat özəl investisiya qoyulub. Bununla yanaşı, dövlət tərəfindən aqroparklara müvafiq dəstək tədbirləri görülüb. Belə ki, investisiya təşviqi sənədi almış 27 aqroparkdan 26-na texnika, texnoloji ava­danlıqlar və qurğuların idxalına görə 43,7 milyon manat dəyərində güzəşt tətbiq olunub, 25 aqroparkın yaradılması və ya fəaliyyətinin genişləndirilməsi üçün 184,2 milyon manat güzəştli kredit verilib.

Prezident İlham Əliyev avqustun 12-də İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziya­sına verdiyi müsahibədə isə əvvəlcə bu səfəri ilə bağlı təəssüratlarını bö­lüşüb. Dövlətimizin başçısı bölgələrə səfərlərinin müntəzəm xarakter daşı­dığını, bunun yerlərdə həm vəziyyətlə maraqlanmaq, həm də əlavə göstərişlər vermək baxımından böyük əhəmiyyətə malik olduğunu bildirib. “Gedən işlərə, bildiyiniz kimi, özüm nəzarət edirəm və son illər ərzində bütün bölgələrdə quruculuq-abadlıq işləri daha geniş vüsət almışdır. Bu gün Ağsu, İsmayıllı rayonlarına səfərim çərçivəsində burada görülmüş və görüləcək işlər haqqında həm göstərişlər verilmişdir, eyni zaman­da, məruzələr edilmişdir”,-deyə ölkə rəhbəri vurğulayıb.

Azərbaycan Prezidenti müsahibəsində son illərdə hər iki ra­yonda böyük infrastruktur layihələrinin icra edildiyini, infrastruktur layihələrinin əsas hissəsinin başa çatdırıldığını, istər qazlaşdırma, istər elektrik enerjisi, istərsə də su təchizatı və yolların tikintisi ilə bağlı çox böyük layihələrin uğurla gerçəkləşdirildiyini diqqətə çatdırıb.

Ölkə rəhbəri sosial infrastrukturla bağlı da böyük layihələrin reallaşdırıldı­ğını xatırladıb. Dövlət başçısı Ağsuda və İsmayıllıda 160 çarpayılıq xəstəxana tikildiyini, 100-ə yaxın məktəb inşa edildiyini, ya da əsaslı şəkildə təmir olunduğunu bildirib və iş yerlərinin yara­dılmasına da xüsusi əhəmiyyət verildiyini qeyd edib.

Prezident İlham Əliyev müsahibəsində ərzaq təhlükəsizliyi ilə bağlı sualı da ətraflı cavablandırıb. Dövlətimizin başçısı ölkə iqtisadiyya­tının dünya iqtisadiyyatına inteqrasiya edilərək bazar iqtisadiyyatının bütün təməl prinsiplərinə əməl olunduğunu və bunun nəticəsində mühüm uğur­lar– ümumi daxili məhsulunun əksər hissəsinin yerli şirkətlər, xarici investorlar tərəfindən əldə edildiyini söyləyib. Dövlət başçısı belə olan halda isə təbii ki, dün­yada gedən istənilən iqtisadi prosesin Azərbaycana da təsirsiz ötüşmədiyini bildirib: “Dünyada mövcud olan ərzaq mallarının bahalaşması da, əlbəttə ki, bizə də təsir edir. Bu il dünyanın əksər ölkələrində inflyasiya ikirəqəmli inflya­siyadır. Bildiyiniz kimi, inkişaf etmiş ölkələrdə inflyasiya çox aşağı səviyyədə olur. İndi biz, hətta o ölkələrdə ikirəqəmli inflyasiyanı görürük.

Ərzaq mallarının qiymətinin qalxma­sı da Azərbaycana bir növ, - əgər belə demək mümkündürsə, - idxal olunub. Çünki biz hələ də özümüzü tam, yəni 100 faiz əsas ərzaq məhsulları ilə təmin edə bilmirik. Ancaq bu istiqamətdə ardı­cıl işlər aparılır…”.

