Azərbaycan Vəkillər Kollegiyası nüfuzlu beynəlxaq quruma üzv seçilib

SİYASƏT
7 İyul
00:17

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası qeyri-dövlət, müstəqil, özünü idarəedən və bütün vəkillərin daxil olduğu təşkilatdır. Qurum Azərbaycan SSR-in 13 noyabr 1980-ci il tarixli qanunu ilə təsdiq edilən “Azərbaycan SSR vəkilliyi haq­qında Əsasnamə” ilə fəaliyyət göstərən Vəkillər Kollegiyasının hüquqi varisidir. Kollegiyanın əsas vəzifəsi hər bir şəxsin hü­quq və azadlıqlarının, qanunla qorunan mənafelərinin müdafiə edilməsindən, onlara peşəkar, yüksək keyfiyyətli, vicdanlı hüqu­qi yardım göstərilməsini həyata keçirməkdən, vəkillik peşəsinin nüfuzunu yüksəltməkdən ibarətdir.

Ümummilli lider Heydər Əliyevin 1999-cu il dekabrın 28-də imzaladığı “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunla bu təşkilat tam müstəqil şəkildə, hakimiyyətin heç bir qolundan asılı olmayan bir institut kimi formalaşıb və təşəkkül edib. Hazırda fəaliyyət göstərən Azərbaycan Respublikasının Vəkillər Kollegiyası isə 2004-cü il noyabr ayının 3-də təsis olunub.

Onu da xatırladım ki, Azərbaycan Prezidentinin “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 21 fevral 2018-ci il tarixli sərəncamında Vəkillər Kollegiyasının binalarla təmin olunması, dövlət hesabına göstərilən hüquqi yardıma görə müəyyənləşdirilən məbləğin 3 dəfə artırılması və bu sahənin inkişafı ilə bağlı digər məsələlər öz əksini tapıb.

Son illər ərzində Azərbaycan Vəkillər Kollegiyasının həyata keçirdiyi uğurlu fəaliyyət həm vəkillik institutunun dövlətdaxili ədalət mühakiməsi müstəvisində öz yerinin möhkəmlənməsinə, cəmiyyət tərəfindən müstəqil və insan hüquqlarının təminatçısı kimi dəyərləndirilməsinə, həm də beynəlxalq ikitərəfli və çoxtərəfli əməkdaşlığının genişlənməsinə müsbət təsir göstərib. Təsisatın səmərəli işinə vəkillərin (hüquqşünasların) aparıcı beynəlxalq birlikləri tərəfindən müsbət yanaşılıb və dəyərləndirilib.

Hazırda Azərbaycan Vəkillər Kollegiyasının Avropada fəaliyyət göstərən ixtisaslaşmış qurumlarla şaxəli beynəlxalq əməkdaşlıq əlaqələrinin dərinləşməsində müsbət dinamika nəzərə çarpır. Bu il may ayının 16-da adı çəkilən qurumun İrlandiyanın paytaxtı Dublin şəhərində keçirilən Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasının (CCBE) plenar iclasında Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının həmin təşkilata üzvlüyə qəbul edilməsi də bunun bariz ifadəsidir. Azərbaycan Vəkilliyinin beynəlxalq müstəvidə fəaliyyət göstərən CCBE tərəfindən tanınması həm də aparılan islahatların daha da dərinləşməsini və kollegiyanın nüfuzunun artmasını şərtləndirir.

Qeyd edim ki, CCBE Avropa Şurası və Avropa İttifaqına üzv olan bütün ölkələrin vəkillər kollegiyalarını birləşdirən ən nüfuzlu təşkilatdır. Dörd illik məhsuldar fəaliyyətin nəticəsi olaraq, Vəkillər Kollegiyası bu təşkilat tərəfindən müstəqil peşə birliyi olaraq rəsmən tanınaraq, gərgin müzakirələrdən sonra böyük səs çoxluğu ilə nüfuzlu quruma üzv seçilərək hazırda fəaliyyətini uğurla davam etdirir.

