Azərbaycanın beynəlxalq mövqeyi daha da möhkəmlənib

MÜSAHİBƏ
21 İyul
00:54

Müsahibimiz Milli Məclisin deputatı, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor Elman Nəsirovdur

– Elman müəllim, bu ilin 6 ayının yekunlarına həsr olunmuş müşavirədə bir daha bəlli oldu ki, ölkəmiz bütün sahələr üzrə inkişaf tendensiyasını qoruyub. Müharibədən yeni çıxmış bir ölkənin bu uğurlarının səbəbini necə izah edərdiniz?

– Tarixi faktlar da təsdiqləyir ki, müharibədən çıxmış ölkə, lap qalib də olsa belə, uzun illər müharibənin tör-töküntülərini bərpa etməklə, dəymiş ziyanı aradan qaldırmaqla, əhalinin həyat səviyyəsini yaxşılaşdırmaqla məşğul olur və bunları tənzimləmək üçün yollar axtarır. Bundan ötrü mütləq həmin ölkə güclü iqtisadi resurslara, ən başlıcası isə uzaqğörən liderə malik olmalıdır. Bunlar da Azərbaycanda var. Vətən müharibəsində qazandığımız tarixi Qələbədən bir həftə sonra işğaldan azad edilmiş ərazilərdə yenidənqurma, bərpa-quruculuq işlərinə başlanıldı. Bu gün həmin işlər geniş vüsət alıb. Digər sahələrdə də uğurlarımz bir-birini əvəz edir. Bütün bunlar barəsində Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən bu ilin 6 ayının yekunlarına həsr olunmuş müşavirədə geniş məlumat verildi.

Dövlət başçımız 6 ayın yekunlarını müsbət qiymətləndirdi və ölkə həyatının bütün istiqamətləri üzrə inkişaf dinamikasının əldə edildiyini vurğuladı. Bu müddət ərzində xarici siyasət sahəsində qazanılmış uğurlar daha böyük miqyası ilə seçilir. Dövlət başçımızın qeyd etdiyi kimi, bu, ilk növbədə, Qoşulmama Hərəkatına Azərbaycanın uğurlu sədrliyində öz təsdiqini tapıb: “Bizim sədrliyimiz bildiyiniz kimi, 2023-cü ilə qədər yekdil fikirlə bir il uzadılıb. Bu, onu göstərir ki, ölkəmiz 120 ölkə arasında çox böyük nüfuz qazanmışdır və bizə olan inam bu illər ərzində daha da artmışdır. Biz də məsuliyyətli ölkə olaraq və Qoşulmama Hərəkatının fəal sədri olaraq, bu təsisatın institusional inkişafına da böyük töhfə vermişik. Önəmli addımlardan biri bu il Bakıda keçirilmiş Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin toplantısı və Parlament Şəbəkəsinin yaradılması idi. Bakıda keçirilmiş bu önəmli tədbir bir daha göstərdi ki, bu hərəkatın çox böyük potensialı var, həmrəyliyi dərinləşdirmək, əməkdaşlığı genişləndirmək və qarşılıqlı beynəlxalq dəstək üçün bu, çox önəmli platformadır”.

Dövlət başçımız, əslində, sadalanan addımlar fonunda bu hərəkatın gələcəkdə beynəlxalq təşkilata çevrilməsinin mümkünlüyünün anonsunu vermiş oldu. Bu reallığın formalaşmasında Azərbaycanın sədr dövlət olaraq, oynadığı rola toxunan cənab Prezident xüsusi olaraq qeyd etdi ki, COVID-19 pandemiyasına qarşı mübarizədə beynəlxalq səylərin birləşdirilməsində, bu konteksdə ehtiyacı olan 80-dən artıq üzv ölkəyə iqtisadi, maliyyə və humanitar yardımların göstərilməsində ölkəmizin xidmətləri kifayət qədər böyükdür.

– Müşavirədə ölkəmizin bu müddət ərzində xarici siyasət sahəsində qazandığı uğurlardan da söhbət açıldı...

