İnsan hüquq və azadlıqlarının zəmanətçisi olan Konstitusiya Məhkəməsi öz fəaliyyətini günün tələbləri səviyyəsində qurmağa çalışır

SİYASƏT
7 İyul
00:50

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasının iyirmi dördüncü ili tamam olur. Ali konstitusiya ədalət mühakiməsi orqanı olaraq Konstitusiya Məhkəməsinin təsis edilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz görkəmli dövlət xadimi Heydər Əliyevin sədrlik etdiyi komissiya tərəfindən hazırlanmış və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Konstitusiyanın milli hüquq sistemimizə gətirdiyi mühüm yeniliklərdən biri də ölkə tarixində ilk dəfə olaraq konstitusiya nəzarəti institutunun yaradılması olmuşdur.

Əsas Qanunun “Ke­çid müddəaları” hissəsinin 11-ci bəndində Konstitusiya Məhkəməsinin yaradılmalı olması göstərilmişdi. Bu müddəaya əsasən ilk dəfə 1997-ci il oktyabrın 21-də “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respub­likasının Qanunu qəbul edildi və 14 iyul 1998-ci ildə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi rəsmi fəaliyyətə başla­dı. Konstitusiya Məhkəməsinin yaradılması dövlətin konstitusion əsaslarının möhkəmlənməsinə, Konstitusiyanın fəaliyyətdə olan hüquqa çevrilməsinə ilkin zəmin yaratdı.

Bu müddətdə ölkədə həyata keçirilən islahatlar, cəmiyyətin inkişafı Konstitusi­yanın təkmilləşdirilməsini də şərtləndirmiş, 2002, 2009 və 2016-cı illərdə keçirilmiş refe­rendumlar, qəbul edilmiş bir sıra konstitusiya qanunları vasitəsilə Əsas Qanuna insan hüquqlarının müdafiəsi və dövlət idarəçiliyinin səmərəliliyinin artırılmasına yönəlmiş mühüm dəyişikliklər və əlavələr edilmişdir.

2002-ci ildə keçirilən referendum ilə Konstitu­siya Məhkəməsinin əsas səlahiyyətlərini nəzərdə tu­tan Konstitusiyanın 130-cu maddəsinə V, VI və VII hissələr əlavə edilməklə Konstitusiya Məhkəməsinə müraciət etmək hüququ olan subyektlərin dairəsi genişləndirilmişdir. Məhkəmələrin insan hüquq və azadlıqlarının həyata keçirilməsi məsələləri ilə bağlı Azərbaycan Respublikası Konstitusiyasının və qanunla­rının şərh edilməsi məqsədilə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət etmək səlahiyyətinin qəbul edilməsi vahid hüquq tətbiqetmə təcrübəsinin təmin olunmasına və inkişafına mühüm töhfə verən yenilik olmuşdur.

Eləcə də Azərbaycan Res­publikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Konstitusiya Məhkəməsinə sorğu verərək insan hüquq və azad­lıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ aktlarının, bələdiyyə və məhkəmə aktlarının Əsas Qanuna və iyerarxiyada daha üstün olan qanunvericilik aktlarına uyğunluğu məsələsinin həllini reallaşdırmaq imkanı əldə etmişdir.

Həmçinin konstitusiya hü­quqlarının qorunması üçün daha geniş imkanların yaradılması məqsədilə hər kəsin hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ aktlarından, bələdiyyə və məhkəmə aktlarından Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə şikayətlə müraciət etmək hüququ müəyyən olunaraq fərdi şikayət institutunun tətbiqinə başlanılmışdır.

Referendumla Əsas Qanuna edilmiş bu əlavə və dəyişikliklər müvafiq məsələlərin xüsusi qanunvericilik aktları ilə ətraflı tənzimlənməsini zəruri etdi. Bu səbəbdən 2003-cü il dekabrın 23-də “Konstitusiya Məhkəməsi haqqında” Qanun qəbul edildi. Qa­nunda Konstitusiya Məhkəməsinin təyinatı və məqsədi, fəaliyyətinin təşkili və əsasları, konstitusiya icraatının qaydaları, habelə Kons­titusiya Məhkəməsi hakimlərinin yüksək statusuna uyğun ola­raq, onlara maddi və sosial təminatların verilməsi təsbit edildi.

Beləliklə, ölkəmizdə ali konsti­tusiya ədalət mühakiməsi orqa­nının təsis, onun müstəqilliyinin, hakimlərinin sosial təminatının və müdafiəsinin təmin edilməsində xalqımızın ümummilli lideri Heydər Əliyevin xidmətləri danılmazdır.

Ölkəmiz üçün yeni olan bu təsisatın fəaliyyəti, ilk növbədə, qanunvericilik sisteminin Kons­titusiyaya uyğunluğu üzərində nəzarəti həyata keçirmək, hüquq normalarını demokratik dəyərlər işığında şərh etmək, habelə kons­titusiya insan hüquq və azadlıq­larının müdafiəsini təmin etmək yönümündə istiqamətlənmişdir. Konstitusiya Məhkəməsi ali konstitusiya ədalət mühakiməsini həyata keçirməklə, fəaliyyətinin məqsədini Əsas Qanunda öz əksini tapmış təməl prinsiplərin realizəsinin, o cümlədən qanunla­rın aliliyinin, insan hüquqlarının və azadlıqlarının müdafiəsinin təmin olunması təşkil edir. Fəaliyyətə başladığı gündən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi bu ali məqsədə xidmət etmiş və üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışmışdır.

Konstitusiya Məhkəməsinin fəaliyyətinə nəzər yetirdikdə hüquq normalarının məzmununun açıqlanması və təhlil edilməsi, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, cəmiyyətdə hüquq düşüncəsinin inkişafı, konstitusiya hüquqlarının real təmin edilməsi baxımından xüsusilə vurğulanmağa və daha geniş işıqlandırılmağa layiq bir sıra qərarların qeyd edilməsini zəruri sayırıq.

Əsas Qanunun normalarının birbaşa tətbiq edilməsi baxımın­dan böyük əhəmiyyətə malik olan B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr, N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 ap­rel tarixli qərarlarını və s. misal göstərmək olar.

Bu qərarlarda Konstitusiya Məhkəməsinin Plenumu mülki dövriyyə iştirakçılarının hüquq­larının, o cümlədən mülkiyyət hüququnun pozulmasına gətirib çıxaran etibarsız əqdlərlə bağlı iddialara dair məhkəmə baxış­larının əsas istiqamətlərini və qaydalarını müəyyən etməklə bu sahədə çox əhəmiyyətli hüqu­qi mövqe formalaşdırmış oldu. Qərarlarda qeyd olunmuşdur ki, iradə ifadəsinin zədələnməsi (aldatma, məcburetmə (zorakılıq və ya hədələmə və s.) ilə bağlı iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn müqaviləyə qədərki danışıqlar, tərəflər ara­sındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər. O da vurğulanmışdır ki, məhkəmələr əqdin etibarsızlığı ilə bağlı işlərə baxarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənməməli, ağlabatan mühakimə əsasında tərəflərin iradə ifadəsinin həqiqi məzmununu və hüquqi niyyətlərini müəyyən etməlidirlər.

N.Əsədovanın şikayəti üzrə qərarda Konstitusi­ya Məhkəməsinin Plenumu təcrübəsində ilk dəfə olaraq qanunsuz sübut anlayışına da aydınlıq gətirərək, məhkəmələrin əksər hallarda qanunsuz sü­but kimi qəbul etməkdən imtina etdikləri telefon danışığı yazıları­nın və qeydlərinin, əslində, şəxsi toxunulmazlıq hüququna müdaxilə edilmədiyi təqdirdə qəbul edilməli olduğunu müəyyənləşdirdi. Bununla bağlı qeyd olunmuşdur ki, qanunu pozmaqla əldə edil­miş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxu­nulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır.

Odur ki, əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların şəxs tərəfindən xəbərdarlıq edilmədən yazılması və həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə araların­dakı hüquqi münasibətlə bağlı bir-birinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulmuş hallara (qanunu pozmaqla əldə edilmiş sübut­lardan istifadə olunmasına yol verilmir) aid edilə bilməz.

Qeyd edilməlidir ki, Konstitusi­ya Məhkəməsinin fərdi şikayətlər üzrə qərarlarında konkret hü­quqların həyata keçirilməsi ilə bağlı əhəmiyyətli hüquqi mövqelər formalaşdırılır və gələcəkdə həmin qərarlarda əks olunmuş hüquqi mövqelərə zidd qərarların qəbul edilməsini yolverilməz edir.

Hüququn inkişafı və hü­quq tətbiqetmə təcrübəsinin istiqamətləndirilməsi baxımından diqqətəlayiq qərarlardan biri də Azərbaycan Respublikası Ali Məhkəməsinin müraciəti əsasında qəbul edilmiş “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli qərardır. Qeyd olunmalı­dır ki, hüquq normalarının şərh edilməsi ilə bağlı Konstitusiya Məhkəməsinin qərarlarında hü­quqi tənzimləmənin məzmununa və mahiyyətinə aydınlıq gətirilir, dəqiqləşdirilir, şərh edilən nor­manın qanunvericilikdə yeri, habelə ictimai münasibətlərin eyni növünün müxtəlif aspektlərini tənzimləyən digər normalar ilə funksional və başqa əlaqələri müəyyən edilir. Bununla da bir çox hallarda müvafiq hüquq norması­nın tətbiqi ilə bağlı ikili yanaşmala­ra son qoyulur.

Adıçəkilən qərar da çox geniş məzmunlu olmaqla bu­rada, ilk növbədə, mülki hüquq nəzəriyyəsinə, qanunvericiliyin müvafiq normalarına, beynəlxalq təcrübəyə istinadən əqdlərin etibarsızlığı anlayışı müfəssəl şəkildə təhlil edilmiş, etibarsız əqdlərin təsnifatı aparılmışdır. Ən ümdəsi isə qərarda əqdlər üzrə iddialara baxılmasının ilkin qayda­sı və məhkəmə icraatının vəzifəsi müəyyən edilməklə, uzun müddət ərzində məhkəmələr tərəfindən eyni məsələ ilə bağlı iki fərqli məhkəmə aktlarının qəbuluna və nəticədə yaranan qeyri-müəyyənliyə son qoyulmuşdur.

Vurğulanmışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə id­dia olunan subyektiv hüququn ya­ranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq, verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir.

Konstitusiya Məhkəməsinin son bir illik fəaliyyəti dövründə diqqətəlayiq qərarlarından biri də Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında qəbul edilmiş “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 18 aprel tarixli qərardır. Müraciətdə mülki hüquq pozuntusu üzrə zərərvuran – nəqliyyat vasitəsini idarə edən şəxs əmək münasibətlərində olduğu təqdirdə Mülki Məcəllənin 1099-cu və ya 1108-ci maddəsinin tətbiq edilməli olması ilə bağlı məhkəmə təcrübəsində iki fərqli mövqeyin olduğu və va­hid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədi ilə həmin maddələrin əlaqəli şəkildə şərh edilməsinin zəruriliyi göstərilmişdir. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən mülki hüquq nəzəriyyəsində təqsirsiz mülki hüquqi məsuliyyətə aid edilən işəgötürənin öz işçisinin törətmiş olduğu mülki hüquq pozuntusu­na görə daşıdığı məsuliyyətin və yüksək təhlükə mənbəyi sahi­binin məsuliyyətinin müəyyən edilmə səbəbləri və əsasları, tənzimlənmə xüsusiyyətləri ətraflı şəkildə təhlil edilmiş, müvafiq normaların tətbiqi ilə bağlı hüquqi mövqe ifadə edilmişdir ki, bununla da hüquq tətbiqetmə təcrübəsində mövcud olan qeyri-müəyyənliyin aradan qaldırılmasına əhəmiyyətli töhfə verilmişdir.

