“Xalq qəzeti” xalqımızın sevimli qəzeti, ölkəmizin həyatının parlaq güzgüsüdür

SİYASƏT
14 Avqust
02:18

“Xalq qəzeti”nin fəaliyyətinin 103-cü ilinin tamam olmasına 15 gün qalmış 30 mininci sayının işıq üzü görməsi Azərbaycan milli jurnalistikasının tarixində yeni rekord göstərici olaraq önəmli hadisədir. İlk anadilli qəzetimiz “Əkinçi”nin nəşrə başlamasından 44 il sonra ilk sayı işıq üzü görmüş bu qəzet davamlı buraxılışına görə ölkənin ən qocaman qəzeti sayılır.

“Xalq qəzeti” tarixinin ilk 72 ilində “Kommu­nist” adı ilə nəşr olunub, fəaliyyəti, əsasən, eyni­adlı ideologiyanın yayılmasına yönləndirilsə də, xalq həyatını geniş işıqlandırması, cəmiyyətdə gedən prosesləri əhatəli əks etdirməsi və kütləvi yayımı ilə həm də xalq qəzeti olduğu­nu sübut edib. Elə bu səbəbdən də 1991-ci il avqustun sonlarında Kommunist Partiyası süquta uğrayanda qəzetin kollektivi yeni dövrdə bütünlüklə xalq işinə xidmət göstərmək amalı ilə bu gündəlik ictimai-siyasi nəşri “Xalq qəzeti” adı ilə davam etdirdi. Təssüf ki, o dövrün bir sıra qəzetləri müstəqillik epoxasına keçə bilmədi. “Xalq qəzeti” bu kəskin səddi milli maraqlara dərin bağlılığın verdiyi yüksək mənəvi status və peşəkarlıq ənənəsinin gücü ilə aşa bildi.

“Xalq qəzeti”nin öz oxucuları ilə 30 minin­ci görüşə gəlməsi xalqımızın ictimai-siyasi və mədəni həyatında seçilən bir hadisədir. İndiyədək heç bir milli qəzetimizə belə bir yüksək nəticə qismət olmayıb. Bu hadisə milli jurnalistikamızın öyünclü bir faktı olduğuna görə ona mətbuatımızın 147 illik tarixi fonun­da baxmaq düzgün olardı. Çünki ilk qəzetimiz “Əkinçi”nin və sonrakı dövri nəşlərin qarşısına qoyduğu maarifləndirmə, ictimai eybəcərliklərin tənqidi və ümumi tərəqqi uğrunda mübarizə sovet gerçəkliyi şəraitində belə “Xalq qəzeti”nin sələfi olmuş “Kommunist” qəzetinin fəaliyyətində qorunub saxlanıb və davam etdirilib.

Ötən əsrin əvvəllərində kamala çatmış demokratik jurnalistikamızın xəlqi ənənələri ölkənin bu avanqard qəzetinin ideya və sənətkarlıq baxımından onilliklər boyu yüksəlişinə kömək edib. Sovet imperiyasının çöküşü prosesində yüksələn xalq hərəkatına fəal qoşulan redaksiya dövlət müstəqilliyimizi də alqışlamış, onun yaşadılmasına və möhkəmləndirilməsinə mükəmməl informasiya dəstəyi formalaşdırmaqda, həqiqi ümumxalq tribunasına çevrilməkdə yüksək peşəkarlıq və məfkurə yetkinliyi ilə çalışıb.

Zaman-zaman Azərbaycanın görkəmli ziyalıları “Kommunist” qəzetində çalışıb, onun fəal müəllifləri olublar. Üzeyir bəy Hacıbəyli, Məmməd Səid Ordubadi, Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza kimi yurdsevər ziyalılar xalqla geniş ünsiyyəti bu qəzet vasitəsi ilə qurublar, onun milli mədəniyyətimizin inkişa­fına köməyinə təkan veriblər. Yeni gənclik üçün sivil bədii manifest yazmış sevimli yazıçımız və görkəmli ədəbiyyatşünas Mir Cəlal 30-cu illərdə bilavasitə “Kommunist” qəzetinin əməkdaşı olub.

Onu da deyək ki, qəzetin kommunist ide­ologiyalı rəsmi mövqeyini həmişə milli təmayül açıq-gizli müşayiət edib. Sovet hakimiyyətinin ilk illərində Nərimanov kabinetinin ədliyyə naziri ol­muş Həmid Sultanov “Kommunist”in səhifəsində kəskin milli mövqeli yazısına görə vəzifəsindən çıxarılıb və ciddi cəzalandırılıb. Qəzetin bütün redaktorları “37-ci il” repressiyasının qurbanı olublar.

Müstəqillik dövrünün 3-cü ilində – 1994-cü il avqustun 29-da qəzetin 75 yaşının ta­mam olmasını öz təbriki ilə ali səviyyədə şərəfləndirmiş və tarixiləşdirmiş ümummilli lider Heydər Əliyev bu gündəlik nəşrin ötən dövrdə Azərbaycan həyatının parlaq güzgüsü olmasını, ən əhatəli və davamlı salnaməsini yaratması­nı, milli-mənəvi dəyərlərimizin inkişafına fəal xidmət göstərməsini, xüsusən ana dilimizin saflaşması və əbəbi dil normaları əsasında zənginləşdirilməsində xüsusi rol oynamasını yüksək qiymətləndirmişdir.

Yeri gəlmişkən xarırlayaq ki, milli varlığı­mızın böyük himayədarı, ulu öndər Heydər Əliyevin 1969-cu ilin 14 uyulunda Azərbaycan rəhbərliyinə gəlişindən sonra iştirak etdi­yi ilk yubiley avqustun 29-da keçirilmiş “Kommunist”qəzetinin 50 illik yubiley təntənəsi olub. Azərbaycanın yeni rəhbərinin dünyanın müxtəlif yerlərindən gəlmiş tanınmış insanların iştirak etdiyi bu məclisdə, o dövrün qayda­sına zidd olaraq, öz ana dilində şıxış etməsi qəzetin sonrakı fəaliyyətini üstün milli müstəviyə qaldırıb.

Ümumiyyətlə, “Kommunist” qəzeti fəaliyyətinin ilk günlərindən alınma sözlərlə qəlizləşdirilmiş yazı dilinin islah olunması və xalq danışığına yaxınlaşdırılması prosesində ədəbi dil məktəbi rolu oynayıb. Bir faktı da xatır­ladım ki, sovet dövründə o biri türkdilli respub­likaların mətbuat üslubuna hakim rus dilindən çoxsaylı sözlər keçsə də, “Kommunist” qəzeti bacardığı qədər bu təsirə müqavimət göstərərək onu mümkün olan minimuma endirib. Bu prose­sin özülünü qoyanlar qəzetin tərcümə şöbəsinə rəhbərlik etmiş böyük ədib Cəfər Cababarlı, onu himayə etmiş milli təmayüllü redaktor Həbib Cəbiyev kimi milli ziyalılar olublar.

“Kommunist” qəzetinin mətbu fəaliyyət standartları sovet dövründə ölkənin digər mərkəzi nəşrləri və bölgə mətbuatı üçün təcrübə məktəbi rolu oynayıb. Azərbaycanı öyrənən önəmli xarici mərkəzlər də qəzetin daimi abunəçiləri olmaqla onun çıxışlarına mötəbər mənbə kimi istinad edib. Ötən əsrin 70–80-ci illərində qəzetin tirajı 600 mini ötərək əhatə dairəsi hər bir ailəyə çatıb. “Kommunist” qəzetinin peşəkarlıq və milli maraqlara bağlılıq ənənəsini uğurla davam etdirən “Xalq qəzeti” bu gün də ölkəmizdə və xaricdə mötəbər informa­siya tribunası kimi tanınır.

Müxtəlif illərdə “Xalq qəzeti”nin nəşrinin hər 10 illiyi ölkə miqyasında təntənə ilə qeyd edilib. Qəzet nəşrinin digər seçilən göstəricisi olan 10 mininci nömrələrin işıq üz görməsi isə bu vaxtadək 2 dəfə əlamətdar hadisə kimi xalqımı­zın sevgi-sayğılarını qazanmışdı. Artıq bu gün “Xalq qəzeti” qədirbilən oxucularının görüşünə 3-cü 10 mininci nömrəsi ilə gəlib. Bu ictimai-si­yasi önəmli hadisə milli mediamızın da sevincli və öyüncü bir səhifəsi kimi ərsəyə gəlib.

“Tarixi ənənələrini dünənə sədqətlə ya­şadan, çağdaş qlobal və milli çağırışları peşəkarlıqla cavablandıran “Xalq qəzeti”nin fədakar kollektivini milli mətbuatımızın rekord kəmiyyət göstəricinin fəth edilməsi münasibətilə ölkənin media ictimaiyyəti adından səmimi təbrik edir, bu qocaman milli nəşrimizə həmişə xalqımızla bir yerdə olmağı arzu edirəm.

Əflatun AMAŞOV,

Azərbaycan Mətbuat Şurasının sədri

SİYASƏT bölməsi