Jozep Borrel Serbiya və Kosovo liderlərini Brüsselə dəvət edib

XARİCİ XƏBƏRLƏR
7 Avqust
09:49

Avropa İttifaqının baş diplomatı Jozep Borrel Serbiya prezidenti Aleksandr Vuçiçi və Kosovonun baş naziri Albina Kurtini avqustun 18-də danışıqlar apar­maq üçün Brüsselə dəvət etmişdir.

Jozep Borrel dəvətlə bağlı “Twitter” səhifəsində yazıb: “Mən Serbiya prezidenti Vuçiçi və Kosovonun baş naziri Kurtini Priştina və Belqrad arasında irəliləyişə nail olmaq yollarını müzakirə etmək üçün avqustun 18-də Brüsselə dəvət edirəm”.

Qeyd edək ki, açıq qalan məsələlərin müzakirəsi məqsədilə Vuçiç və Kurti əvvəllər də Brüsselə dəvət olunublar. Borrel bildirib ki, Belqrad və Priştina ara­sındakı gərginlik bilavasitə siyasi liderlərin danışıqlar masası arxasına oturmaq istəməmələrinin nəticəsidir.

İki ölkə arasında gərginliyin artması üzündən iyulun 31-də Kosovo və Metoxiyada vəziyyət kəskin pisləşmişdir. Serbiya sənədləri ilə sərhədin keçilməsini qadağan etmək məqsədilə Kosovo polisi nəzarət-buraxılış məntəqəsini bağlamışdır. Buna cavab olaraq Kosovonun şimalında yaşayan serblər etiraz aksiyası keçirərək magistral yolda barrikadalar qurmuşlar. Gərginliyin qarşısını almaq üçün Kosovoda NATO-nun mandatı altındakı beynəlxalq təhlükəsizlik qüvvələri İbar çayı üzərindəki körpünün yaxınlığına gətirilmişdir.

Beynəlxalq təzyiqin artması sayəsində Priştina Serbiya sənədləri ilə sərhədin keçilməsinə dair qadağanı sentyabrin 1-nə qədər təxirə salmışdır.

“Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi