Azərbaycan dünyada sülhün və dayanıqlı inkişafın təşviqinə öz töhfəsini verir

SİYASƏT
7 İyul
00:29

Prezident İlham Əliyevin bugünlərdə Qoşulmama Hərəkatı Parla­ment Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransındakı çıxışı beynəlxalq aləmdə də maraqla izlənilib. Azərbaycan parlamentinin səkkiz il ərzində sabiq bir üzvü kimi par­lament diplomatiyasının və parlamentlərarası münasibətlərin necə önəm daşıdığı bir daha diqqətə çatdırılıb. Dövlət başçımız qeyd edib ki, parlament diplomatiyası, son vaxtlar onun artan rolu, xarici siyasət və beynəlxalq münasibətlər məsələlərinə cəlb olunması ilə inkişaf etdirilməsi, diplomatiyanın mühüm perspektivli və alternativ forması kimi aktuallıq kəsb etməsi ilə bağlıdır.

İkinci Dünya müharbəsinin bitməsinin ardından hərbi-siyasi bloklaşmala­rın acı fəsadları fonunda sülhün və təhlükəsizliyin əhəmiyyətini daha dərindən dərk edən dünya dövlətləri hərbi bloklara qoşulmama ideyası ətrafında birləşməyə meyil etdilər. Təməlində sülh, multilateralizm və qlobal həmrəyliyin möhkəmləndirilməsi daya­nan Qoşulmama Hərəkatının prinsipləri ilə Azərbaycanın xarici siyasətində prinsipial dəyərlərin eyniliyi BMT-dən sonra dünya dövlətlərinin toplandığı ikin­ci mötəbər qurumla münasibətlərimizin daha da dərinləşdirilməsində əsas fun­damental amil oldu.

Azərbaycan Qoşulmama Hərəkatı ilə münasibətlərini milli təhlükəsizlik maraqları kontekstində qurub. Çünki enerji siyasətimiz kimi xarici siyasətimiz də çoxvektorludur. Heç şübhəsiz ki, bu siyasət də Azərbaycana müxtəlif güc mərkəzləri arasında özünün milli maraq­larından çıxış edərək manevrlər etmək imkanı yaradır. Azərbaycanın nümunəvi sədrliyi ilə irəli sürdüyü təşəbbüslər müxtəlif tarixi, siyasi və mədəni inki­şaf yoluna malik 120 ölkəni özündə birləşdirən Qoşulmama Hərəkatına nüfuz qazandırır. Məhz bu effektiv rəhbərliyə görə, 120 ölkənin yekdil qərarı ilə Azərbaycanın sədrlik müddəti 2023-cü ilin axırına kimi uzadıldı. Bu faktın özü dünya siyasi arenasında Azərbaycanın çəkisinə, onun liderinin şəxsi nüfuzuna verilən yüksək dəyərin əyani təzahürüdür.

Böyük ədalətsizliklərlə üzləşsək də, millətimiz etnik təmizləməyə, torpaqlarımız barbarlıq və vandalizmə məruz qalsa da, dövlət başçımızın çıxışında Azərbaycanın, sadəcə, regi­onal məsələlərə deyil, həm də qlobal məsələlərə həssas yanaşdığı, onlarla bağlı öz mövqeyini nümayiş etdirdiyi diqqətə çatdırıldı. Bu baxımdan dünyaya verdiyimiz mesajlar sülh, təhlükəsizlik və ədalətin təntənəsi üçün bütün vasitələrdən istifadə edən dövlət olmağı­mız haqqında beynəlxalq ictimaiyyətdə rəy yaratdı. Peyvənd millətçiliyinə qarşı mübarizəmiz, düşünürəm ki, dünya dövlətlərinin nümunə götürməli olduğu məsələdir. Ölkələrə dəstək, tibbi və humanitar yardımla bağlı Ümumdün­ya Səhiyyə Təşkilatının Azərbaycanın yaratdığı məlumat bazasından istifadə etməyə başlaması dövlətimizin bu məsələlərdə sistemli, koordinasiyalı, ef­fektiv və nəticə etibarilə bütün bəşəriyyət üçün faydalı siyasət yürütməsindən xəbər verir.

Bir tərəfdə imici yüksək olan, sülhü təşviq edən Azərbaycan, digər tərəfdə isə işğalçı siyasət yürüdən Ermənistanın imici də Qoşulmama Hərəkatına üzv dövlətlərə yaxşı məlumdur. Məhz buna görə də BMT Təhlükəsizlik Şurası səviyyəsində Azərbaycanın əleyhinə olan qətnamənin qəbul olunmasına Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan, Qoşulmama Hərəkatında təmsil olunan dövlətlərin anti-Azərbaycan mahiyyətli bəyanatı bloklaması, ölkəmizin QH ilə bu qədər sıx təmasının təməlində uzaqgörən siyasətin icra edildiyindən xəbər verir.

Dövlət başçımız haqlı olaraq Ermənistanın beynəlxalq hüququ heçə sayması, ona qarşı sanksiyaların olma­masını beynəlxalq riyakarlıq adlandırdı. Məhz bu amil Ermənistanın qanunsuz əməllərinə rəvac verir, işğalçını daha da həyasızlaşdırırdı. Bu reallığın tərkibində isə nə “status” var, nə də ATƏT-in Minsk qrupu. Bunu Ermənistan da, ona ha­vadarlıq edən, gerçəkliyi görməyə süni maneələr yaradan qüvvələr də aydın dərk etməlidir.

Dünyada baş verən hazırkı hadisələr fonunda dövlət başçımız hər zaman dünya dövlətləri arasında həmrəyliyin gücləndirilməsi məsələsinə diqqət çəkir. 2011-ci ildə Qoşulmama Hərəkatına üzv olduqdan bəri Azərbaycan dövlətlər ara­sında həmrəylik, qarşılıqlı dəstəyə önəm verən, eyni zamanda, ərazi bütövlüyü, suverenlik, müstəqillik, bir-birinin daxili məsələlərinə müdaxilə etməmək kimi Bandunq prinsiplərini hər zaman yeganə əsas kimi qəbul edir. Azərbaycan Prezidenti bütün beynəlxalq platforma­larda dünya dövlətlərini beynəlxalq hü­ququn aliliyinin əsas götürülməli olduğu­na, qlobal qütbləşmənin, müharibələrin, münaqişələrin olduğu bir vaxtda həm də ərazi, enerji, humanitar böhranlarla əlaqədar olaraq həmrəylik və vahid möv­qenin birləşdirilməli olduğuna hər zaman böyük diqqət ayırır.

Qısa zaman çərçivəsində dövlət başçımızın dünya siyasi arenasına yaxından bələd olması və şəxsi nüfuzu sayəsində dövlətimizin böyük etimad və hörmət qazandığı qədər hərəkatın da dünyada nüfuzunun artmasında Azərbaycan əhəmiyyətli rol oynadı. Sədrlik müddətinin daha bir il uzadılma­sı isə məhz Azərbaycanın fəaliyyətinin ən yüksək formada dəyərləndirilməsi oldu. Qalib ölkə olmaq, sonra isə təşəbbüskarlığı əldə saxlamaq asan məsələ deyil. Azərbaycan isə atdığı hər addımda bunu uğurla icra edir.

Şəbnəm HƏSƏNOVA,

politoloq

SİYASƏT bölməsi