Avropa İttifaqı Rusiya ilə müharibəyə girmək niyyətində deyil

XARİCİ XƏBƏRLƏR
6 İyul
23:40
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel bəyan edib ki, təşkilat Rusiya ilə müharibəyə girmək niyyətində deyil. Bu barədə o, Yomiuri qəzetində dərc edilmiş məqaləsində bildirib. Məlumatı Lenta.ru verib.

Borrel qeyd edib ki, Ukraynada həyata keçirilən xüsusi hərbi əməliyyata əsas cavab Rusiyaya qarşı sanksiyaları qüvvədə saxla­maq və davam etdirməkdir. Onun fikrincə, bu məhduddiyyətlərin effekti get-gedə artacaq.

Avropa İttifaqı rəsmisi özünün məqaləsində təsdiq edir ki, Rusiyanın Avropa və ABŞ-da is­tehsal olunan texnologiyalardan asılılığı Çin is­tehsalı olan texnologiyalardan altı dəfə çoxdur. Ona görə də, diplomat hesab edir ki, hazırda tətbiq olunmuş məhdudiyyətlər şəraitində al­ternativ Çin məhsulları Rusiya iqtisadiyyatının tələbatını ödəyə bilməyəcək.

Bundan əlavə, Borrel belə bir məsələyə də diqqət çəkib ki, mövcud sanksiyalar səbəbindən Rusiyanın yüksəkdəqiqlikli “İskəndər” və X-101 raketlərini istehsal etmək imkanı da məhdudlaşıb.

Avropalı diplomat əlavə edib: “Neft hasilatı sahəsində təkcə xarici şirkətlərin getməsi ilə problem bitmir, həm də üfqi qazma kimi qabaqcıl texnologiyalardan istifadə sahəsində vəziyyət kifayət qədər çətindir”.

Xatırladaq ki, Avropa İttifaqı Rusiyaya qarşı artıq 6-cı sanksiyalar paketini qəbul edib. Sonuncu paket Aİ ölkələrinin 6 ay ərzində Rusiyadan neft idxalından, 8 ay ərzində isə neft məhsullarının idxalından imtina etməsini nəzərdə tutur.

Aİ-nin yeni sanksiyaları Rusiya Fede­rasiyasından dəniz yolu ilə daşınan neftin mərhələli şəkildə dayandırılmasını da ehtiva edir. Boru kəməri ilə Rusiyadan neft idxalına isə müvəqqəti istisna tətbiq olunub.

Bundan başqa, altıncı sanksiyalar paketinə “Sberbank”, “Rosselxozbank” və Moskva Kredit Bankının SWIFT-dən ayrılması və Rusiyanın RTR/RTR Planeta, Rossiya 24, TV Center-Beynəlxalq telekanallarının Avropada yayımının qadağan olunması da daxildir.

Paşa ƏMİRCANOV,

“Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi