Artan gəlirlər dövlət büdcəsinin daha da böyüməsini şərtləndirib

SİYASƏT
7 İyul
00:17

Bu gün uğurla həyata keçirilən inkişaf strategiyası iqtisadiyyatın müasirləşməsini gerçəkləşdirməklə ölkəmizin beynəlxalq siyasi-iq­tisadi nüfuzunu daha da artırır, iqtisadi qüdrətini davamlı şəkildə yüksəldən respublikamız dünya miqyasında kreditor mövqelərini getdikcə gücləndirir. Azərbaycanın ötən bir il ərzində maliyyə imkan­larını genişləndirməsi, bununla da sosial-mədəni layihələrin həyata keçirilməsinə, humanitar yardımların göstərilməsinə nail olması bunun bariz ifadəsidir.

Dövlətimizin başçısı son illərdə sosial-iqtisadi çağırışları nəzərə alaraq ölkədə islahatları daha da sürətləndirib. Bu isla­hatlar məzmununa görə məqsədyönlü və konkret strateji hədəfə doğru hesablanıb. Genişmiqyaslı yenilənmələr respublika­mızda yüksək dayanıqlı və inklüziv iqtisadi artımın təmin edilməsi, iqtisadiyyatın daha da şaxələnməsi, özəl investisiyaların, habelə təşəbbüslərin yüksək səviyyədə təşviqi üçün əlverişli zəmin yaradıb.

AMEA Riyaziyyat və Mexanika İnsti­tutunun böyük elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru Emin Bağırov qeyd etdiyi bu məqamla bağlı daha sonra dedi:

– Azərbaycan iqtisadiyyatında müşahidə olunan artım tempi cari ilin ilk 5 ayında da davam edib. Bu zaman iqtisadi artım davamlı və daha sürətli olması ilə diqqət çəkib. Belə ki, cari ilin yanvar-may ayları ərzində Azərbaycanda ÜDM-in həcmi 50 milyard manatı, qeyri-neft sek­torunda istehsalın həcmi isə 25 milyard manatı ötüb. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə ÜDM real ifadədə 7,2 faiz, qeyri-neft sektoru üzrə 11 faiz artıb. Res­publikamızın strateji valyuta ehtiyatları 1 milyard ABŞ dolları artaraq, 54,2 milyard ABŞ dolları olub.

Onu da qeyd edim ki, bu ilin ilk 5 ayı ərzində dövlət büdcəsi profisiti də 2 milyard manata yaxın olub və bu da planlaşdırılan profisitdən 4 dəfə çox­dur. İcmal büdcənin profisiti 4 milyard manata yaxın olub və planlaşdırılan 2 milyarda yaxın kəsirdən yüksəkdir. Belə bir şəraiti şərtləndirən amillərdən biri isə ilk dəfə olaraq sözügedən dövr ərzində Azərbaycanın neft və qaz ixracından əldə etdiyi valyuta gəlirlərinin demək olar ki, bərabərləşməsidir.

Bütün bunlar Azərbaycanda büdcə siyasəti ilə bağlı yeni çağırışların for­malaşdırılmasını şərtləndirib. Prezident İlham Əliyev bir müddət bundan əvvəl Zəngilanda Ağalı kəndinin sakinləri ilə gö­rüş zamanı bu barədə deyib: “Mən bu gün bunu bəyan etmək istəyirəm. Biz dövlət büdcəsinə əlavələr etməliyik, çünki iqtisadi göstəricilər daha yaxşıdır. Gəlirlərimiz nəzərdə tutulandan daha çoxdur. Ona görə biz bu əlavə gəlirləri və iqtisadi imkanlarımızı səfərbər etməliyik ki, vaxt itirmədən azad edilmiş torpaqlarda daha böyük həcmdə iş görək. İndi hökumətə tapşırılıb, yəqin yaxın gələcəkdə Milli Məclis bu məsələyə baxacaq ki, biz daha çox vəsait ayıraq. Mən demişəm, iqtisadiy­yatımız nə qədər güclü inkişaf edərsə, biz azad edilmiş bütün əraziləri o qədər tez bərpa edəcəyik".

Artıq Prezident İlham Əliyev tərəfindən “İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında” Azərbaycan Respub­likasının Qanununda dəyişiklik edilməsi barədə, “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə, “Azərbaycan Res­publikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunlar təsdiqlənib. Bütün bunlarla yanaşı, “2022-ci il dövlət büdcəsi haqqın­da” Qanunda müvafiq fərmanıla müvafiq dəyişiklik edilib.

Qeyd edim ki, yenidən baxılmaqla dövlət büdcəsinin gəlirlərinin 2 milyard 382 milyon manat artımı nəzərdə tutulur. Bu ilin dövlət büdcəsinin xərcləri 32 milyard 304 milyon manat məbləğində nəzərdə tutulur ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 2 milyard 425 milyon manat və ya 8,1 faiz çoxdur. Yenidən baxılmaqla icmal büdcənin gəlirləri 36 milyard 661 milyon manat proqnozlaşdırılır. İcmal büdcənin xərclərinin isə 35 milyard 541 milyon manata çatdırılacağı qərarlaşdırılır.

Yeri gəlmişkən, cari ilin dövlət və icmal büdcələrinin yenidən baxılmasında əsas məqsəd artan gəlirlərin dövlət başçısının müəyyənləşdirdiyi prioritet vəzifələrin yerinə yetirilməsi üçün əlavə maliyyə təminatının yaradılmasından ibarətdir. Büdcənin artırılan xərclərinin böyük hissəsi Qarabağd və Şərqi Zəngəzurda bərpa və quruculuq işlərinin aparılmasına, həmçinin bu ərazilərdə Böyük qayıdışın reallaşmasına yönəldilməsi nəzərdə tutulur.

Azərbaycanın dövlət büdcəsi Cənubi Qafqazın ən böyük büdcəsi kimi tanınıb. Artımlardan sonra isə dövlətimizin büdcəsi daha da böyüyüb və təbii ki, artan gəlirlər qarşıda duran vəzifələrin daha sürətlə həyata keçirilməsini şərtləndirib.

Dövlətimizin başçısının tapşırıqla­rına uyğun olaraq hökumət tərəfindən müəyyən antiinflyasiya tədbirləri də hazırlanır və həyata keçirilir. Bu tədbirlərin əksər hissəsi Azərbaycana idxal olunan ərzaq məhsulları üzrə mövcud gömrük rüsumları və müəyyən vergilərin ara­dan qaldırılması ilə bağlıdır. Bununla əlaqədar müəyyən qərarlar qəbul edilir. Bu qərarların nəticəsində bir sıra məhsulların qiymətinin artımını aradan götürülməklə bahalaşmanın qarşısı alınacağı da gözlənilir. Həmçinin müvafiq orqanlara da qiymətlərin artımından sui-istifadə halları­nın qarşısının alınması və bu istiqamətdə işlərin diqqət mərkəzində saxlanılması tapşırılır.

Söhbəti qələmə aldı: V.BAYRAMOV,

“Xalq qəzeti”

SİYASƏT bölməsi