Prezident İlham Əliyev sözügedən istiqamətdə görülən tədbirlərin nəticələrindən danışarkən, bu gün respublikada özümüzü ət məhsulları ilə 90 faiz, quş əti ilə 80 faiz, süd, süd məhsulları ilə 85 faiz səviyyəsində təmin etdiyimizi diqqətə çatdırıb və növbəti 3-5 il ərzində həmin göstəricilərin yüz faiz səviyyəsinə qaldırılacağına əminliyini ifadə edib. Dövlətimizin başçı daha son­ra deyib: “Amma əfsuslar olsun ki, biz özümüzü taxılla hələ uzun illər tam təmin edə bilməyəcəyik. Özümüzü buğda ilə təminetmə əmsalı Azərbaycanda bu ilin əvvəlinə 62 faiz idi. Məhz bu məqsədlə xüsusi proqram işlənib hazırlandı, yeni növ subsidiyaların tətbiq edilməsinə start verildi və bunun nəticəsində əminəm ki, ərzaqlıq buğdanın Azərbaycanda isteh­salı kəskin artacaq. Ancaq bu, vaxt tələb edəcək. Mən hesab edirəm ki, təqribən 3-4 il ərzində biz özümüzü ərzaqlıq buğda ilə 80 faiz səviyyəsində təmin edə bilsək, bu, çox böyük nəticə olacaqdır. Ona görə taxılın qiymətinin dünya ba­zarlarında qalxması bütün ölkələrə təsir göstərir…”.

Ölkə rəhbəri dünyada ərzaq təhlükəsizliyinə Rusiya–Ukray­na müharibəsinin müəyyən təsir göstərdiyinə baxmayaraq, Azərbaycanda bu sahədə heç bir problemin nəzərə çarpmadığını, rusiyalı tərəfdaşlarımızla əldə edilən razılaşmalar nəticəsində res­publikamıza istənilən qədər həm gübrə, həm də taxıl ixrac edildiyini bildirib.

Prezident İlham Əliyev müsahibəsində erməni işğalından azad edilən torpaqlarımızda kənd təsərrüfatının inkişafı ilə bağlı görülən və görüləcək tədbirlər barədə də ətraflı danışıb. Dövlətimizin başçısı, eyni zamanda, avqustun əvvəllərində erməni təxribatı nəticəsində Qarabağda qarşı­durma baş verməsi ilə bağlı fikirlərini də bölüşüb: “Ermənistan tərəfi növbəti dəfə silahlı təxribata əl atdı. Bu hərbi təxribat nəticəsində bir hərbçimiz şəhid oldu. Allah ona rəhmət eləsin. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ancaq hər kəs gördü və görməlidir ki, şəhidimizin qanı yerdə qalmadı. Biz dərhal “Qisas” əməliyyatı keçirərək şəhidimizin qanını aldıq və qarşı tərəfi ciddi cəzalandırdıq. Bir neçə saat ərzində davam edən “Qisas” əməliyyatı cəza tədbiri idi. Azərbaycan şəhidinin qanı düşmənlərə baha başa gəldi və onlar bunu unut­mamalıdır. Əgər yenə də buna oxşar təxribat törədilərsə, cavab da eyni olacaq və heç kim bizə mane ola bilməz, heç kim bizi durdura bilməz. Biz öz tor­pağımızda istənilən əməliyyatı istənilən zaman apara bilərik…”.

Ölkə rəhbəri müsahibədə 10 noyabr 2020-ci il tarixli Bəyannamədə nəzərdə tutulan tədbirlərin Ermənistan tərəfindən reallaşdırılması vəziyyəti haqqında da fikirlərini diqqətə çatdırıb və bu ölkəyə reallıqdan irəli gələn mesajlarını da ünvanlayıb.

İlqar HƏSƏNOV,

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

SİYASƏT bölməsi