Oxucularla 30 min dəfə görüşmək xoşbəxtliyi…

SİYASƏT
14 Avqust
03:07

Redaksiyanın əməkdaşı mənə deyəndə ki, bugünlərdə Xalq qəzetinin otuz mininci sayı bu­raxılacaq, dilimə gələn ilk ifadə belə oldu: Müd­riklik yaşının, uzunömürlülüyün göstəricisidir. Sonra isə əlavə etdim ki, 103 yaşlı bu mətbuat or­qanı bizim şəcərəmizin Bakıxanovlar nəslinin görkəmli nümayəndələrini ən çox təbliğ etmiş qəzetdir. Ulu babamız Abbasqulu ağa Bakıxanov­dan tutmuş bu günə qədər yaşamış bütün Ba­kıxanovların uğur və nailiyyətlərinin ilk qiyməti məhz bu qəzetdə verilmişdir.

Bu qəzetin 10 may 1945-ci il tarixli nömrəsini çox yaxşı xatırlayıram. Onda qəzetin adı “Kommunist” idi. Mənim 15 yaşım vardı. Tanımadığım bir adamın qəzetin “Qələbə” yazılmış həmin nömrəsini atamın əlindən alıb öpməsini heç zaman unuda bilməyəcəm. Həmin faktdan üç il sonra, böyük bəstəkarımız, mənim isə həm də müəllimim olmuş Üzeyir bəy Hacıbəylinin dəfninin ertəsi günü isə ölkənin musiqi ictimaiyyətinin üstünə sanki “Kommunist” qəzeti yağmışdı…

“Kommunist”in ölkə ictimaiyyəti üçün daha maraqlı olan başqa bir nömrəsini isə 1982-ci ilin payızında – ulu öndər Heydər Əliyevin SSRİ Nazirlər Soveti Sədrinin Birinci müavini təyin edilməsinin ertəsi günü görmüşdüm. Sonralar da bu qəzetin bəzi nömrələri yüz minlərlə, hətta daha çox insanın marağına səbəb olmuşdu. “Topxana harayı” adlı yazı veriləndə, meydan hadisələri vətənpərvərlik məsuliyyəti ilə işıqlandı­rılanda, 20 Yanvar faciəsi və Xocalı soyqırımın­dan sonra bu qəzet həqiqətən əldən-ələ gəzirdi.

Amma etiraf edim ki, mənim bu qəzeti ar­dıcıl olaraq, hər gün oxuduğum dövr 44 günlük İkinci Qarabağ müharibəsi zamanı olub. Çünki həmin günlər cənab Ali Baş Komandanımızın həm xalqa müraciətləri tez-tez olurdu, həm də xarici mətbuat vasitələrinə müsahibələrinin ardı-arası kəsilmirdi. Mən isə yaşıma görə həmin materialları televiziya və ya radiodan izləməyi deyil, məhz bu qəzetdən oxumağı seçirdim. Məmnunam ki, torpaqlarımızın 30 illik işğaldan edilməsi barədə materialı da elə bu qəzetdən oxudum.

Redaksiya əməkdaşı mənə dedi ki, ona da­nışdığım bu sətirlər qəzetin 30 mininci sayında veriləcək. Çox məmnunam. Bu mənim üçün həqiqətən yaddaqalan fakt olacaq.

Tofiq BAKIXANOV,

Xalq artisti, professor, “Şöhrət” və “Şərəf” ordenli bəstəkar

SİYASƏT bölməsi