NATO Strateji Konsepsiyasında dəyişikliklər edib

SİYASƏT
7 İyul
00:33

NATO strateji konsepsiyasını yeniləyib. Əvvəlki konsepsiya­ya bir sıra dəyişikliklər edilib. Yeni konsepsiyaya görə, Rusiya “ən mühüm və birbaşa təhdiddir”. Yeniliklərdən biri də 2022-ci ilin Strateji Konsepsiyasına ilk dəfə Çin məsələsinin daxil edilməsidir.

Ümumiyətlə, NATO-nun strateji kon­sepsiyası alyansın yetmiş illik tarixində dəfələrlə yenilənib. Bu yeniliklər əsasən təhdidlər və yeni təhlükəsizlik şərtlərindən ibarət olur. Bütün bunlar təşkilata çeviklik və özünü yeniləmək imkanı verir.

Qeyd edək ki, Madriddə keçirilən son NATO sammitində qəbul edilmiş 2022-ci il üçün Strateji Konsepsiya da alyansın tarixi prioritetlərini və məqsədlərini əhatə edir.

Yeni konsepsiyanın Avropanın İkinci Dünya Müharibəsindən bu yana yaşadığı ən pis dövrdə qəbul edildi­yini vurğulayan NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, yaranan vəziyyətin təsiri uzun müddət davam edəcək: “Rusiya Avropada sülhü məhv etdi. Biz NATO olaraq, Şərq cinahı­mızdakı varlığımızı gücləndirəcəyik və hərbi qüdrətimizi artıracağıq. NATO soyuq müharibə dövründən bəri ilk dəfədir ki, belə bir plan qəbul edir. Bu, təhlükəsizlik baxımından mühüm mərhələdir. Yeni konsepsiya 2010-cu ildə Lissabonda qəbul edilmiş strateji konsepsiyadan çox fərqlidir”.

Ümumiyyətlə, NATO-nun təhlükə anlayışı kökündən dəyişib. Bəs yeni strateji konsepsiya nə üçün və niyə indi qəbul olundu?

Təşkilatın tarixinə nəzər saldıqda görürük ki, təxminən, hər on ildən bir strateji konsepsiyalar yenilənir. Bu dəyişikliklərin təxmini yenilənmə aralığı alyansın və ya hər hansısa aktorun təhlükəsizlik təhdidlərini və strateji mühiti yenidən qiymətləndirməsini tələb edəcək müddətdir. Belə görünür ki, bu dəyişiklik həm də, İkinci Dünya Müharibəsindən sonra baş vermiş ən böyük müharibə ilə üst-üstə düşdü. Bu səbəbdən, əminliklə söyləmək olar ki, Rusiya–Ukrayna müharibəsi yeni strate­ji konsepsiyanın qəbulu üçün şübhəsiz ki, ən böyük təkan oldu.

NATO-nun təhdid və təhlükəsizlik anlayışlarını kökündən dəyişdiyini göstərən ən mühüm hadisələrdən biri də, uzun illər neytrallığı ilə məşhur olan İsveçrə kimi bir ölkənin Rusiyaya qarşı sanksiyalarda iştirak etməsidir. Bundan əlavə soyuq müharibə dövründə belə bitərəfliyini qoruyan Finlandiya və İsve­çin NATO alyansına qoşulmaq istəməsi Avropanın təhlükəsizlik məsələlərinə daha həssas yanaşdığını, hətta, deyim yerindədirsə, “atını möhkəm dirəyə bağ­lamaq” istəyini göstərir. Beləliklə, elə bir vəziyyət yarandı ki, Rusiya “artıq adi müharibə yoxdur, sərhədlər müharibə yolu ilə dəyişmir” qəlibini kökündən dəyişdi. Belə olan halda İsveç və Fin­landiyanın alyansa daxil olmaq istəməsi anlaşılandır. İddia isə belədir: Biz haradan bilək ki, Rusiya Ukrayna kimi Finlandiyaya və İsveçə girməyəcək? Buna kim zəmanət verir? Təbii ki, bu sual və cavabın konkret olmaması bö­yük geosiyasi narahatlıq yaradıb.

Ümumiləşdirsək, belə bir ortaq məxrəcə gəlmək olar ki, 2022-ci il konsepsiyasını əvvəlki dəyişikliklərdən fərqləndirən ən mühüm məqam Rusiya Federasiyasıdır.

Məlum olduğu kimi, alyansın təhlükəsizlik strategiyaları indiyədək müxtəlif transformasiyalardan keçmiş­dir. Avropanın təhlükəsizlik anlayışı və buna uyğun olaraq inkişaf etdirdiyi strategiyalar da bu transformasiyalara müvafiq olaraq yenilənir.

Yeni konsepsiyalarda fərqlər qədər davamedicilik də önəmlidir. 2010-cu il strateji konsepsiyası çərçivəsində də terrorizm, iqlim və enerji məsələlərində oxşar məqamlar var idi. Qeyd edildiyi kimi, Rusiya alyans üçün ən böyük təhdid obyektinə çevrilib və bu təhdid hələ SSRİ-nin adının zikr edildiyi dövrdəki təhdiddən sonra NATO üçün ən böyük meydanoxumadır. Soyuq müharibə dövründən sonra ilk dəfə bir dövlət hibrit təhdidlər, terrorizm, iqlim dəyişiklikləri kimi mövzuların üstündə birinci sıradadır. Bu, həqiqətən də mü­hüm dəyişiklikdir.

Qardaş Türkiyə də alyansın üzvü kimi məsələlərin içindədir. Türkiyənin alyansdakı ən mühüm dönüş nöqtələrindən biri də İsveç və Finlandi­yanın təşkilata üzvolma müraciətləridir. Türkiyənin NATO-dakı rolunda daim eniş-yoxuşlar olub. İndi isə yeni bir sual yaranır: Bəs indiki mərhələdə yeni kon­sepsiyadan sonra Türkiyənin alyansda­kı rolu nədən ibarətdir?

Əlbəttə, danılmaz faktdır ki, Türkiyə hər zaman ittifaqın ən mü­hüm üzvlərindən biri olub. Soyuq müharibədən sonrakı dövrdə Türkiyənin nisbi strateji rolu bir qədər azalsa da, qardaş ölkə heç vaxt öz əhəmiyyətini itirməyib. Türkiyənin rolunun azalma­sına ən böyük səbəb isə Sovet İttifaqı təhlükəsinin aradan qalxması idi. Qeyd etmək lazımdır ki, Türkiyə alyansın üzvü kimi hər zaman üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib.

Burada 15 İyul hadisələrindən sonra Türkiyə ilə NATO arasında yaşanan gərgin bir dövrdən danışa bilərik. 15 İyuldan sonra bir çox NATO ölkəsinin cəld reaksiya verərək Türkiyədəki qanu­ni hökuməti dəstəkləməməsi gərginliyə səbəb olmuşdu. Bundan əlavə, Türkiyənin Rusiyadan S-400 almasın­dan sonra NATO daxilində Türkiyəyə qarşı tənqidlərin dozası artmışdı. Bütün bunlara baxmayaraq, Türkiyə qətiyyətli siyasətini ardıcıl olaraq davam etdirir.

Qeyd etdiyimiz kimi, 2010-cu ildən bəri Türkiyənin alyansdakı ən mühüm dönüş nöqtələrindən biri Finlandiya və İsveçin vəziyyəti oldu. Burada Türkiyənin nə qədər dəyərli və önəmli, ən əsası həlledici səs hüququna malik olduğu ortaya çıxdı. NATO-nun Türkiyənin təhlükəsizlik prioritetlərini nəzərə almasının zəruriliyi bir daha nümayiş etdirildi. Memorandumun imza­lanması və Türkiyənin təsdiqləməsi isə NATO daxilində Türkiyəyə qarşı mənfi atmosferi dağıdan səbəb oldu.

Yeni təhlükəsizlik strategiyaları elan edildikdən sonra, əslində, gələcəklə bağlı qiymətləndirmə aparılmalıdır. Zənnimizcə, yaranan yeni vəziyyəti dəyərləndirsək və dəyişən strate­ji mühiti, eləcə də strateji təhdidləri nəzərə alsaq, yeni konsepsiyanın uğurlu olduğunu deyə bilərik. Çünki burada yeni reallıqlara aydın adap­tasiya görürük. NATO qarşısındakı ən böyük təhdidin Rusiya olmasın­da qətiyyətlidir. Digər bir tərəfdən Çinin əhəmiyyəti, hibrid təhdidlərin əhəmiyyəti, terrorizmin təhlükə olaraq qorunub-saxlanması, eyni zamanda gələcəkdə problem yarada biləcək iqlim dəyişikliyi kimi problemlərin təhlükəsizlik perspektivlərində yer alması konsepsi­yanın uğurlu olduğunu göstərir.

Hazırladı: İmran ƏLİYEV,

“Xalq qəzeti”

SİYASƏT bölməsi