Yeri gəlmişkən, sözügedən təşkilat Avropa Şurası və Avropa İttifaqına üzv olan 46 ölkənin vəkillər kollegiyalarını birləşdirir. Azərbaycan Vəkillər Kollegiyasının CCBE-yə qəbul edilməsi beynəlxalq əlaqələrin qurulmasında mühüm önəm daşıyır.

Bir milyondan artıq hüquqşünası birləşdirən CCBE Avropa və digər beynəlxalq qurumlar qarşısında ümumi maraqlar naminə Avropa vəkilləri və hüquq cəmiyyətlərini təmsil edir, həmçinin müntəzəm olaraq öz üzvləri ilə Avropa institutları, beynəlxalq təşkilatlar, eyni zamanda, dünyanın digər hüquqi təşkilatları arasında fəal əlaqə rolunu oynayır.

Peşənin tənzimlənməsi, qanunun aliliyi, insan hüquqlarının və demokratik dəyərlərin müdafiəsi CCBE-nin ən mühüm missiyalarıdır. Xüsusi narahatlıq doğuran sahələrə ədalət mühakiməsinə çıxış hüququ, ədalət mühakiməsi proseslərinin rəqəmsallaşdırılması, qanunun aliliyinin inkişafı, peşənin əsas dəyərlərinin təbliği və müdafiəsi vasitəsilə müştərinin müdafiəsi daxildir. CCBE, həmçinin müasir ünsiyyət vasitələrindən istifadə etməklə Avropa vətəndaşlarının ədalət mühakiməsinə çıxışını yaxşılaşdırmaq üçün çatımlılığı artırmaq və kömək etmək məqsədi daşıyır.

Göründüyü kimi, ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən vəkillər kollegiyalarının CCBE üzvlüyünə qəbul edilməsi meyarları sırasında vəkillik peşəsinin və məhkəmə sisteminin müstəqilliyi, vəkil-müştəri məxfiliyi, ədalət mühakiməsinə çıxış, qanunun aliliyi, habelə bütün vəkillərin təqib və maneə olmadan öz peşələrini sərbəst şəkildə reallaşdırmaq imkanı əsas yer tutur. Buna görə də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının CCBE-yə üzv qəbul edilməsi bu şəraitin artıq respublikamızda mövcudluğunu göstərir və bundan sonra üzvlük statusunun yüksəlməsinə öz töhfəsini verəcəyinə əsas yaradır.

CCBE-yə üzvlük Azərbaycan Vəkillər Kollegiyasının gələcək inkişafını gerçəkləşdirməklə yanaşı, həmin təsisatın müzakirə masalarında yaxından iştirak etməsini, faydalı birgə layihələrin həyata keçirilməsini, insan hüquqlarının müdafiəsinə yönəlmiş beynəlxalq müdafiə mexanizmlərinə çatımlılığın reallaşdırılmasını, vəkillik peşəsinin dəyərlərinin qorunmasını və nəticə etibarı ilə insan hüquqlarının müdafiəsini daha da möhkəmləndirəcəkdir.

Bu təşkilata üzvlük Azərbaycan vəkillərinin avropalı vəkillər və hüquq cəmiyyətləri ilə əməkdaşlıq imkanlarının genişləndirilməsi, onların peşə hazırlığının artırılması, avropalı həmkarları ilə təcrübə mübadiləsinin aparılması imkanlarının artmasına da əlverişli şərait yaradacaq.

Azərbaycan Vəkillər Kollegiyası ölkəmizdə vəkillik institutunun inkişafında mühüm rol oynamaqla bərabər, həm də artıq beynəlxalq arenada tanınır. Belə ki, 2019-cu ildə bu təşkilatla Birləşmiş Krallığın vəkillər birliyi olan Hüquq Cəmiyyəti arasında əldə olunan razılığa əsasən, Azərbaycan Vəkillər Kollegiyasının hər bir üzvünün Böyük Britaniyada vəkilliyə qəbul üzrə müvafiq imtahan verməklə İngiltərə və Uels ərazisində vəkillik fəaliyyəti ilə məşğul olmaq imkanı əldə etməsi bunun əyani nümunəsidir.