– Möhtərəm Prezidentimiz qeyd etdi ki, Azərbaycan Respublikasının müstəqil və milli maraqlara əsaslanan uğurlu xarici siyasət kursu sayəsində dünyanın digər aparıcı beynəlxalq təşkilatları və güc mərkəzləri ilə münasibətləri yüksələn xətt üzrə inkişaf edib. Bu, baxımdan İslam Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq xətti artma dinamikasına malik olmuşdur. Bu məsələyə diqqət çəkən dövlət rəhbərimiz vurğuladı ki, sözügedən qurumun yeni rəhbəri Azərbaycanda olmuş və bu səfəri çərçivəsində işğaldan azad edilmiş ərazilərimizə – Füzuliyə və Şuşaya getmişdir. Bu səfərin əhəmiyyətinə və bütövlükdə, İslam Əməkdaşlıq Təşkilatı ilə münasibətlərin dərinləşdirilməsinə toxunan cənab İlham Əliyev xüsusi olaraq vurğuladı: “Əlbəttə ki, biz görüş zamanı Ermənistanın Azərbaycana qarşı, bizim mədəni irsimizə qarşı törətdiyi vandalizm haqqında danışmışıq. Bu gün azad edilmiş torpaqlara səfər edən hər bir insan, - istər Azərbaycan vətəndaşı olsun, istər xarici vətəndaş olsun, – erməni vəhşiliyinin təzahürlərini öz gözü ilə görür. Biz İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində öz fəaliyyətimizi bundan sonra da uğurla davam etdirəcəyik.”

Prezident İlham Əliyev giriş nitqində Azərbaycanın xarici siyasət tərəfdaşları arasında Avropa İttifaqının tutduğu yüksək mövqeyə diqqəti cəlb edərək vurğuladı ki, biz yeni saziş üzərində işləyirik: “Sazişin böyük hissəsi razılaşdırılıb və razılaşdırılmamış məsələlər də müzakirə olunur. Ümid edirəm ki, yaxın gələcəkdə bütün məsələlər razılaşdırılacaq. Avropa İttifaqı Şurasının prezidenti ilə mənim bir neçə görüşüm olub, həm də telefon danışıqlarımız olub və əlbəttə ki, əsas mövzu Azərbaycan–Ermənistan münasibətlərinin normallaşmasıdır. Ancaq, eyni zamanda, Avropa İttifaqı–Azərbaycan əlaqələrinin gələcək inkişafı ilə bağlı geniş müzakirələr aparılır. Yaxın günlərdə Avropa İttifaqı ilə Azərbaycan arasında önəmli sənəd - enerji təhlükəsizliyi ilə bağlı sənəd imzalanacaq və bizim əməkdaşlığımızı daha yüksək səviyyəyə qaldıracaqdı”

– Yeri gəlmişkən, dövlət başçımızın anonsunu verdiyi enerji təhlükəsizliyi ilə bağlı müvafiq sənəd – Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu artıq imzalandı...

– Bəli, bu sənəd Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin ölkəmizə səfəri çərçivəsində iyulun 18-də Bakıda imzalandı. Xatırladım ki, Azərbaycan ilə Avropa İttifaqı arasında enerji təhlükəsizliyi sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalandı. Dövlət başçımız nitqində bu məsələyə də münasibət bildirdi:

“Bugünkü memorandum aramızda imzalanmış birinci sənəd deyil. Biz 2006-cı ildə Anlaşma Memorandumunu və 2011-ci ildə Cənub Qaz Dəhlizi ilə bağlı Birgə Bəyannaməni imzalamışıq. Bir sözlə, yaxşı tarixçəmiz və nailiyyətlərimiz var. Bu il biz Azərbaycan ilə Avropa İttifaqı arasında bir çox sahələri əhatə edən, o cümlədən neft, qaz və bərpaolunan enerji mənbələrini, hidrogeni, enerji səmərəliliyini və digər məsələləri nəzərdə tutan enerji dialoquna başlamışıq... Bu gün imzalanan memorandum gələcək üçün bir növ yol xəritəsidir. Nəzərə alsaq ki, əvvəlcə planlaşdırdığımız bütün məsələlər tərəfimizdən icra olunub, əminəm, bundan sonra da böyük uğurlara imza atacağıq.”