Qərarda göstərilmişdir ki, təqsirsiz məsuliyyət halında şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaran­mış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir. Belə məsuliyyət növlərindən biri işəgötürənin öz işçisinin törətmiş olduğu mülki hüquq pozuntusu­na görə daşıdığı mülki hüquq məsuliyyətidir.

İşəgötürənin məsuliyyətinin əsasını tapşırıq, əmr və göstəriş-lərinin icrası ilə bağlı görülən işin lazımi qaydada təşkil edilməməsi, tələb olunan diqqət və qayğı­nın göstərilməməsi təşkil edir. Görüləcək işi zehni və fiziki qabiliyyətlərinə uyğun peşəkar şəxslərə (işçilərə) həvalə etmək, zəruri təlimat və tapşırıqlar vermək və icrasına nəzarət etmək obyektiv olaraq işəgötürənin vəzifəsidir. Məhz bu obyektiv vəzifənin lazımınca yerinə ye­tirilmiş olmaması baxımından, habelə iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxsin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi düşüncəsindən çıxış edərək qanunverici işəgötürənin işçisinin vurduğu zərərə görə məsuliyyətə cəlb olunmasını zəruri hesab etmişdir. Məqsəd işəgötürəni onun nəzarəti altında görülən işlərin yerinə yetirilməsi ilə əlaqədar yarana biləcək zərərləri, arzuolunmaz nəticələri önləyici (preventiv) tədbirləri görməyə məcbur etməklə üçüncü şəxsləri, bütövlükdə cəmiyyəti qorumaqdır.

Qanunvericilikdə nəzərdə tutulmuş digər təqsirsiz məsuliyyət növlərindən biri Mülki Məcəllənin 1108-ci maddəsinə uyğun ola­raq yüksək təhlükə mənbəyinin fəaliyyəti nəticəsində vurulmuş zərərə görə yüksək təhlükə mənbəyi sahibinin məsuliyyətidir. Yüksək təhlükə mənbəyinin sahibinin üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyi hü­quq nəzəriyyəsində “təhlükə məsuliyyəti” adlandırılır. “Təhlükə məsuliyyəti” anlayışı cəmiyyətdə elm və texnikanın, sənayenin inkişafı nəticəsində insanların qanunla qorunan mənafelərinin pozulması riskinin də artması ilə əlaqədar formalaşmışdır. Ob­yektiv, fiziki xüsusiyyətlərindən irəli gələrək ətrafdakılara zərər yetirmək təhlükəsi, ehtima­lı yüksək olan əşya, habelə fəaliyyət növü sahibləri təqsirsiz olsalar belə, bu fəaliyyətdən, əşyanın istifadəsindən irəli gələn zərərlərə görə məsuliyyət daşı­yırlar. Qanunverici ətrafdakılar üçün təhlükəli olan əşyanın sahibinin və ya fəaliyyət növü ilə məşğul olan şəxsin bu təhlükədən məlumatlı olmasına baxmaya­raq, riski öz üzərinə götürərək, əşyadan istifadə etməsi və ya fəaliyyət növü ilə məşğul olma­sı səbəbindən üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyinin də onun üzərinə qo­yulmasını məqsədəmüvafiq hesab etmişdir. Yüksək təhlükə mənbəyi sahibinin məsuliyyətinin əsasını təqsir deyil, sahiblik etdiyi əşyanın və ya fəaliyyətin təhlükəliliyi təşkil edir.

Konstitusiya Məhkəməsi Ple­numunun həmin qərarında delikt öhdəliyinin qeyd edilən növləri ilə bağlı sərgilədiyi hüquqi təhlilin mü­vafiq normaların mahiyyətinin dərk edilməsi və düzgün tətbiqi baxı­mından nəinki hüquqtətbiqedənlər, həm də bütövlükdə hüquq ictimaiyyəti, gənc hüquqşünaslar və tələbələr üçün çox əhəmiyyətli olduğu qənaətindəyik.

Konstitusiya Məhkəməsi bəzən qəbul etdiyi qərarlarda hüququn təməl prinsiplərinə, Konstitusiya­nın aliliyinə əsaslanaraq, müvafiq qanunvericiliyə dəyişikliklərin həyata keçirilməsinə dair təklif və tövsiyələr də verir. Məsələn, Balakən Rayon Məhkəməsinin iddia müddətinin keçməsi ilə əlaqədar ipotekaya xitam verilib-verilməməsi məsələsi ilə bağlı müraciəti üzrə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qa­nununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 11 fevral ta­rixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu mövcud qanunvericilikdən çıxış edərək belə qənaətə gəlmişdir ki, əsas tələb üzrə iddia müddəti keçdiyi halda əlavə tələb olaraq ipotekaya məcburi tutma yönəldilə bilməsə də, ipotekaya xitam verilmir və ipoteka predmetinin yüklülüyü davam edir.

Qərarda o da göstərilir ki, müraciətdə qaldırılan məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu bir sıra ölkələrin təcrübəsini araşdıraraq müəyyən etmişdir ki, bəzi ölkələrin qanunvericiliyində ipoteka üzrə tələbə iddia müddətinin şamil edilmədiyini nəzərdə tutan xü­susi norma nəzərdə tutulmuşdur (Türkiyə Respublikası, İsveçrə Konfederasiyası və s.). Odur ki, mülki dövriyyənin davamlılığının, qanunvericiliyin müəyyənliyinin təmin edilməsi və əşya hüququna malik olan subyektlərin hüquqları­nın təminatı məqsədi ilə gələcəkdə belə tənzimetmənin ölkəmizdə də qanunverici tərəfindən tətbiqi nəzərə alına bilər.

Qeyd edilməlidir ki, ölkədə gedən ictimai proseslər, sosial-iqtisadi dəyişikliklər, o cümlədən elm və texnikanın inkişafı da­vamlı olaraq məhkəmə-hüquq sistemində də dövrün tələbinə uy­ğun dəyişikliklərin edilməsini zəruri edir. Hüquq sisteminin fəaliyyətinin müasir və mütərəqqi prinsiplər əsasında təkmilləşdirilməsindən bəhs edərkən 2019-cu il aprelin 3-də Azərbaycan Respublika­sının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmanı qeyd etmək lazımdır. Həmin fərman ədliyyə və məhkəmə sisteminin gələcək inkişafının əsas istiqamətlərini müəyyən etməklə məhkəmələrin işinin müasir tələblərə uyğun qurulması, onların fəaliyyətində şəffaflıq və açıqlıq prinsiplərinin rəhbər tutulması, infrastruktu­run təkmilləşdirilməsi, hakim və məhkəmə aparatı işçilərinin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində mühüm müddəa və göstərişləri əks etdirir.

Dövlət başçısının rəhbərliyi ilə ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə aparılan islahatlar nəticəsində ölkənin məhkəmə sistemi daha da təkmilləşib, yeni məhkəmələr təsis olunub, məhkəmə-hüquq sistemi­nin cəmiyyət üçün daha əlçatan olmasına dair mühüm addımlar atılıb.

Əminik ki, möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun rəşadəti nəticəsində ölkəmizin ərazi bütövlüyü təmin olunmuş, Azərbaycan Respublikasının yeni tarixi dönəmində hüquqi, demok­ratik dövlət və vətəndaş cəmiyyəti quruculuğu sahəsində uğurlar bundan sonra da davam edəcək və insan hüquq və azadlıqlarının zəmanətçisi olaraq Konstitusiya Məhkəməsi bu uğurlara öz layiqli töhfəsini verəcəkdir.

Rəna ABBASOVA,

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Aparatı Konstitusiya hüququ şöbəsi müdirinin müavini,

dövlət qulluğunun baş müşaviri

 

 

SİYASƏT bölməsi