Nensi Pelosinin Asiya turnesi başa çatıb

XARİCİ XƏBƏRLƏR
6 Avqust
23:41

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Asiya turnesini Yaponiyanı tərk etməklə başa vurub. Bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Xəbərdə qeyd olunur ki, Nensi Pe­losinin rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti Tokioda Baş nazir Fumio Kişida və parlamentin aşağı palatasının sədri Hiro­yuki Hosoda ilə görüşlər keçirdikdən sonra Yaponiyanı tərk edib.

Tərəflər görüş zamanı ABŞ–Yaponiya müttəfiqliyinin gücləndirilməsinin, həmçinin “azad və açıq Hind-Sakit okean regio­nu” prinsipinin həyata keçirilməsi üçün əməkdaşlığın vacibliyini vurğulayıblar. Müzakirələrdə Şimali Koreyanın raket, nüvə proqramı və Ukraynadakı vəziyyət kimi regional təhlükəsizlik məsələləri də qaldırılıb.

Qeyd etmək lazımdır ki, 82 yaşlı N.Pelosinin Asiya turnesinə Sinqapur, Yaponiya, Cənubi Koreya və Malayziyaya səfərləri daxil idi. İlk dayanacaqlar Sinqa­pur və Malayziya olub. Çinin sərt etiraz­larına baxmayaraq o, Tayvana da gedib. Pelosinin Tayvana gəlişi, xüsusilə paytaxt Taybeydəki aeroporta enişi on milyonlarla televiziya və onlayn izləyicisi tərəfindən böyük maraqla izlənilib.

Ekspertlər vurğulayırlar ki, bu səfər ABŞ Nümayəndələr Palatasının sədrinin 1997-ci ildən bəri Tayvana ilk səfəri olub və Pelosi son 25 ildə adaya səfər edən ən yüksək rütbəli ABŞ rəsmisi olub. N.Pelosinin səfərindən sonra ABŞ-Çin münasibətləri kəskin pisləşib. Rəsmi Pekin ABŞ Nümayəndələr Palatasının spikerinin Tayvana səfərini özünün ərazi bütövlüyünə hörmətsizlik kimi qəbul edir və adekvat cavab verəcəyi ilə qarşı tərəfi hədələyir.

Mahmud QƏRİBOV,

“Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi