Ermənilər tarixən hara köçürülüblərsə, orada xalqımızın maddi-mədəni irsini məhv ediblər

SİYASƏT
7 İyul
00:07

“İrəvan şəhərində Azərbaycan milli-mədəni, tarixi irsinin sonuncu qalığı Təpəbaşı məhəlləsinin taleyi: Ermənistanda Azərbaycan xalqının irsinin dağıdılması və tarixi izlərinin silinməsi” üzrə aparılmış araşdırmanın və onun nəticələrini əks etdirən kitabın təqdimatında işğalçı ölkənin xalqımızın mədəni irsi­nin dağıdılması barədə ətraflı danışılıb. İrəvan şəhərinin digər ya­şayış massivləri kimi, Təpəbaşı məhəlləsində də azərbaycanlıların həmişə üstünlük təşkil etdikləri, lakin zaman-zaman onların Ermənistandan deportasiya olunduqları, soydaşlarımıza məxsus tikililərin, habelə İrəvan şəhərindəki müsəlman abidələrinin erməni vandalizminin qurbanına çevrildiyi vurğulanıb.

Qərbi Azərbaycan İcmasının sədri, “Qərbi Azərbaycan yaddaşı” layihəsinin müəllifi, Milli Məclisin deputatı Əziz Ələkbərli çıxışında indiki Ermənistan ərazisində - Qərbi Azərbaycanda zəngin mədəni ir­simizin erməni barbarlığına məruz qaldığını diqqətə çatdırmaqla bərabər, bu cür araşdırmaların miqyasının genişləndirilməsinin zəruriliyini, indi işğalçıların məskunlaşdıqları bu ərazilərdə min illər boyu əcdadlarımızın yaratdığı mədəni irsə sahib çıxmağımızın önəmini xatırladıb.

Təpəbaşının sabiq sakini, “Elmi Araşdırmalar” İctimai Birliyinin sədri Telman Qasımov çıxışında məhəllənin özünəməxsus obrazının keçmişdə burada yaşayan yerli azərbaycanlı sakinlər tərəfindən yaradıldığını qeyd edib. O, həmçinin Təpəbaşı məhəlləsinin yaşadığı dövrə aid milli koloriti barədə xatirələrini tədbir iştirakçıları ilə bölüşərək deyib: “Təpəbaşının özünəməxsus koloriti olub. Çünki Təpəbaşı Şərq üslubun­da tikilmiş məhəllə olub. Çoxları bu məhəlləni “Şəhər içində şəhər” adlan­dırır, bəziləri İrəvan şəhərinin mərkəzi hesab edirlər. Çünki Təpəbaşı şəhərin digər məhəllələrindən fərqli olub. Bu­ranın öz məscidi, məhəllədə xanların, bəylərin evləri olub. Bütün bu infrast­ruktur, eləcə də abidələr ermənilər tərəfindən məhv edilib.

Beynəlxalq təşkilatlara, xüsusən UNESCO-ya çatdırmaq lazımdır ki, onlar Ermənistana gedirlərsə, mütləq Təpəbaşına ziyarət etməlidirlər. O məhəllənin ziyalıları, imkanları şəxsləri, onların mülkləri olub. Bizdə bunların siyahısı var. UNESCO-nun nümayəndələri İrəvana gedərkən bun­ları araşdırsalar, yaxşı olar”.

Tədbirdə çıxış edən “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İc­timai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli İrəvan şəhərinə və onun mədəni irsinə beynəlxalq konvensiyalar çərçivəsində yana­şılmasının vacibliyini vurğulayıb. O, UNESCO da daxil olmaqla, beynəlxalq təşkilatların faktaraşdırıcı missiyaları­nın bu irsin hazırkı vəziyyəti ilə bağlı monitorinqinin aparılması, nəticələrin sənədləşdirilməsi və qorunmasının təşviq edilməsi, sülh naminə Qaf­qazın, xüsusilə onun son iki min illik tarixi həqiqətlərinin anlaşılması üçün akademik fəaliyyətlərə dəstəyin göstərilməsinin zəruriliyini qeyd edib.

Bildirilib ki, bütövlükdə İrəvanda, o cümlədən şəhərin Təpəbaşı məhəlləsində xalqımızın milli-mədəni, tarixi irsinə qarşı Ermənistanın həyata keçirdiyi mədəni soyqırımı ilə bağlı Azərbaycanın bir qrup elm xadimi və ictimaiyyət nümayəndələri tərəfindən UNESCO-nun Baş direktoru Odre Azuleyə müraciət ünvanlanıb.