Onu da qeyd edim ki, respublika Vəkillər Kollegiyasının CCBE-yə üzvlüyünə aparan uğulu yol Azərbaycanda həyata keçirilən ardıcıl hüquqi islahatlar, vəkillik institutunun təkmilləşdirilməsi istiqamətində dövlət səviyyəsində atılan ciddi addımlar və mütərəqqi təcrübəyə söykənən səmərəli fəaliyyətlə müşayiət olunur.

Kollegiyanın belə bir nüfuzlu beynəlxalq quruma üzvlüyə qəbul olunmsı, eyni zamanda, böyük diplomatik uğurdur. Bu nailiyyətin əldə edilməsində 2017-ci ilin dekabr ayından Vəkillər Kollegiyasının sədri seçilən Anar Bağırovun yüksək idarəçiliyi ilə reallaşdırılan mütərəqqi islahatların da önəmli rolu danılmazdır.

Yeri gəlmişkən, son illərdə Vəkillər Kollegiyasının tərkibinin genişlənməsi, vəkillərin sayının artırılması diqqət mərkəzində saxlanılıb. Bununla bağlı diqqəti bir fakta yönəltmək istərdim. Belə ki, 2005-2017-ci illər ərzində vəkilliyə qəbulla bağlı keçirilən 5 yazılı test imtahanı nəticəsində 575 namizəd uğur qazanaraq Kollegiya üzvlüyünə qəbul olunub. Qeyd edim ki, 2017-ci il üçün vəkillərin ümumi sayı 931 nəfər təşkil edib. 2018-2022-ci illər arasında isə keçirilən 9 yazılı test imtahanlarının nəticəsində 1303 nəfər ixtisas imtahanlarını uğurla başa vuraraq icbari təlimə cəlb olunub. Bununla da Azərbaycanda vəkillərin ümumi sayı 2237 nəfərə çatıb.

Xatırladım ki, artıq üzv ölkələrin iştirakı və Bolqarıstan Ali Vəkillər Kollegiyası Şurasının (BAVKŞ) evsahibliyi ilə ötən ayın 22-24-də CCBE komitələrinin iclasları keçirilib. Azərbaycan Vəkillər Kollegiyası isə sədr Anar Bağırov, Rəyasət Heyəti üzvü Elçin Usub və aparat rəhbəri Bayram Orucov tərəfindən təmsil olunub.

Prezident İlham Əliyevin vəkillik təsisatına verdiyi önəm, göstərdiyi diqqət və qayğının nəticəsi olaraq, Azərbaycan Vəkillər Kollegiyası öz işini müasir beynəlxalq standartlar səviyyəsində qurması üçün bütün imkan və bacarıqlarını səfərbər edərək səmərəli fəaliyyət göstərir.

Ümumiyyətlə, son illərdə məhsuldar və əzmkar iş zəminində bu təşkilatda aparılan islahatlar nəticəsində Azərbaycan Vəkillər Kollegiyasının nüfuzlu beynəlxaq qurum olan CCBE-yə üzvlük statusu respublikamız­da vəkil təsisatının zamanın tələblərinə uyğun qurulmasının, ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlərin, bu sahədə gerçəkləşdirilən mütərəqqi islahatların dünya birliyi tərəfindən tanınması və təqdir edilməsinin məntiqi nəticəsidir. Bir sözlə, Azərbaycan Vəkillər Kollegiyasının Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasına üzv seçilməsi, bütövlükdə, Azərbaycan vəkillərinin parlaq uğurudur.

Rəna MƏMMƏDOVA,

 Bakı şəhəri 2 saylı Vəkil Bürosunun müdiri

SİYASƏT bölməsi