Ağ Ev rəhbəri gələcək illərdə də Azərbaycanla birgə işləmək istədiyini deyir

SİYASƏT
7 İyul
00:09

Dövlət başçımız İlham Əliyev 4 İyul – Müstəqillik Günü münasibətilə Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenə göndərdiyi məktubda dost Ame­rika əhalisinə xalqımız adından ən səmimi təbriklər və xoş arzular çatdırmaqla bərabər, 30 ildən bəri Azərbaycanla ABŞ-ı dostluq və tərəfdaşlıq münasibətləri birləşdirdiyini vurğulayıb, ilk gündən ölkəmizin müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə Vaşinqtonun dəstəyini yüksək qiymətləndirdiyini bildirib.

Təsadüfi deyil ki, Prezident C.Bayden ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən əlamətdar günlərin hamısında Prezident İlham Əliyevə məktub göndərib, onu və xalqımızı təbrik edib, hərtərəfli əməkdaşlığın, ölkələrarası münasibətlərin böyük pers­pektivi olduğunu dilə gətirib. Onun dövlət başçımıza mayın 20-də göndərdiyi təbrik məktubu əvvəlki məktublarına nisbətən daha genişmiqyaslı məsələləri əhatə edirdi. Ağ Ev rəhbəri həmin məktubda ötən 30 il ərzində enerji mənbələrinin şaxələndirilməsi və beynəlxalq təhlükəsizlik sahələrində əməkdaşlığımızın tarixin mühüm anında öz bəhrəsini verdiyini, Azərbaycanın Avropa və dünya bazarlarının enerji təhlükəsizliyinin təmin olunması və sabitləşdirilməsində önəmli rol oynadığını qeyd edirdi.

Ölkələrimiz arasında qarşılıqlı fay­dalı əməkdaşlıq ikitərəfli və çoxtərəfli müstəvidə uğurla davam etdirilir. Beynəlxalq təhlükəsizliyin təmin olunması və terrorizmə qarşı mübarizədə uzun müddətdən bəri davam edən birgə fəaliyyətimiz məmnunluq doğurur. Enerji təhlükəsizliyi məsələlərində ölkələrimizin sıx əməkdaşlığı, həyata ke­çirdiyimiz irimiqyaslı transmilli layihələrdə ABŞ-ın yaxından iştirakı və hərtərəfli dəstəyi müvəffəqiyyətimizin əsas amillərindəndir. Məktubunda bu məsələlərə diqqət çəkən dövlət başçımız bu gün Azərbaycan ilə ABŞ arasında bir sıra mühüm sahələrdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş əməkdaşlığımızın siyasi əlaqələrimizin də genişlənməsinə şərait yaratdığını vurğu­layıb. Ölkələrimizin enerji, təhlükəsizlik və terrorizmə qarşı mübarizədə əməkdaşlığının nümunəvi xarakter daşıdığını bildirib.

Xatırladaq ki, cənab Bayden Azərbaycan Prezidentinə 20 mart 2022-ci il tarixli təbrik məktubunda da Cənubi Qafqazda sülhün bərqərar olunması məsələsini qabartmışdı: “Bu il Birləşmiş Ştatlarla Azərbaycan ara­sında diplomatik münasibətlərin 30 illiyidir. Bu ildönümünü qeyd etdiyimiz bir zamanda administrasiyam Cənubi Qafqazda demokra­tiya, sülh və tərəqqini dəstəkləməyə davam edəcəkdir. Biz, həmçinin ortaq təhlükəsizlik narahatlıqlarını həll etmək, regional barı­şığa təşviq etmək və iqtisadi əməkdaşlıq üçün yeni imkanları araşdırmaq məqsədilə Azərbaycanla birgə işləyəcəyik”.

Bu, onu göstərir ki, Ağ Ev rəhbəri gələcək illərdə də Azərbaycanla birgə işləmək istəyini dilə gətirib. Çünki Azərbaycanın indiki müstəqil dövlətinin yaşı az olsa da, əsrlərin yaddaşına yazılmış dövlətçilik tariximiz vardır. Yəni ermənilər kimi ordan-burdan yığışıb özgə torpaqlarında dövlət yaratmamışıq. Bu isə indiki Azərbaycanın mükəmməl siyasətə, diplomatiyaya, parlamentarizmə, demokra­tiyaya, sədaqətli əməkdaşlıq təcrübəsinə malik olduğunun göstəricisidir. Bu faktları beynəlxalq aləmdə hamının bilməsinin və yüksək qiymətləndirməsinin nəticəsidir ki, ölkəmizin nüfuzu durmadan artır.

Azərbaycan Prezidenti C.Baydenə göndərdiyi məktubunda bildirir ki, biz ABŞ-ın Ermənistan – Azərbaycan münasibətlərinin normallaşdırılmasında, kommunikasiyala­rın açılmasında, insanlararası təmasların yaradılmasında mühüm rol oynaya biləcəyinə inanırıq. Eyni zamanda, tərəfimizdən təqdim olunan beş prinsip əsasında Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması prosesinə ABŞ-ın dəyərli töhfə verə biləcəyi qənaətindəyik: “Biz minatəmizləmə işində ABŞ-ın ölkəmizə göstərdiyi yardımı təqdir edirik. Ermənistan – Azərbaycan münaqişəsi zamanı itkin düşmüş 4000-ə yaxın soydaşımızın taleyinin aydınlaşdırılması məsələsində də ölkənizin dəstəyinə böyük ümidlər bəsləyirik”.

Qeyd edək ki, dövlət başçımızın Amerika Birləşmiş Ştatlarının Preziden­ti cənab Cozef Baydenə 22 mart 2022-ci il tarixli məktubunda da Bakı–Vaşinqton əməkdaşlığının çoxvektorluluğundan söz açılmışdır: “Məmnunluqla qeyd etmək istəyirəm ki, ötən otuz ildə ölkələrimiz arasında uğurlu ikitərəfli münasibətlər formalaşmışdır. Bu dövr ərzində çoxşaxəli səmərəli fəaliyyətimiz qarşılıqlı investisiya yatırımı, ölkənizi təmsil edən yüzlərlə şirkətin Azərbaycanın iqtisadi həyatında fəal iştirakı ilə müşayiət olunmuşdur”.

Müstəqillik Günü münasibətilə Prezident C.Baydenə göndərdiyi məktubun sonun­da dövlət başçımız Azərbaycan ilə ABŞ-ı birləşdirən dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da müvəffəqiyyətlə davam edəcəyinə və genişlənəcəyinə əmin olduğu­nu bildirib.

Aydın HÜSEYNOV,

Milli Məclisin deputatı

SİYASƏT bölməsi