Araşdırmaya əsasən, Təpəbaşı qədim İrəvan şəhərinin üç hissəsindən biridir. Hazırda İrəvan şəhərinin tarixi hissəsində yeganə tarixi şəhər struktu­ru məhz bu yerdə qalmaqdadır.

XVII əsrdən mövcud olan bu hissə uzun zaman ərzində tədricən adını, ölçüsünü, coğrafi mövqeyini, fiziki sərhədlərini, etno-dini kimliyini və demoqrafik xüsusiyyətlərini dəyişib. Lakin onun şəhər strukturu qismən XVIII və XIX əsrlərdən günümüzə qədər olduğu kimi gəlib çatıb.

Həm İrəvanın XX əsrin 30-cu illərində yenidən qurulması, həm də Ermənistan Respublikası dövründə Təpəbaşı hissəsi erməni ideologiyası­nın başağrısına çevrilib. Erməni milli ideologiyası şəhər içərisində ayrıca bir şəhər olmuş İrəvandan yeganə nümunələri özündə saxlayan bu par­çanı yox edə bilməyib.

Artıq 17 ildir ki, Ermənistan Respublikasında “Köhnə İrəvan” adlı layihə üzərində iş getməkdədir. Layihənin rəhbəri Levon Vardanyandır. Lakin hələ də bu layihə sona çatdırıla bilmir.

Təpəbaşı hissəsinin əhalisinin bir qismi bu məqsədlə artıq 2019-cu ildə Paronyan küçəsi 42 ünvanında yeni inşa edilən çoxmənzilli binadan ev almaq üçün müqavilə bağlayaraq evlərinin dağıdılmasına razılıq verib.

Yaxın zamanlarda Ermənistan rəhbərliyi bu məhəlləni tamamilə dağı­daraq yerində yeni binalar inşa etməyi planlaşdırır. Lakin bir sıra memarlar tərəfindən tarixi İrəvan şəhərinin qal­ması məqsədəuyğun sayılır.

Müəllif Səbuhi Hüseynov apardığı tədqiqata əsasən Təpəbaşını İrəvan tarixinin nüvəsi adlandırıb. O, eyni zamanda, şəhərin bu hissəsinin vahid tarixi-şəhərsalma mühiti kimi diqqət çəkdiyini, qədim İrəvanın yaranması, inkişafı və erməniləşdirilməsinə qədər olan uzun bir dövrün yeganə şahidi olduğunu bildirib.

Müəllif tədqiqatında, həmçinin İrəvanın Təpəbaşı hissəsində vaxtilə mövcud olmuş memarlıq abidələrinin dəqiq koordinatlarının müəyyən olunmaqla onların məhvedilmə dövrlərinin dəqiqləşdirildiyini də bildirib. Xatırladıb ki, hazırda İrəvan şəhərinin Təpəbaşı hissəsindən təkcə Təpəbaşı məhəlləsinin ərazisi müəyyənləşdirilərək, möv­cud abidələrin bazası yaradılıb. Mütəxəssislərin fikrincə, köhnə şəhər mühiti, paytaxtın dəyişdirilməmiş siması məhz indiyədək Təpəbaşıda qalıb. Hazırda bir çox tikinti şirkətinin Təpəbaşı ərazisində inşaat işlər apar­ması da bu ərazidəki abidələri məhv olmaq təhlükəsi ilə üz-üzə qoyub.

Erməni faşizmi bütün Qərbi Azərbaycan torpaqlarında, İrəvan şəhərində olduğu kimi, Azərbaycanın 20 faiz ərazisində də xalqımızın mədəni irsinin nümunələrini Yer üzündən silməyə çalışıb. Bu, Milli Məclisin deputatı Əziz Ələkbərlinin vurğuladığı kimi, ermənilərin xislətidir: hara köçürülürlərsə, orada özlərinin qədimdən yaşadıqlarını sübut etmək üçün yerli xalqların bütün izlərini, demək olar ki, silirlər. Belə dəhşətli mənzərə Qarabağ və Şərqi Zəngəzurda da aydın nəzərə çarpır.

V.BAYRAMOV,

“Xalq qəzeti”

SİYASƏT bölməsi