ABŞ, Fransa və Böyük Britaniya nüvə silahı olmayan NSYM üzvləri qarşısında öhdəliklərini təsdiqlədilər

XARİCİ XƏBƏRLƏR
5 Avqust
23:57

 ABŞ, Fransa və Böyük Britaniya birgə bəyanatla çıxış edərək, Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin (NSYM) üzvü olan nüvə silahı olmayan ölkələrə verilən təhlükəsizlik zəmanətlərinə sadiq olduqlarını bir daha bəyan ediblər.

Vaşinqton, London və Paris qeyd ediblər ki, nüvə sila­hından istifadə edilməməsinə və nüvə silahından istifadə edilməklə təcavüzün qurbanı olmuş ölkələrə yardıma dair təminatlar Nüvə Silahlarının Yayılmaması haqqında Müqaviləyə riayət olunmasının üstünlüklərini göstərir.

Qeyd edək ki, Nüvə Silahlarının Yayılmaması haq­qında Müqavilə 1968-ci ildə imzalanıb və Böyük Brita­niya, Çin, Rusiya, ABŞ və Fransanın nüvə arsenallarını qanuniləşdirib. Sənədi imzalayan digər dövlətlər kütləvi qırğın silahı yaratmaq və ya əldə etmək hüququn­dan məhrumdurlar. Hazırda 190-dan çox ölkə sazişin iştirakçısıdır.

İsrail, Hindistan və Pakistan müqavilənin iştirakçısı de­yil, Koreya Xalq Demokratik Respublikası isə 2003-cü ildə müqavilədən çıxmışdır.

Bugünlərdə Şimali Koreyanın BMT yanındakı nümayəndəliyi bəyan etmişdir ki, heç kim Koreya Xalq Demokratik Respublikasını nüvə silahına malik olmaqda və özünümüdafiə hüququnu həyata keçirməkdə ittiham edə bilməz.

“Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi