Azərbaycan türkdilli ölkələrin hərtərəfli əməkdaşlığının inkişafında mərkəzi yer tutur

SİYASƏT
7 İyul
00:13

Müasir dünyada sürətlə inkişaf edən qloballaşma və regionallaşma prosesləri zəngin tarixi ilə dünya mədəniyyətinə böyük töhfələr vermiş türkdilli ölkələri də hərtərəfli əhatə etmişdir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası adı ilə yaradılmış Türk Dövlətləri Təşkilatı keçmiş SSRİ-nin süqutundan sonrakı dövrdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə arasında qurulmuş beynəlxalq təşkilat kimi son illərdə ümumtürk birliyinin yaradılmasına, bütün dünyada sülh və tərəqqi prosesinin davamlı olmasına layiqli töhfəsini verir.

Türkdilli Dövlətlərin Dövlət Başçılarının Zirvə görüşlərinin nəticəsində ərsəyə gəlmiş Əməkdaşlıq Şurasının fəaliyyətinin əsas məqsədi, adından da göründüyü kimi, türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığa yardım etmək olmuşdur. Təşkilat türkdilli ölkələrin dövlət başçıları­nın 3 oktyabr 2009-cu il tarixində Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılmışdır. TDƏŞ-in əsas fəaliyyət məqsədləri və vəzifələri Naxçıvan Sazişi ilə müəyyən edilmişdir.

Ötən illərdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası tərəflər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi; regionda və dünyada sülhün bərqərar edilməsi; xarici siyasət məsələlərinə ortaq yanaşmanın təşviq edilməsi; beynəlxalq terrorizm, separat­çılıq, ekstremizm və transmilli cinayətkarlığa qarşı mübarizənin əlaqələndirilməsi; ortaq maraq kəsb edən bütün sahələrdə regional və ikitərəfli əməkdaşlığın gücləndirilməsi; ticarət əlaqələri və investisiyalar üçün əlverişli şəraitin yaradılması; hərtərəfli və balanslaşdırılmış iqtisadi yüksəlişə, sosial və mədəni inkişa­fa səy göstərilməsi; elm, texno­logiyalar, təhsil və mədəniyyət sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi; kütləvi informa­siya vasitələri arasında əlaqələrin, eləcə də daha geniş miqyasda informasiya mübadiləsinin təşviq edilməsi; hüquqi məlumatların mübadiləsinin, hüquq sahəsində əməkdaşlığın genişləndirilməsi kimi ümumi tarixi hədəflərin gerçəkləşməsində səmərəli fəaliyyət göstərmişdir.

2013-cü ilin avqust ayında keçirilmiş, Azərbaycanın ev­sahibliyi etdiyi türkdilli dövlət başçılarının zirvə görüşü qar­daş dövlətlər arasında regional əməkdaşlığın inkişafında növbəti mərhələyə qapı açmışdır. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası­nın Qəbələdə baş tutmuş həmin zirvə görüşündə iqtisadi əlaqələrin gücləndirilməsinə, nəqliyyat və gömrük münasibətlərinin inkişaf etdirilməsinə, üzv dövlətlər arasın­dakı qarşılıqlı ticarət və investisiya axınlarının artırılmasına və birgə layihələrin həyata keçirilməsinə mühüm diqqət yetirilmişdir.

2021-ci ilin 11–13 noyabrın­da İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Türk Şu­rası Türk Dövlətləri Təşkilatına çevrilməklə daha bir nüfuzlu beynəxalq qurum statusu qazan­mışdır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zirvə görüşündə yekun bəyanatla çıxış edərək bildirmişdir: “Biz Şuranın adını dəyişdirməyi qərara aldıq. Bundan sonra o, Türk Dövlətləri Təşkilatı adlanacaq. Yeni ad və struktu­run sayəsində təşkilat daha da inkişaf edəcək, möhkəmlənəcək və güclənəcək. Türk ölkələri minilliklər ərzində mədəniyyət və sivilizasiya mərkəzi olaraq qalıb. Mən əminəm ki, bundan sonra da belə olacaq. Türk Dövlətləri Təşkilatı heç kimi narahat etməməlidir. Əksinə, tarixi birliyə əsaslanan bu yüksələn qurumun bir hissəsi olmağa çalışmaq lazımdır. Bu təşkilat dövlətlərarası əlaqələrin inkişaf platformasıdır”.

Hazırda Azərbaycan, Qa­zaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan Türk Dövlətləri Təşkilatının üzvləridir, Macarıstan və Türkmənistan isə müşahidəçi qismində iştirak edirlər. Türkiyə Prezidenti Şimali Kipr Respublika­sının təşkilata qəbuluna tərəfdar olduğunu bildirmişdir. Özbəkistan Prezidenti isə türk dövlətlərinin Ticarət Əməkdaşlığı üzrə Araş­dırmalar Mərkəzinin yaradıl­masını təklif etmişdir. Məclisdə əməkdaşlığın daha bir prioritet istiqaməti – nəqliyyat və tran­zitin inkişafını, türkdilli ölkələrin ərazisindən keçməklə Çindən Avropaya yeni transkontinental dəhlizlərin yaradılması qeyd edil­mişdir.

Zirvə görüşünün sonun­da qəbul edilmiş Türk ölkələri liderlərinin işinin nəticələrinə dair yekun sənəddə “Türk Dünyası 2040 Vizyonu” konsepsiyası əksini tapmışdır. Bu, “türk dünyasında ümumi maraq kəsb edən müxtəlif sahələrdə gələcək əməkdaşlığı müəyyən edən” strateji sənəddir. Bütün bunlar türkdilli ölkələrinin vahid iqtisadi məkan, sonradan isə gələcəkdə vahid siyasi məkan yaradılmasını gündəliyə gətirmək üçün çox vacib cəhdlər kimi dəyərləndirilməlidir.

Türkdilli dövlətlər arasında ümumi fəaliyyətdə aparıcı yer tutan tranzit daşımalar sahəsində əməkdaşlığın böyük perspektivi vardır. Azərbaycan artıq Xəzərin şərq sahilində yerləşən ölkələr üçün tranzit ölkə rolunu oyna­yır. Nəqliyyat infrastrukturunun yaxşılaşdırılması məqsədilə həm ikitərəfli, həm üçtərəfli formatda işlər həyata keçirilir. Bu baxımdan Avropa və Asiyanı birləşdirən və 2014-cü ildə istifadəyə verilmiş Bakı-Tiflis-Qars dəmir yolu xətti böyük əhəmiyyətə malikdir.

Bundan başqa, Azərbaycan Prezidenti İlham Əliyevin qeyd et­diyi kimi, Azərbaycanın son illərdə Xəzərdə qurduğu yeni beynəlxalq dəniz limanı bölgənin ən böyük dəniz terminalıdır: “Mərhələlərlə bu limanın yük qəbulu 10 milyon tondan 20 milyon tona çatacaq. Bu da Xəzər dənizi üzərindən ötürülən yüklərin həcmini artıra­caqdır”.

Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin dövlət başçıları türkdilli dövlətlər ara­sında ticarət və investisiyaların artımına daim böyük əhəmiyyət vermişlər. Dövlət başçıları habelə türkdilli ölkələr arasın­da gömrük əməkdaşlığının genişləndirilməsinə və gömrük strukturlarının rəhbərlərinin öz fəaliyyətlərini koordinasiya etmələrinə, gömrük üzrə işçi qrupunun yaradılmasına bö­yük əhəmiyyət verirlər. Onlar sərnişin və yükdaşımalarının sadələşdirilməsi və tranzit poten­sialının artırılması və idxal və ixrac prosedurlarının sadələşdirilməsi üçün mexanizmlərin yaradılması və inkişaf etdirilməsinə, müasir texnologiyalarla mübadilə siste­minin tətbiqinə böyük ehtiyac oldu­ğunu xüsusi vurğulayıblar. Türkdilli diasporlar arasında əməkdaşlıq layihəsi haqqında təşəbbüslər də əhəmiyyətlidir.

Türkdilli dövlətlərlə əməkdaşlığın genişlənməsi istiqamətində gedən proseslərdə mərkəzi mövqeni qorumaq, fəal və səmərəli iştirak etmək Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindəndir. “Bir millət, iki dövlət” idealına daim sadiq qalan Azərbaycan və Türkiyənin dərin və hərtərəfli əlaqələri türkdilli dövlətlərin iqtisadi əməkdaşlığının onurğa sütununu təşkil edir və regional əməkdaşlıgın genişlənməsi üçün mühüm əhəmiyyət kəsb edir. İki ölkə arasında strateji əhəmiyyətə malik olan enerji sahəsində əməkdaşlıq uğurla davam etdirilir. Bunlardan biri TANAP layihəsidir. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, həmin layihənin həyata keçirilməsi Av­ropanın enerji xəritəsini tamamilə yenidən qurmuşdur. Bu xəritədə Türkiyə və Azərbaycanın rolu xüsusi yer tutur. Çünki TANAP layihəsi dünya miqyasında enerji layihələri arasında ən böyüklərdən biridir.

Bu məsuliyyəti, bu siyasi yükü, maliyyə yükünü Türkiyə və Azərbaycan öz üzərinə gö­türmüşdür. Biz burada da birgə səylərlə liderlik nümayiş etdirdik. Bizim liderliyimiz sayəsində bir çox ölkələr fayda götürür. Çünki bugünkü dünyada enerji siyasətini xarici siyasətdən ayırmaq müm­kün deyildir. Biz bütün işləri birgə qururuq, birgə müzakirə edirik.

Türkiyə və Azərbaycan Trans-Anadolu və “Cənub” dəhlizi layihələrinin həyata keçirilməsi məsələsində də ciddi mövqe nümayiş etdirmişdir. “Marmaray” layihəsi ilə birgə Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsi Qərbi Av­ropadan çıxan bir qatarın birbaşa Xəzər sahillərinə, oradan isə Ak­tau və Türkmənbaşı limanlarından Pekinə çatmasını da mümkün edir. Bu da, təbii ki, qlobal və regional əməkdaşlıq proseslərinə böyük fayda verəcəkdir.

Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, türk­dilli dövlətlər arasında turizm sektorunda birgə əməkdaşlığın böyük perspektivi vardır: “Bu, çox dəyərli məsələdir. Ölkələrimizdə və ya xaricdə türk dünyasının turizm potensialı ilə bağlı sərgi keçirilə bilər. Eləcə də beynəlxalq sərgilərdə birgə təqdimatla çıxış edə bilərlər. Bu, praktik nöqteyi-nəzərdən ölkələrimizə turizm axınını gücləndirmiş olar”.

Yüksəksəviyyəli Ankara görüşlərinin birində Azərbaycan Prezidenti İlham Əliyev vurğu­lamışdır: “Azərbaycanın xaricə qoyulan və qoyulacaq ən böyük sərmayələri Türkiyəyə qoyula­caq sərmayələrdir. Türkiyədən Azərbaycana qoyulan sərmayələr bizim iqtisadi inkişafımızı sürətləndirir. Bu sərmayələr qarşılıqlı etimad, inam, dost­luq, qardaşlıq üzərində qoyulan sərmayələrdir. Mən deyəndə ki, bi­zim münasibətlərimizin təməlində qardaşlıq dayanır, bax, həyata keçirilən layihələr bunu təsdiqləyir. Qardaşlıq, dostluq əbədidir, əbədi olacaqdır. XXI əsr Türk dün­yasının əsri olacaqdır. Türkiyə və Azərbaycan bu istiqamətdə liderlik rolunu öz üzərinə götürüb və əminəm ki, biz birgə səylərlə gələcəkdə də böyük uğurlara imza atacağıq.”

Azərbaycan Mərkəzi Asiya ölkələri ilə birbaşa həmsərhəd olmasa da, Xəzərətrafı region çevrəsində dil, din və mədəni dəyərlər ümumiliyi və zəngin tarixi keçmiş ortaqlığı bu ölkələr arasın­da dərin və əhatəli əlaqələr forma­laşdırmışdır. Sovet imperiyasının süqutundan sonra müstəqillik qazanmış bu türk-müsəlman ölkələri yeni tarixi şəraitdə ikitərəfli və çoxtərəfli əlaqələri davamlı olaraq genişləndirir. Müstəqillik illərində dünya birliyinə fəal inteq­rasiya yolu tutaraq həyatın bütün sahələrində önəmli uğurlaq qazan­mış Azərbaycan dövləti Mərkəzi Asiya ölkələrində sabitliyin qorunmasında, onların da Qərb yönümlü sosial-iqtisadi tərəqqiyə qovuşmasında olduqca maraqlıdır.

Bütün bunlar bir daha göstərir ki, Mərkəzi Asiya ölkələrinin inkişaf perspektivləri və qanunauyğun­luqlarının öyrənilməsi Azərbaycan üçün xüsusi aktuallıq kəsb edir. Lakin müasir tarixi mərhələdə Mərkəzi Asiyanın yeni müstəqil dövlətlərində sosial-iqtisadi və et­no-sosial vəziyyət, onların inkişaf perspektivləri və qanunauyğunluq­ları ölkəmizdə hələ kifayət qədər araşdırılmamışdır. Bu geosiyasi tələbatı cavablandırmaq üçün AMEA-da Mərkəzi Asiya regio­nunun Azərbaycanın maraqları baxımından öyrənilməsi zəruri sayılmış, Şərqşünaslıq İnstitutun­da Mərkəzi Asiya ölkələri şöbəsi yaratmışdır. Şöbənin fəaliyyətində Mərkəzi Asiyanın dost və qardaş ölkələrinin dünya birliyinə inteqra­siyasında Azərbaycan nə qədər maraqlı olması, bu prosesdən Azərbaycanın hansı siyasi və iqti­sadi dividendlər əldə etməsi kimi məsələlər aparıcı yer tutur.

SSRİ-nin dağılması bu məkanın müstəqillik qazanmış xalqları üçün yeni perspektivlər açmış, tərəqqi imkanları yaratmış­dır. Milli dövlətçiliyin dərin tarixi kökləri olan Qafqazdan fərqli ola­raq, Mərkəzi Asiya və Qazaxıstan respublikaları, ilk növbədə, etnik prinsiplərə əsaslanan dövlətlər kimi formalaşmağa başlamış­dır. Tarixən Türküstan adlanan Mərkəzi Asiya regionu Rusiya imperiyası tərəfindən işğal olun­mazdan əvvəl orada mövcud olan dövlətlər ənənəvi olaraq sivilizasi­yalı və konfessional ictimaiyyətə əsaslanmışdır. Suverenləşmə isə region dövlətlərini tarixən yad olan etnik təməl üzərində dövlət qurmaq məcburiyyəti qarşısında qoymuşdur.

Sovet dövründə sosial və iqtisadi inteqrasiyanın həyata keçirilməsinə baxmayaraq, Mərkəzi Asiya və Qazaxıstanın yerli etnik qrupları ənənəvi sosial strukturları qoruyub saxlamışlar. Bu isə cəmiyyətin və hakimiyyətin qəbilə xarakterini şərtləndirmişdir. Keçmiş SSRİ-də respublikalar arasındakı sərhədlər inzibati idi və orada xarici sərhədlərdən fərqli olaraq dövlət sərhədləri atributları yox idi. Çox vaxt onların keçid xətti vahid dövlətin tərkib hissəsi olduğu üçün dəqiq müəyyənləşdirilməmişdi və ona görə də mübahisəli idi. Mərkəzi Asiya regionu üçün səciyyəvi olan “etnik zolaqlı” mənzərə şəraitində sərhədlər dövlətlərarası münasibətlərin zaman-zaman ağırlaşmasına gətirib çıxa­ra biləcək ciddi problemlər yaratmışdır.

Digər tərəfdən, coğrafi baxım­dan təcrid vəziyyətində olması və daxili bazarın məhdudluğu Mərkəzi Asiya ölkələrində özünü təmin edə bilən milli iqtisadiyyatın formalaşmasına mane olmuş­dur. Onlar müstəqil geniş təkrar istehsalı prosesinə malik deyildilər, ayrı-ayrı sahələr üzrə ixtisaslaş­mışdılar. Bu isə onların iqtisadi vəziyyətlərinin ağır olmasının başlıca səbəblərindən biri idi.

Regionun sənaye kompleksində ümumi məşğul olanlar arasında yerli olmayanlar çoxluq təşkil etmişdir. Bu isə qeyri-yerli əhalidən asılılığı şərtləndirən etnik əmək bölgüsünün yaran­masına səbəb olmuşdur və mənfi amilə çevrilmişdir. SSRİ-nin dağıl­ması regionun periferiya xarakterli mövqeyinin dünya iqtisadiyyatında və siyasətində möhkəmlənməsinə yol açmışdır.

Mövcud dünya nəzəriyyəsinə görə, dünya kapitalist sistemi iyerarxiyalı struktura malikdir. Bu struktur isə mərkəzdən asılı vəziyyətdə olan yarımperiferiya və periferiyanı özündə birləşdirir. Təzadlı vəziyyətdir ki, SSRİ-nin dağılması nəticəsində Mərkəzi Asiya ölkələri dünya kapitalist sistemindən və Rusiyanın yarım­periferiya mərkəzlərindən ikiqat asılı vəziyyətə düşmüşlər.

Əhalinin siyasi cəhətdən etnik vəziyyəti, yerli etnik qrupların klan strukturunun qorunub saxlanılma­sı, sərhədlərin şərti olması, köhnə metropoliyadan iqtisadi cəhətdən asılılıq, vahid vətəndaşlıq ami­linin və milli dövlətçiliyin tarixi ənənələrinin olmaması Orta Asiya dövlətlərinin mövcudluğunun perspektivi üçün əngələ çevril­mişdir. Bu etno-sosial problemlər bütün kəskinliyi ilə Tacikistanda özünü göstərmişdir. Bu, tacik etnosunun daxili dağınıqlığı və hakimiyyət uğrunda qəbilələrarası çəkişmələr və qarşıdurmalardan yaranan vətəndaş müharibəsi ilə nəticələnmişdi.

Bununla yanaşı, ərazi bü­tövlüyü və demoqrafik əsaslarla milli dirçəliş vəzifələrini qarşıya qoymuş Orta Asiyada sabitli­yin qorunması Rusiyanın xarici siyasətində prioritet vəzifələrdən biri omuşdur. Çünki bölgənin Rusi­ya üçün böyük əhəmiyyəti vardır. Politoloqların fikrinə görə, Mərkəzi Asiyanın suveren dövlətlərində sa­bitlik pozularsa Rusiyanın cənub sərhədlərində hərbi-siyasi təhlükə yarana bilər. Çünki bu sərhədlərdə inkişaf etmiş təbii-coğrafi sistemi olan manelər yoxdur və Tacikistan təcrübəsində olduğu kimi bölgə həm yerli, həm də qeyri-yerli əhalinin kütləvi axınına məruz qala bilər. Rusiyanın xarici və daxili təhlükəsizliyini təmin etmək üçün təhlükənin belə bir ssenari ilə inkişafı ehtimalını önləmək üçün region ölkələrində vəziyyətin sabitliyinə böyük diqqət yetirilir.

Göründüyü kimi, bəşəri tərəqqi üçün dünya təsərrüfatı sisteminin bütün həlqələri arasında qarşılıq­lı-faydalı və hərtərəfli əlaqələrin daha da dərinləşməsi yolunda geniş imkanlar yaranmışdır. Bu coğrafi məkanda Xəzər hövzəsinin zəngin neft yataqlarının mühüm bir hissəsinə nəzarət edən Orta Asiya və Qafqazın yeni müstəqil dövlətləri özünəməxsus yer tutur.

Dünyanın neft xəzinəsi sa­yılan İran körfəzindən sonra öz əhəmiyyətinə görə ikinci yerdə duran bu regionda neft ehtiyatı 30 milyard ton, qaz ehtiyatı isə onlarla trilyon kubmetr təşkil edir. Mütəxəssislərin hesablamalarına görə, XXI əsrin ikinci yarısında orta illik neft hasilatı burada 100 milyon tona çata bilər. Uran və digər mühüm filiz növləri, qızıl ehtiyatı, habelə pambıq parça is­tehsalı imkanları nəzərə alındıqda regionun əhəmiyyəti daha da artır.

Dünyamalı VƏLİYEV,

AMEA Şərqşünaslıq İnstitutu Mərkəzi Asiya ölkələri şöbəsinin müdiri,

iqtisad elmləri doktoru

SİYASƏT bölməsi