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen isə öz növbəsində, diqqəti Anlaşma Memorandumunun xüsusi əhəmiyyət kəsb etdiyinə yönəltdi: “Biz Azərbaycandan Avropa İttifaqına təchiz edilən qazın həcmini ikiqat artıracağıq. Bu memorandum vasitəsilə biz Cənub Qaz Dəhlizinin genişləndirilməsi ilə bağlı üzərimizə öhdəlik götürürük. Bu, artıq Avropa İttifaqı üçün çox vacib təchizat marşrutudur və onun vasitəsilə ildə 8 milyard kubmetr qaz nəql edilir. Biz bir neçə il ərzində onun ötürücülük imkanını 20 milyard kubmetrə çatdıracağıq. Gələn ildən biz 12 milyard kubmetr göstəriciyə çatacağıq... və Avropanın təchizat təhlükəsizliyinə ciddi töhfə verəcəyik.”

– Bu müddət ərzində dövlət başçımızın keçirdiyi görüşlər də zəngin oldu.

– Prezident İlham Əliyevin yaxın tərəfdaş olaraq qeyd etdiyi beynəlxalq təşkilatlar sırasında Türk Dövlətləri Təşkilatının adının da xüsusi olaraq qeyd edilməsinin ciddi əsasları vardır. Əvvəla, bu qurumun yaranması və inkişafında Azərbaycanın müstəsna rolu vardır. İkincisi, bu təşkilatın üzv dövlətləri ilə Azərbaycanı müttəfiqlik və strateji tərəfdaşlıq münasibətləri bağlayır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Türkiyə Prezidenti ilə cari ildə 3 dəfə görüşmüşdür, aprel ayında Qırğızıstan Prezidentinin Azərbaycana, iyunda isə dövlətimizin başçısının Özbəkistana və Türkmənistana səfərləri olmuşdur. Avqust ayında isə Qazaxıstan Prezidentinin Azərbaycana səfəri gözlənilir. Sadalanan səfərlərin sayı və qarşılıqlı təmasların intensivliyinin özü bir göstəricidir. Eyni zamanda, cənab Prezident vurğuladı ki, xarici siyasətimizin prioritet istiqaməti ikitərəfli münasibətlər formatıdır və bu xüsusda qonşu dövlətlərlə əməkdaşlıq mühitinin inkişaf etdirilməsi mühüm hədəfimizdir. Bu baxımdan Rusiya, İran və Gürcüstan prezidentləri ilə keçirilən görüşlərin əhəmiyyətinə diqqət çəkildi.

Azərbaycanın beynəlxalq koordinatlar sistemində oynadığı rolun parametrlərindən bəhs edən Prezident İlham Əliyev bu mövzu üzrə fikirlərinə Azərbaycan–ABŞ münasibətləri kontekstində yekun vurdu. ABŞ ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığımız inkişaf edir. ABŞ Prezidenti 2 dəfə–Müstəqillik Günü və Bakı Enerji Həftəsinin açılışı ilə bağlı Azərbaycan Prezidentinə təbrik məktubları göndərmişdir. Dövlətimizin başçısı qeyd etd ki, mənim də cavab məktublarımda və mənə göndərilən məktublarda da əlaqələrimizin önəmi xüsusilə qeyd olunmuşdur. Bu əlaqələrin həm böyük tarixi və gözəl gələcəyi var.

Təsadüfi deyildir ki, Prezident İlham Əliyev 4 İyul İstiqlaliyyət Günü münasibətilə ABŞ Prezidenti Cozef Baydenə ünvanladığı məktubda qeyd etmişdi: “30 ildir ki, Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatlarını dostluq və tərəfdaşlıq münasibətləri birləşdirir. Biz ilk gündən ölkəmizin müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə ABŞ-ın dəstəyini yüksək qiymətləndiririk”

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş mükəmməl xarici siyasət kursunun Prezident İlham Əliyev tərəfindən varislik prinsipinə sadiqlik, kreativlik və innovativ yanaşmalar hesabına uğurla davam etdirilməsi sayəsində ölkəmizin beynəlxalq mövqeləri daha da möhkəmlənmişdir. Azərbaycan dünyada etibarlı tərəfdaş kimi qəbul edilir. Azərbyacan Prezidenti İlham Əliyev dünya miqyasında mahir diplomat, müzəffər Ali Baş Komandan və müdrik siyasi lider kimi tanınır. Cari ilin 6 ayının xarici siyasət yekunları da yuxarıda səslənən fikirlərin həqiqiliyini tam təsdiqləyir.

Müsahibəni qələmə aldı:Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti”

MÜSAHİBƏ bölməsi